“Həkim 200 manat artıq qazanmaqdan ötrü qızımı öldürdü”

“Oğlumun biri ürək xəstəsi, atası yataq xəstəsi, qızımı da öldürdülər”

Source: Specify Source


Samux sakini: “Həkim doğuşu tezləşdirmək üçün o qədər iynə vurdu ki, qızımın damarı partladı”

“Həkim onun növbəsinə düşsün, pulu o alsın deyə, qızıma 3 iynə vurub, doğuşu tezləşdirdi. İynələrin təsirindən qızımın damarları partladı. Doğuşdan sağ çıxmadı. Şikayət etmədiyimiz yer qalmayıb, polis işi araşdırmır, pul alıb, susur”.

Samux sakini, 65 yaşlı Tahirə Əliyeva belə deyir. O, 9 ay öncə gözünün ağı-qarası olan bircə qızı Nuridəni doğuş zamanı itirib. O, bunda həkimi günahlandırır. Deyir, qızı xəstəxanaya doğuş başladığı üçün yox, həkimi Həqiqət Əliyevanın zəngi ilə gedib. Xəstəxanada ona vaxtdır, amma doğum başlamayıb, iynə vurub, doğuşu başlatmaq lazım olduğunu söyləyiblər.


“İynələrin sayı və təsiri çox olduğundan gəlinin damarları partlayıb”

Nuridənin yanında həmin vaxtı qayınanası Kəmalə İbrahimova olub. O da ananın dediklərini təsdiqləyir. Deyir, həmin gün Nuridəyə 3 iynə vurulub və doğuş başlayıb. Görünür, iynələrin sayı və təsiri çox olduğundan gəlininin damarları partlayıb və doğumdan sonra daxili qanaxmadan keçinib.

“Axşamçağı evdə oturmuşduq. Saat 3-4 araları idi. Həkim zəng etdi ki, gəlin xəstəxanaya. Xəstəxana Şəmkirin Çinarlı qəsəbəsindədir. Maşın tutub getdik. Həkim bizə dedi ki, gəlinin vaxtıdır. Ancaq doğuş başlamayıb. Biz iynə vurub həll edəcəyik. Bir də evə qayıtmayın. Birinci iynəni vurdular, doğuş başladı. Sonra ard-arda daha 2 iynə də vurub, qızı doğum otağına apardılar. Bir müddət sonra mənə dedilər ki, muştuluğumuzu ver, nəvən doğuldu” – deyir, Kəmalə İsmayılova.


“Anası özünü həkimdən tez çatdırdı”

Bundan sonra o, həkimin otağına gedib. Görüb ki, həkim nəsə sənəd doldurur:

“Heç elə bir problem yoxdur kimi davanırdı. Pulunu da ödədim. Düzdür, sonradan həmin 200 manatı özümə qaytardılar. Nə isə həkim dedi ki, doğuş asan keçib. Ancaq birazdan dedilər ki, bəs gəlinin vəziyyəti pisdir. Onlar Təcili Tibbi Yardım çağırdılar, mən isə anasına xəbər verdim. Anası Samuxdan daha tez gəlib çıxdı, nəinki təcili tibbi yardım”.


“Həkim baxan kimi dedi ki, keçinib”

Hadisənin bundan sonrasını Nuridənin anası Tahirə Əliyeva daha yaxşı xatırlayır. Deyir, doğum otağına girəndə qızının çılpaq bədəni ilə qarşılaşıb. Həmin vaxtı onun rəngi sapsarı imiş:

“Baxdım ki, yoxdur uşaq, gedib. Məndən 15 dəqiqə sonra təcili tibbi yardım həkimi gəldi. Baxan kimi dedi ki, keçinib. Bir görün, baxın. Həkim öz növbəsinə düşsün deyə, 200 manat artıq qazanmaqdan ötrü 35 yaşlı gül kimi qızımı öldürdü. Qızım damar partlamasından, daxili qanaxmadan ölmüşdü. O qədər güc iynəsi vurub damarları partlatmışdı”.


“Qızımın 3 balasını anasız qoydular”

Ana deyir ki, başlarına gələn hadisə ilə bağlı yazmadıqları, müraciət etmədikləri qurum qalmayıb. Ancaq işlərinə baxan yoxdur. O təxmin edir ki, həkim aidiyyatı qurumlara pul verib, yoxsa, işə lazımi şəkildə baxardılar:

“Mən sonra araşdırdım. Bu, həmin həkimin əlindəki ilk ölüm hadisəsi deyildi. Qızım 3-cüdür. Ondan sonra isə selektiv abort zamanı bir qadını da öldürüb. Onun 4, qızımın 3 uşağını yetim qoyub. Məncə, bu insana həkimlik qadağan edilməldir. Bu adam öldürə-öldürə gedir. Bir tədbir görən isə yoxdur”.


“Həkim yalvarıb ki, qıza iynə vurulduğunu heç kimə deməyin”

Tahirə İsmayılova bu günədək Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Şəmkirdən olan millət vəkilinə və s. müraciət edib. Deyir, heç normal cavab da ala bilməyib:

“Təəsvvür edin, qaynanası gedib ki, qızın sənədlərini alsın həkimdən. Bu zaman həkim ona yalvarıb ki, qıza iynə vurulduğunu heç kimə deməsin. Dedik, şikayət edəcəyik. Həkim dedi ki, ayaqlarını qaldır, altında ölüm, amma şikayət etmə. Olub də, işdi. Nə işdi, elə bil toyuq öldürüblər. O boyda balam getdi, uşaqları kimsəsiz qaldı. Sonuncu doğulan qızı heç anasının üzünü 1 gün görmədi. Günah deyil? Bunu edənlər cəzalandırılmamalıdır?”


“Məni bu işıqlı dünyada şamsız qoydular”

Tahirə İsmayılova deyir ki, ilk şikayəti Şəmkir polisinə edib. İş araşdırılması üçün prokurorluğa verilib. Ana işin nə yerdə olduğunu öyrənmək üçün müstəntiqin yanına gedib:

“Orda bizə dedilər ki, hara şikayət etsəniz də, iş bizim üstümüzə gələcək. Biz də baxmayacağıq. Şikayətinizi geri götürün. Sizcə, bu boyda ölüm hadisəsində niyə belə bir şey desinlər? Deməli, nəsə gözü kölgəlidirlər həkimin yanında, ya da alacaqlarını alıblar. Məni bu işıqlı dünyada şamsız qoydular. İndi deyirlər, işdir də, olub”.

image_from_ios (1).jpg
Tahirə Əliyevanın müraciətinə cavab


“Haqsız, ədalətsiz bir dünyada yaşayırıq”

Tahirə İsmayılovanın həyat yoldaşı isə yataq xəstəsidir. Deyir, atanın da tək dərdi qızının ölümünə səbəb olanların cəzalandırılmasıdır. Bəlkə bundan sonra ürəkləri soyuyar:

“2 oğlumuz, 1 qızımız vardı. İnanın, asanlıqla böyütməmişəm onları. Oğlumun biri ürək xəstəsi, atası yataq xəstəsi, qızımı da öldürdülər. Bir insana bundan artıq nə dərd yükləmək olar? Kiçik oğluma toy etməyə hazırlaşırdıq, bəxtəvər olmuşduq. Bu hadisə oldu. Çox bədbəxtik, çox sarsılmışıq. Haqsız, ədalətsiz bir dünyada yaşayırıq”.


“İşdə cinayət əməli aşkarlanmayıb”

Şəmkir Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, bəli, işlə bağlı Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi açılıb. İşə müstəntiq Aqil Əlizadə baxıb. Toplanmış materiallar əsasında müəyyən edilib ki, Nuridə İbrahimovanın ölümündə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı şəxsin əməlində cinayət tərkibi yoxdur:

“Buna görə iyunun 9-da işə xitam verilib. O cümlədən, doğuşu həyata keçirən mama-ginekoloq Həqiqət Əliyevanın nəyi isə yanlış etdiyi müəyyən edilməyib. Vətəndaş qərardan razı deyilsə, o zaman buyurub məhkəməyə müraciət edə bilər”.

Çinarlı qəsəbəsinin xəstəxanasından isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. İşin polisdə araşdırıldığını, onlara müraciət etməmiz gərəkdiyini, açıqlama vermək səlahiyyətlərinin olmadığını deyiblər.

Nuridə İbrahimovanın ailəsi isə prokurorluğun işə doğru qiymət vermədiyini düşünür, məhkəməyə müraciət etməyə hazırlaşır.

Ana səhifəBölgə“Həkim 200 manat artıq qazanmaqdan ötrü qızımı öldürdü”