Hər şeyin təqsiri turistlərdədir

Baxın, əziz həmvətənlər biz demokratiya qura bilməmişik deyə, avtoritar rejimdə yaşayırıq deyə, aşağılandığımızı, heç öz evimizə özümüzün cavabdeh ola bilməməyimizi etiraf edə bilmirik.

Source: Meydan TV


Kütlə həmişə onu idarə edənlərə oxşayır

Azərbaycanın gözəl dövrü var idi. Çox uzaq keçmişdə deyil. Təxminən 3-4 il əvvələ qədər. O zaman hər şey gözəl idi. Şad-xürrəm yaşayırdıq. Küçələrimiz zibillənmirdi. Fahişəlik yox idi. Hamı bir-biri ilə mehriban davranırdı. Kim istəsə, otellərə gedə bilirdi. Ailəsi ilə rahat-rahat dincəlirdi. Kim istəsə, icarəyə maşın götürür, maşınları tər-təmiz gətirib təhvil verirdi. Satıcılar, xidmət sektorunun işçiləri müştərilərinə “can” deyirdi, əvəzində “hay can” eşidirdi.

… Amma zalım fələyin üzü dönsün, 3-4 il əvvəl ölkəmizə, bu şad, firavan, xoşbəxt respublikamıza bir bəla göndərdi – ərəblər. Yox, bu, ordu deyildi, heç biz də Babək-zad deyilik. Bunlar sadəcə turistlər idilər. Onlar gəlib, hər yeri zibilləməyə, insanları söyməyə, hamını seks işçisi hesab etməyə başladılar.

Biz də özümüzü saxlaya bilmədik, qadınlarımız ərəbləri görən kimi özlərini buraxdılar, xeylisi seks işçiliyinə başladılar, zibillər dizə qalxdı, satıcılar, xidmət sektorunun işçiləri dəliyə döndülər, hamıya kobudluq etməyə başladılar, tutub, azərbaycanlı müştərilərini döydülər…

… Bir dəqiqə. İnanan olar. Təbii ki, belə deyil. Biz sadəcə özümüzü yuxarıda yazıldığı kimi aparırıq, daha doğrusu, özümüzü inandırırıq ki, hadisələr məhz belə cərəyan edir. Ərəb turistlərin gəlməsi ilə ölkəmizdə çox şey dəyişməyib, hətta heç nə dəyişməyib də demək olar. Biz əvvəlki kimi hüquqsuz, məzlum kütləyik. Xasiyyətimiz də olduğu kimi qalır. Seks işçilərimiz də əvvəldə var idi, yenə də var.

Bu seks işçiliyi məsələsi ayrıca bir mövzudur, bir balaca toxunum burada. Camaat narazılıq edir ki, onlar niyə xidmətlərini ictimai yerdə təklif edirlər. Məsələ burasındadır ki, seks işçilərinin ictimai yerdə xidmət təklif etmələri Azərbaycanda yeni ortaya çıxmış hal deyil. Avropa mehmanxanasının qabağı, “Tarqovı”nın pritonlarının qabağı (yəni küçədə) və s. yerlərdə bu alver olub həmişə. Bizi narahat edən məsələ seks işçilərinin ictimai yerdə xidmət təklif etmələri deyil, bu xidməti məhz ərəblərə təklif etmələridir. Onlar xidmətlərini öz kişilərimizə təklif etdikləri müddətcə o qədər də qınağa məruz qalmırdılar. İndi isə kişilər bunu həzm edə bilmir – “Nolub, mənim pulum azdır deyə, kişiliyimə şübhən var?”. Elə qadınlarımız da həmçinin – “Mənim kişim ərəbin kişisinin nəyindən əskikdir? Gəl, mənim ərimə təklif elə”. Qürur məsələsidir.

Bir də bizim mentalitetdə bizi idarə edən qapalı siyasi rejimə mütənasib olaraq, bir problem də var – qeyri-səmimilik. Rüşvətə “hörmət” deyilməsi kimi yəni. Rüşvəti verəndə gərək cibinə basasan, zərfdə verəsən, hiss elətdirməyəsən. Bu, kameraya düşmək qorxusundan irəli gəlmir. 90-cı illərdə və ya daha əvvəl kamera-zad da yox idi, hər yeri çəksin. Onda da rüşvət beləcə gizli verilirdi. Çünki rüşvətin ayıb olduğunu bilirlər və bunu verməyin də, almağın da insanı alçaltdığını bilirlər, sabah bir məclisdə üz-üzə gələndə rüşvət verilərkən (alınarkən) gördükləri o sifəti görmək istəmirlər, ona görə də korrupsiya prosesində bir-birlərinin üzünə baxmırlar. Düzdür, ölkəyə neft pulları axandan sonra bu “mədəniyyət”in, “etika”nın xeyli zəiflədiyi görünür. Çünki məsələ artıq cibə basılan 3-5 manatdan getmir, söhbət milyonlardan, bəzən milyardlardan gedir. Artıq qırmızı-qırmızı alırlar, verirlər, sabah da məclisdə bir-birlərinin üzünə irişirlər, bilirlər ki, indi öpüşüb görüşdüyü dünən hansı rəzilliyi etmiş adamdır.

Seks işçiliyinə münasibətdə də beləyik. Gizli olsun. Arxada olsun, zirzəmidə olsun, qapalı olsun, qaranlıq olsun, üzlər görünməsin. Bilək, amma etiraf etməyək. Ümumiyyətlə, seksə münasibət belədir Azərbaycanda. Qaranlıqda, klassik pozada, kişi orqazm olana qədər sevişmək – Azərbaycan ailələrinin əksəriyyətinin seksə yeganə leqal münasibəti budur. Qadın təmin ola bilmir, qaranlıq olduğuna görə kişi də təmin ola bilmir (kişilər üçün qadının üzünə baxmaq həlledici məsələlərdən biridir), nəticədə həm qadın, həm də kişi xəyanətə meylli olur. İlleqal, “underground” hissə isə daha maraqlı olur. Dubaya, Türkiyəyə on minlərlə qadın satılır, sonra o qadınlar qayıdıb, mentaliteti dişləri-dırnaqları ilə müdafiə edib, “namuslu ailə həyatı” qururlar. Azərbaycanda əsas məsələ gəlinin bakirə olması deyil, onun bakirə hesab olunmasıdır. Yəni nə edirsən, et (oral, anal, tikilmə və s.), əsas odur, xalq səni bakirə bilsin. Bilirsiniz də, Azərbaycan tərbiyəsində seksə yer yoxdur. Ata-ana özlərini elə aparırlar ki, sanki seks adlı şey onların evinin 10 km radiusuna yaxın düşə bilməz. Biz uşaq olanda məhlədə 2 qardaş var idi, 8-10 yaşlarından siqaret çəkirdilər. Bir dəfə uşaqlar arasında belə söhbət yayılmışdı: “Bilirsiniz, onlar niyə siqaret çəkir?! Bir dəfə dərsdən evə tez gəliblər, görüblər ki, atası ilə anası çarpayıda “güləşirlər””. Bu, dərddən siqaret çəkmək anlamına gəlmir. Bu, o deməkdir ki, seks, siqaret – bunlar çox iyrənc, dəhşətli, özgə şeylərdir, ziyandır, adamı öldürür. Seks Azərbaycanda fahişə işidir. Ailədə belə şey ola bilməz.

Bir sözlə, əsas gizlətməkdir, yalan danışmaqdır. Seks işçisinin yanına gedirsən, get, ama heç kim bilməsin. Rüşvət alırsan, verirsən, al, ver, amma heç kim bilməsin. Küçəyə zibil atırsan, at, amma heç kim bilməsin… Azərbaycanda üzdə pis deyə qəbul olunmayan hər şeyi gizlində etmək olar, nəinki olar, hətta etməlisən, yoxsa nakişi olarsan, həyasız ləçər olarsan.

Bəli, həmvətənlər, bizim ölkəni bu günə qoyan ərəblər deyillər. Biz əvvəldən bugündəyik, sadəcə indi çoxlu ərəb var, günah keçisi tapmışıq. Yükləyirik hamısını onların üstünə. Ərəblər də bizim bu qeyri-səmimilik “etika”mıza riayət etmirlər. Kim tanıyır ki, onları burada?! İndiyə qədər gördüyümüz turistlər avropalılar, ruslar, İran azərbaycanlıları idi. Sonuncular özümüzünkülər idi, çox da təqsirləndirə bilmirdik. Ruslar bizdən daha mədəni sayılır, ən azı onların dilində danışmaq lüksdür bu şəhərdə. Avropalılar isə avropalıdır da. Biz yarımçıqlığımızı, alçalmağımızı kimi aşağılayaraq, kompensasiya edək bəs? Nəzarətimizdə olan ərazidə erməni də qalmayıb ki, ataq onların üstünə. Bıy, bu moment ərəblər çıxdı ortaya. Budan gözəl fürsət?! At bütün təqsirləri onların üstünə. Nə avropalıdır, nə rusdur, nə yaratdığı yüksək mədəniyyəti tanıyırıq, nə də çəkinəcəyimiz bir şey var. Bir-iki turist də davranışı ilə ələ bəhanə verdisə, vəssalam, 300 milyonluq etnosu söy, getsin, əsas odur, özün təmiz görün.

Baxın, əziz həmvətənlər biz demokratiya qura bilməmişik deyə, avtoritar rejimdə yaşayırıq deyə, aşağılandığımızı, heç öz evimizə özümüzün cavabdeh ola bilməməyimizi etiraf edə bilmirik. Ona görə də hamımız qeyri-səmimiyik. Üzdə bir cür, əslində başqa cür. Çünki bizi idarə edən rejim də belədir, imitativdir. Bu isə qızıl qaydadır ki, kütlə həmişə onu idarə edənlərə oxşayır. Hətta fərdən. Azərbaycanlıların əksəriyyəti İlham Əliyevi yamsılayır – hətta müxalifətçi olmaq da bunu dəyişə bilmir. Bu qədər individualdır bu qızıl qayda. Necə ki, ölkədə problemlər xirtdəyə dirənəndə hökumət bunu “Azərbaycanı sevməyən qara qüvvələrin” üstünə atır, biz də problemlərimizi atırıq ərəblərin üstünə.

Ana səhifəXəbərlərHər şeyin təqsiri turistlərdədir