Heç hənanın yeridir?!

İndi Paşinyan bu durğu müharibəsində bizim prezidentə cavab vermək istəsə, ona nə qalır?

Foto: Meydan.tv


Növbə sizindir, Azərbaycan siyasiləri…

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin himayəsi altında keçən Valday politoloji seminarda çıxış edib. Təbii ki, Qarabağ məsələsinə də önəm verib, deyib ki, “Qarabağ Azərbaycandır!”

Bilənlər fikir verib ki, bu nida işarəsi ilə cənab bizim prezident onların Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözlərinə layiqli cavab verib.

Çox uğurlu siyasi gedişdir! Bizim prezident onların Baş nazirini mat qoyub.

Niyə? Çünki istənilən dildə cümlənin sonunda üç durğu işarəsi olur: nöqtə, sual və nida. Paşinyan “Qarabağ Ermənistandır” deyərkən, bu üç durğu işarəsindən birini, nöqtəni işə salıb. Üç çıx bir, qalır iki. İlham Əliyev qalmış iki durğu işarəsindən ən güclüsünü – nidanı – işə salıb. Nida nöqtədən daha güclü təsirə malikdir, bunu heç kəs, hətta ermənilər inkar edə bilməz.

İndi Paşinyan bu durğu müharibəsində bizim prezidentə cavab vermək istəsə, ona nə qalır? İstifadə edilməmiş sual işarəsini işlətsə, olacaq “Qarabağ Ermənistandır?” Belə etsə, bütün siyasi rəqibləri ona hücum edib deyəcəklər ki, varçapet erməni xalqının tarixi qələbəsinin şanlı nəticəsini sual altına salır. Yox, desə ki, “Qarabağ Ermənistandır!”, onda da İlham Əliyevin məddahları başlayacaqlar ki, “varçapet İlham Əliyevi təqlid edir, onun işlətdiyi nida işarəsini təkrarlayır”. Bir dəfə də “Qarabağ Ermənistandır.” , yəni nöqtə ilə desə, yenə İlham Əliyevin məddahları onu məsxərəyə qoyub deyəcəklər ki, “varçapetin nəinki sözü, hətta durğu işarələri qurtarıb”.

Nə isə, bu nida işarəsindən sonra Nikolun vəziyyəti fənadır, bizimkininki isə əla!

Bu durğu müharibəsinə daha kimlər reaksiya vermədi… Lavrov verdi, rus və azəri jurnalistləri, erməni və azəri siyasətşünasları verdi, müxtəsər, bu durğu savaşında bizim prezidentin lokal uğuru diqqətdən kənarda qalmadı.

Lakin bizim prezidentin Valday səhnəsində apardığı Qarabağ naminə mücadiləsində uğur tək nida ilə məhdudlaşmır. Bizim prezident rəqib Baş nazirin gözləmədiyi bir fənd işlədib! Deyib ki, Qafqaz bürosu Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlayıb!

İlahi! Necə də gözəl fənddir! Münaqişənin başlanğıcından 35 il keçib, tarixi dəlillər və hüquqi sübutlar mərhələsi hafizələrdən büsbütün silinib, ortada müharibənin danılmaz nəticəsi kimi Qarabağın Ermənistan ordusunun tam nəzarətində olması faktı durur və hamı naqqa balıq kimi ağzını açıb Minsk Qrupunun həmsədrlərinin növbəti dürlü kəlamlarının intizarında durduğu bir zamanda erməni tərəfinin gözləmədiyi bir fənd!

Qafqaz bürosunun qərarı!

Deyirlər ki, varçapet Paşinyan ətrafından soruşub ki, “bu Qafqaz bürocu nəmənədir”? Ona qısaca deyəndə ki, nədir, o qədər gülüb ki, oturduğu kətildən yıxılıb sərilib döşəməyə.

O gülüb, lakin erməni təşviqatçıları başlayıb ağlamağa, çünki anlayıblar ki, bu fəndlə İlham Əliyev Rusiyanın rəğbətini qazanıb. Yəni İlham Əliyev ruslara deyib ki, mən sizin istədiyiniz status-kvonun uzadılması naminə dəlillər müharibəsini 35 il əvvələ qaytarmağa hazıram. Sevincindən Lavrov elə vəcdə gəlib ki, Paşinyanı, üstüörtülü də olsa, həmin nöqtə məsələsinə görə məzəmmət edib.

Bu, bizim diplomatiyanın şəksiz qələbəsidir!

Açığını deyim, bütün bu gülünc oyunlara tamaşa edəndə anlayıram ki, Azərbaycan miskin vəziyyətdədir.

Mən hakimiyyəti anlayıram. Qarabağ məğlubiyyətinin köhləninin belində hakimiyyəti qamarlamış, Rusiyanın xeyir-duası və dəstəyi ilə onu inhisara almış bu zümrə ağlasığmaz sərvəti naminə nəinki Qarabağı, lap elə, neft mədənləri çıxmaq şərtilə, bütün Azərbaycanı verər.

Mən ənənəvi müxalifəti də anlayıram, zira hakimiyyət naminə onların törətdikləri əməllər indiki hakimiyyətin əməllərindən heç nə ilə fərqlənmir. Onlar bir sikkənin iki üzüdürlər.

Mən pul xatirinə bu mənasız və məntiqsiz bəyanatlarda dərin hikmət axtaran və rəhmətlik Ziya Bunyadov demişkən, “Xurdalandan o tərəfə heç kəsin tanımadığı” siyasətşünas və jurnalistlərin avam camaata yedizdirdikləri bayağı və gülünc təmrinləri də anlayıram.

Mən baş verən ağrılı prosesin mahiyyətini anlayan və bu barədə susan azsaylı aqillərin susmasının səbəbini anlamıram.

Nə baş verir? Qarabağ tədricən sürüşə-sürüşə gedir Zəngəzurun və Göyçənin yanına. 30 ildir vətən torpağı yağı düşmənin tapdağı altındadır, siyasi qumarda, masanın üstündədir, hakimiyyət iblisanə məkrlə xalqın başının altına yastıq qoyur. Gözləyir ki, daha 30 il keçsin və günlərin birində dünya bizə (bizə yox, oğul-uşağımıza, nəvələrimizə) desin ki, “olan olub, keçən keçib, dəxi sübut etdiniz ki, Qarabağ sizə lazım deyil, gəlin status-kvoya hüquqi libas geyindirək”.

Bəli, indiki Qarabağ müsibəti çox bənzəyir Zəngəzur və Göyçə qəziyyəsinə. Onda da xalqı siyasi qərarların qəbulundan təcrid etmişdilər, indi də. Onda da xalqın zəka potensialını xaricdən və qarnından asılı bir baş təmsil edirdi, indi də. Onda da xalqa hansısa Lazımın gələcəyindən peyğəmbərlik etmişdilər, indi də. Onda da hakim zümrə öz siyasi hakimiyyəti naminə Azərbaycanı əymişdi daha güclü dövlətlərin önündə, indi də. Onda da öz ciblərini və rahatlıqlarını vətəndən əziz tutmuşdular, indi də.

Daha nə qaldı?

Mən müharibəyə çağırmıram. Hakimiyyətin zəka və qeyrətini, silahlı qüvvələrin gerçək durumunu, geosiyasi vəziyyəti anlayıram. Özüm də qantökmənin və zorakılığın əleyhinəyəm.

Mən güzəştli barışa səsləyirəm. Hər iki bədbəxt, cahil, aldanılıb münaqişəyə sürüklənmiş qonşu xalqın şərəf və mənafeyini qoruyan və təmin edən güzəştli barışa səsləyirəm.

Nə xərc tələb edəcək, nə də şirin canların fəda edilməsini. Sadəcə zəka və qətiyyət tələb edəcək.

Bu güzəştli barışın nümunəsini varlı və mədəni İsveç və Finlandiya dövlətləri sərgiləyib. Onları düşmən edə biləcək və qanlı qarşıdurmaya sövq edəcək Aland münaqişəsini vaxtında və təsirli güzəştli barış sazişi ilə tənzimləyə biliblər. Odur- budur Aland ətrafında heç bir ziddiyyət və qanqaralıq yoxdur, bütün məsələləri məsləhət və ümumi mənafe əsasında həll edirlər.

Aland təcrübəsinin Qarabağda tətbiqini dəfələrlə təklif ediblər. 1990-ların əvvəllərində rəsmi səviyyədə Skandinaviya diplomatları deyib, başı boş və əlləri qana bulaşmış o zamankı “siyasətçilər” bu təklifi rədd ediblər. Bundan sonra çox vaxt keçib, münaqişənin həm “qalib”, həm məğlub tərəf üçün necə bir bəla olduğunu hamı anlayıb. Yenə barış yollarının axtarışında gəlib dirəniblər ən münasib barış nümunəsinə – Aland modelinə.

Azərbaycanın xeyli sayda vətəndaş cəmiyyəti fəalı bu nümunəni öz gözü ilə görüb və öyrənib, vətənə dönüb təbliğ edib. Ermənistanda daha az sayda siyasi və ictimai fəal bu təcrübə ilə tanış olub və onun hamı üçün məqbul olduğunu söyləyib.

Hətta indiki varçapet Nikol Paşinyan xanımı ilə Aland arxipelaqına səfər edib və bu nümunə ilə tanış olub. İndi hakimiyyətdə ola-ola bu barədə bir söz belə demir, çünki Rusiya onun ciyərini çıxarar, şirin vəzifəsini əlindən alar.

Lakin Ermənistanda da Aland nümunəsinin Qarabağ düyününü açmaq üçün münasib təcrübə olduğunu, pəsdən də olsa, deyənlər var.

Mən anlamıram, özlərini vətənpərvər siyasətçi adlandıran gözüaçıq siyasi iddialılar nə üçün ucadan Aland nümunəsi əsasında güzəştli və şərəfli sülhə səsləmirlər?!

Qana və hərbə köklənmiş qaragüruh arasında “hörmətlərini” itirməkdənmi çəkinirlər?

İnanın mənə, bu qaragüruh heç zaman seçkinin aqibətini müəyyənləşdirmir. Nə say, nə də zəka baxımından qaragüruhun cəmiyyətdə heç bir vəzni yoxdur. Hakimiyyətə isə indi, 1990-larda olduğu kimi, zor və qiyam yolu ilə gəlməyə macal qalmayıb.

Demokratiyaya inanan siyasilərə deyirəm ki, Qarabağ müşkülünün açarını uzaq Aland nümunəsində axtarın. “Xeyri yoxdur, ermənilər düzələn deyil, heç vaxt razı olmazlar güzəştli sülhə” sözlərinə inanmayın.

“Biz ölərik, Qarabağı vermərik” bağıran azərbaycanlılar ki, düzəlib, barış imkanlarını soyuq başla müzakirə etməyə hazırdırlar? İnanın ki, Azərbaycan tədricən islah olunub mədəni ölkəyə çevrilsə, erməni də düzəlməyə başlayacaq.

Düşünən siyasilər, üzünüzü xalqın düşünən və yaşamaq istəyən hissəsinə tutun.

Siyasi partiyalardan hansı biri cəsarətə gəlib Qarabağ münaqişəsinin qansız-qadasız dinc və şərəfli güzəşt əsasında həllini – Aland təcrübəsinin Qarabağda tətbiqini – öz seçki platformasına salsa, alacağı səsləri azı ikiyə vura bilər! Xalq da onu yaxşı tanıyar, dünya da!

Növbə sizindir, Azərbaycan siyasiləri…

Ana səhifəXəbərlərHeç hənanın yeridir?!