Həkim: Hamiləlik dövründə COVİD-19 vaksindən daha təhlükəlidir

“Görürük ki, sonuncu dalğada gənclər daha çox yoluxur”

Source: Meydan TV


"Vaksinin əks-göstərişləri ilə bağlı konkret fakt yoxdur"

Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınlara vaksinasiya olunmağa çağırıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Elmi- Tibbi Şura yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkən qadınları hamiləliklərinin onikinci həftəsindən sonra “mRNT Pfizer” (“Comirnaty”) peyvəndi vurdurmaq tövsiyə

edilir

.

Bildirilir ki, Səhiyyə Nazirliyi ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya kimi ölkələrin, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və ABŞ Qida və Dərman Administrasiyasının (FDA) tövsiyələrini nəzərə alaraq vaksinasiya olunmağı mühüm sayır.

Risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin onikinci həftəsindən sonra yazılı razılıqları əsasında “mRNT Pfizer” (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.

Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

Mövzu ilə bağlı Meydan TV-yə açıqlama verən həkim-mütəxəssislər vaksinasiyanın vacibliyini vurğulayırlar.

Məsələn, həkim-ginekoloq Təranə Həsənova deyir ki, peyvənd hamiləlik planlaşdırlmamışdan öncə edilsə, daha yaxşı olar: “Hamiləliyin planlı şəkildə aparılması daha doğrudur. Valideyn olmaq istəyən qadınlar ginekoloqları ilə məsləhətləşsinlər, hər kəsin sağlamlığına uyğun qaydada peyvəndləmə edilsin. Bu proseslərin ardından neçə ay sonra hamilə qalmaq planlaşdırılsın. Əgər kimsə bunu etməyibsə, hamilədirsə, Səhiyyə Nazirliyinin çağırışına qoşulmalıdır. Bu infeksiya çox ağırlaşmalar verir. Ağırlaşmalardan qaçmaq üçün mütləq peyvənd olunmaq lazımdır”.

15EAA9AC-00F3-4D6A-90F4-1295F0C79451.original.jpg
Təranə Həsənova

Həkim onu da əlavə edib ki, peyvənd ana bətnindəki döldə fəsadlar yarada bilməz: “Zənnimcə, hamiləlik dövründə COVİD-19 infeksiyasına yoluxmaq döl üçün daha təhlükəlidir, nəinki vaksinasiya olunmaq. Biz hələ bilmirik ki, yeni növ koronavirus hamilə qadınlarda hansı fəsadları yaradır. Çünki bununla bağlı hələ doğru-düzgün elmi araşdırmalar aparılmayıb. Ən böyük ağırlaşmanı COVİD-19 infeksiyası özü verir”.

Mama-ginekoloq Rəşad Sultan isə bildirib ki, nəinki hamiləlik planlaşdıranlar, hamilələr belə vaksinasiya olunsa, yaxşıdır: “COVİD-19 virusu təzədir, vaksin də yenidir. Vaksinin əks-göstəriləri ilə bağlı konkret fakt yoxdur. Hamiləlik dövründə virusa yoluxmaq isə daha risklidir. Sonuncu dalğada nəzarətimdə olan bütün hamilələr COVİD-19 infeksiyasına yoluxdu. Görürük ki, sonuncu dalğada gənclər daha çox yoluxur. Azərbaycanda hamiləlik 20-40 yaş arasındadır. Peyvənd olunmağı hamıya tövsiyə edirik”.

sekil.jpg
Rəşad Sultan

Azərbaycanda 2021-ci il yanvarın 9-dan peyvəndlənmə başlanıb.

Ölkədə 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Avqust ayından etibarən “buster” – üçüncü dozanın da vurulmasına başlanılıb.

Operativ Qərargahın oktyabrın 24-nə olan məlumatına əsasən ölkədə ümumilikdə 9383303 nəfər vaksinasiya

olunub

.

Ana səhifəSağlıqHəkim: Hamiləlik dövründə COVİD-19 vaksindən daha təhlükəlidir