Mənbə: google

Həbsdəki jurnalist vəkilinə görə aclığa başladı

“Vəkilimə təzyiqlər olunur, müdafiəni həyata keçirməsinə imkan verilmir”

“Xeberman.com” saytının həbsdə olan baş redaktoru Polad Aslanov aclıq aksiyasına başlayıb. Bu barədə o, oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işinə baxılarkən məlumat verib.

Jurnalist onun işinə baxan hakim Faiq Qəniyevə aclığa başlaması haqda ərizə də təqdim edib. P.Aslanov deyir ki, vəkili Elçin Sadıqova qarşı təzyiqlərə etiraz olaraq, bu addımı atmaq qərarına gəlib: “Müddətsiz aclığa başlayıram. Çünki vəkilimə təzyiqlər olunur, müdafiəni həyata keçirməsinə imkan verilmir. Onu sıradan çıxarmağa çalışırlar”.

Vəkil Elçin Sadıqov bildirib ki, müvəkkilini aclıq etmək fikrindən yayındırmağa çalışıb. Onsuz da səhhətində problemlər olan P.Aslanova bunun sağlıq durumu üçün zərərli olduğunu izah edib. Lakin o, fikrindən dönmək istəməyib.

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, E.Sadıqov bu işdən müdafiəçi kimi geri çəkilməsi üçün bundan əvvəl də təzyiqlərə məruz qalıb. Amma geri çəkilməyib.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə - İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, o, Dəyanət Babayevi ölümlə hədələyib.

P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Onun işinə 8 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hazırda şahidlərin dindirilməsi mərhələsidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ryfywp

Ən çox baxılan