Həbs olunan Qarabağ qazisinin atası: Bilmirəm, yanına gedim, yoxsa körpələrinə baxım…

Aydın Ağazadənin cəzasının yüngülləşdirilməsi üçün prokurorluq apelyasiya protesti verib

Source: Meydan Tv


Aydın Ağazadənin cəzasının yüngülləşdirilməsi üçün prokurorluq apelyasiya protesti verib

“Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif edilmiş Qarabağ qazisi Aydın Ağazadə bugünlərdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilib. Fevralın 2-də məhkəmənin hakimi Elxan Əmirəliyevin çıxardığı hökmlə ona 4 il 3 ay həbs cəzası kəsilib. O, hazırda Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında saxlanılır. Atası Nəbi Ağayev deyir ki, oğlunun təcili müalicəyə ehtiyacı var, hələ də bədənində qəlpə gəzdirir.


“Qəlpə sinirlərin arasındadır, ona görə çıxarmadılar”

Nəbi Ağayev Meydan TV-yə danışır ki, oğlu döyüşlər başlanandan bir gün sonra – sentyabrın 28-də müharibəyə yollanıb. Aydın Ağazadə Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 24-də elə Qubadlıda da yaralanıb: “Ayağından yaralanıb. Sağ budunda, çanağa yaxın yerdə hazırda da qəlpə var. Əməliyyat olunanda həkimlər çıxarmayıblar. Deyiblər ki, qəlpə sinirlərin arasındadır. Bəlkə bir müddət keçəndən sonra yerini dəyişər, onda çıxararıq. Sol bazu nahiyəsindən də xəsarət alıb. Qolu çıxır…”

Atasının sözlərinə görə, Aydın Ağazadə əvvəl Bakıda Hərbi Hospitala gətirilib, oktyabrın 26-da orada üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hospitaldan Miqrasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb. Bir ay da orada müalicə alandan sonra evə göndərilib: “Ev şəraitində də müalicəsi davam edirdi. Düzəlməmişdi axı… Bir müddət sonra yenidən əməliyyat olunmalıydı. Həbs elədilər, heç bilmirəm, indi necə olacaq…”


“Mənə dedi ki, “ata narahat olma”

1991-ci il təvəllüdlü Aydın Ağazadə Cinayət Məcəlləsinin 177.2.1 (əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələrilə təqsirli bilinib. 2019-cu ilin iyununda elə Cəlilabadda baş vermiş ev oğurluğundan söhbət gedir. Evdən 3600 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Aydın Ağazadə bu cinayətdə üç nəfər təqsirləndirilən şəxsdən biri olub. O, istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Bu müddətdə barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Nəbi Ağayev deyir ki, zərərçəkmişə dəymiş ziyan ödənilib, qızıl-zinət əşyaları qaytarılıb. Elə oğlu da şikayətçi olmamasını, Qarabağ döyüşlərində iştirakını nəzərə alaraq, güman edirmiş ki, həbs olunmaz, hakim alternativ (azadlığın məhdudlaşdırılması və s.) cəza kəsər: “Həbs olunan gün də məhkəməyə tək getdi. Mənə dedi ki, “ata, narahat olma”. Getmədim onunla. Bir də xəbər gəldi ki, həbs eləyib, 4 il 3 ay “iş” kəsiblər. Üç nəfər arasında ən ağır cəzanı ona veriblər. Digər iki nəfərdən birinə 3 il 10 ay, o birinə də 2 il 6 ay veriblər”.


“İki körpə qızı var”

Aydın Ağazadə həbs olunandan sonra ailə üzvləri onunla görüşməyib. Atası fevralın 15-də istintaq təcirdxanasına oğlunun yanına gəlmək, icazə verilərsə, onunla görüşmək niyyətindədir. Ailənin maddi durumu da yaxşı deyil, bu baxımdan Cəlilabaddan Bakıya gəlmək xərci də bir ayrı problemdir: “Aydın ailəlidir, iki körpə qızı var. Uşaqların birinin üç yaşı var, o biri yaş yarımdır. Özüm də yaşlı adamam. Bütün ailənin xərci mənim üstümdədir. Rayonlararası avtobus sürürəm. Gündə 5-10 manat qazanc ya olur, ya olmur. Onu da evin dolanışığı, uşaqların “pampers”i… Bilmirəm ki, indi uşaqlara baxıb, atalarının yanına türməyə gedim…”

Aydın Ağazadənin valideynləri Prezident İlham Əliyevə məktub göndərib. Onlar Aydının müharibədə sağlamlığını itirməsi, hazırda səhhətindəki problemlər və ailənin maddi durumunun ağırlığının nəzərə alınmasını istəyirlər.


“Ölməsə də, sağlamlığını itirdi”

“Mən demirəm ki, oğlum günahsızdır. Ya da günahkar olduğunu da deyə bilmərəm. Düzünü Allah bilir. Amma günahkar olsa belə, güzəşt eləmək olar. Ziyan da ödənilib. Özünün də müalicəyə ehtiyacı var. Hər kəsin səhvi ola bilər. Bu adam da Vətən uğrunda ölümü gözə almışdı. Ölməsə də, sağlamlığını itirdi. Cavan adamdır, axsayır. Ona prezident üç orden verib. Düzdür, hələ əlində deyildi, amma sərəncam imzalanıb. Demişdilər ki, hərbi komissarlığa göndəriləcək, ondan sonra gəlib götürər. Deməli, o, yaxşı xidmət edib ki, ordenlərə layiq görülüb. Bunların nəzərə alınmasını istəyirəm”, – Nəbi Ağayev bildirib.


Baş prokurorun müavini protest verib

Cəlilabad Rayon Məhkəməsindən Meydan TV-yə bildirilib ki, Aydın Ağazadəyə qarşı oğurluqla yanaşı, narkotiklə bağlı da ittiham irəli sürülmüşdü: “Hökmdən narazı qalan istənilən tərəfin apelyasiya şikayəti vermək hüququ var”.

Aydın Ağazadənin cəzasının yüngülləşdirilməsi üçün prokurorluq apelyasiya protesti verib.

“Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsinin yüngülləşdirici hal kimi nəzərə alınması, cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini fevralın 12-də apelyasiya protesti verib”, – Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib.

Bu işə yaxın vaxtlarda Şirvan Apelyasiya Məhkəməsində yenidən baxılacaq.

PHOTO-2021-02-13-13-22-53.jpg
Sənəd
PHOTO-2021-02-13-13-22-37.jpg
Sənəd
PHOTO-2021-02-13-13-22-59.jpg
sənəd
Ana səhifəXəbərlərHəbs olunan Qarabağ qazisinin atası: Bilmirəm, yanına gedim, yoxsa körpələrinə baxım…