“1 ay, 2 həftədən sonra zəlzələnin 1 ili tamam olacaq. Ancaq hələ də zəlzələdən qəzalı vəziyyətə düşən evimiz yararsız halda qalıb. 1 ildir ki, Nəsimi qəsəbəsində qohum evində qalırıq. Hökumət bizimlə maraqlanmır”.
Şamaxının Həmyəli kənd sakini Rəhman Qasımov Meydan TV-yə zəlzələdən zərər çəkmiş evinin fotolarını çəkib göndərib və bildirib ki, 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ev hələ də qəzalı vəziyyətdə qalıb. Rəhman Qasımov ötən müddət ərzində ailəsi ilə Nəsimi qəsəbəsindəki qohumunun evinə sığınıb və hələ də orada yaşamağa davam edir. O, hökumətdən evinin ya təmir bərpa olunmasını, ya da təzə ev tikilib verilməsini istəyir.
“Dedilər, burdan çıxın, dağıntı altında qalarsız”
“Kənddə xeyli ev vardı ki, qəzalı vəziyyətə düşmüşdü. Zəlzələdən dərhal sonra həmin evlərlə bərabər mənim evimə də baxış keçirildi və siyahıya alındı. Sonra evlərin bir qismini təzədən tikdilər, bir qismini təmir elədilər, ancaq böyük qismi hələ də yaşayış üçün təhlükəli olaraq qalıb. Yaşayış üçün təhlükəli olan evlərdən biri də mənim evimdir. 1 ilə yaxındır ki, evimizdən uzaq düşmüşük, çünki zəlzələ nəticəsində divarları aralanıb, tavanı dağılıb, hər an başımıza uça bilər. Zəlzələdən sonra evə baxış keçirən komissiya üzvləri bildirdilər ki, burdan çıxın, hər an dağıntı altında qala bilərsiz. Dedilər, ölkə başçısı vəziyyəti nəzarətə götürüb, tezliklə bu ev də söküləcək, yerində ev tikiləcək. Biz də evi tərk elədik, başqa qəsəbədə yaşayan qohum evinə yığışdıq. O vaxtdan nə ev tikildi, nə də ikinci dəfə gəlib vəziyyətlə maraqlanan oldu”, – şikayətçi deyir.
“Hər dəfə deyirlər, get, gəlib evini tikəcəyik”
Rəhman Qasımov hökumətin maraqlanmadığını gördükdə özü dövlət qurumlarına müraciət etməli olub. Deyir ki, hər dəfə də ona “yaxın günlərdə gələcəyik” deyib, yola salıblar:
“İcra hakimiyyətinə gedib-gəlirəm. Deyirlər, narahat olma, tezliklə evin tikiləcək. Aylardır ki, eyni sözləri eşidirik. Heyvan saxlayırdıq, əkinlə məşğul olurduq, dolanırdıq. 1 ilə yaxındır ki, təsərrüfatdan da, iş-gücdən də uzaq düşmüşük. Bu, hara qədər belə davam edəcək, bilmirik. Evimizin durumu göz qabağındadır, prezident hamı kimi mənim evimin tikintisinə də pul ayırıb, istədiyimiz odur ki, aidiyyəti qurumlar da evimi tikib təhvil versinlər, köçək, təsərrüfatımızı bərpa edək, yaşayaq”.
Rəhman Qasımov deyir, dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək istəsə də, onu qurumun qapısından geri qaytarıblar.
“Komissiyaya rəsmi müraciət etsin, araşdırılsın”
Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələdən qəzalı vəziyyətə düşmüş tikililərin siyahıya alınması və təmir-bərpası məsələsi ilə rayonun Fövqəladə Hallar Komissiyası məşğul olur: “Həmin vətəndaşın evi zəlzələdən qəzalı vəziyyətə düşübsə və qeydiyyata alınıbsa, mümkün deyil ki, təmir-bərpa işləri aparılmasın. Həmin vətəndaş Fövqəladə Hallar Komissiyasına rəsmi müraciət etsin, məsələ yerindəcə araşdırılsın və tədbir görülsün. Bəzən vətəndaşlar gəlib sözlərini qapıda dayanana deyib, gedirlər, bu, düzgün müraciət forması deyil. Vətəndaş rəsmi müraciət etsin”.
Rəsmilər nə deyir…
Rəsmi qurumlar bildirirlər ki, Şamaxıda zəlzələdən zərərçəkmiş xeyli ev tikilib və bu işlər hazırda da davam edir. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) zəlzələ bölgəsi üzrə ezam olunmuş nümayəndəsi Həsən Qasımzadə jurnalistlərə bildirib ki, zəlzələnin zərər vurduğu evlərə nazirliyin mütəxəssislərindən ibarət 36 qrup tərəfindən baxış keçirilib. 847 fərdi yaşayış evi qəzalı hesab edilib. 251 evin tikintisi başa çatıb, 257 evin tikintisi davam edir. Bərpaya ehtiyacı olan 2192 evdən 1339-da bərpa işlərinə başlanılıb. 449 evdə bərpa işləri yekunlaşdırılıb.
FHN rəsmisi bildirib ki, zəlzələ baş verən rayonlarda inşa edilən evlərin keyfiyyəti ciddi nəzarətdə saxlanılır.
Bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib. Zəlzələ zamanı Şamaxı, Ağsu və İsmayıllıda dağıntılar qeydə alınıb. Ən çox zərər isə Şamaxı şəhərindəki evlərə dəyib.
Zəlzələdən bir gün sonra prezident İlham Əliyev Şamaxıya səfər edib, zəlzələdən zərər çəkmiş sakinlərlə görüşüb, onlara evlərinin bərpa ediləcəyini, bərpası mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildirib. Aidiyyəti qurumlara isə tapşırıqlarını verib. Bundan bir neçə ay sonra isə birinci vitse-prezident Mehriban Əliyeva da Şamaxıda olub, vəziyyətlə maraqlanıb.