Həbsdəki daha bir keçmiş icra başçısının işi məhkəməyə göndərildi

Məhkəmənin yekun hökmündə şəxslərin özlərilə yanaşı, həmin əmlaklarla bağlı da qərar veriləcək.

Ceyhun Cəfərov. Mənbə: Kürdəmir Rayon İcra Hakimiyyəti


Ceyhun Cəfərovun əmlaklarına da həbs qoyulub

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və onunla birlikdə saxlanılan digər məmurların işi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq yekunlaşıb. Sabiq icra başçısı, onun birinci müavini olmuş Tacəddin Novruzov, icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə rəhbərlik etmiş Natiq Kərimov və digərlərinin işi artıq məhkəməyə göndərilib. Onlar Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaqlar.

Keçmiş icra başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Onların üçü də həbsdədir.

Rayonun Yaşıllaşdırma İdarəsinə rəhbərlik etmiş Emin Sadıqov, Mənzil İstismar sahəsinin keçmiş rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru olmuş Məhəmmədəli Surxayev, Kürdəmir Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynov da cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham verilib. Amma istintaq və məhkəmə dövrü üçün onların barəsində həbslə bağlı olmayan növlərdə qətimkan tədbiri seçilib.

Sabiq icra başçısı və onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilənlər icra hakimiyyətinə tabe olan qurumlara ayrılmış vəsaitləri mənimsəməkdə, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət orqanlarından, özəl təşkilatlardan rüşvət almaqda, tikinti ilə bağlı qanunsuz sərəncamlarla torpağın üst münbit qatına ziyan vurmaqda təqsirləndirilirlər.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulub. Məhkəmənin yekun hökmündə şəxslərin özlərilə yanaşı, həmin əmlaklarla bağlı da qərar veriləcək.

Keçmiş icra başçısı və onunla birlikdə mühakimə olunacaq şəxslərin özlərini təqsirli bilib-bilmədiyi məlum deyil. Onların yaxınları və ya vəkilləri bu haqda mediaya heç bir açıqlama verməyiblər.

1965-ci il təvəllüdlü Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

Ana səhifəSiyasətHəbsdəki daha bir keçmiş icra başçısının işi məhkəməyə göndərildi