Havada qalan evlər (araşdırma)

Torpaqlar sənədləşdirilməsə də, sakinlərin əksəriyyəti “torpaq vergisi” ödəyib…

Source:


Prezident Administrasiyasına məxsus torpaqları bazara kim çıxarıb?

“Bu torpaqları satıblar, almışıq. 10 ildir ev tikmişik, yaşayırıq . Torpaqlar Abşeron rayonundakı südçülük sovxozunun tabeliyindədi. Adi bir arayış belə ala bilmirik. Gedirik Şağan qəsəbə sovetinə, deyirlər ki, o sənədlər saxtadır, torpaq sənədləşməyib. Heç bir bank bu evləri girov götürmür”.

Bu sözləri Şağan qəsəbəsi ətrafındakı yeni məhəllədə yaşayan  Hidayət kişi deyir.


Torpaqlarla bağlı necə alqı-satqı aparılıb?

On mindən artıq ailənin yaşadığı ərazidə heç kimin nə evi, nə də torpağı sənədləşdirilməyib. Torpaqların məxsus olduğu bildirilən Buzovna tərəvəzçilik-südçülük sovxozu Prezident Administrasiyası İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin tabeliyindədi. Ancaq ərazi torpaq bazarında satışa çıxarılıb. Hidayət kişi də digər qonşuları kimi torpağı açıq bazardan alıb.

Ərazidəki torpaq paylarından biri də ictimai fəal Elnur Məlikovun anası Mina Məlikovaya məxsusdur. Elnur Məlikovun sözlərinə görə, torpaqdan faktiki istifadə edən payçıların mülkiyyət hüquqlarını təsdiq edən sənəd – Reyestrdən Çıxarış olmadığı üçün alqı-satqının rəsmi, notaril qaydada aparılması mümkünsüzləşir: “Nəticədə qeyri-rəsmi alqı-satqı üçün münbit şərait yaranır ki, bu da analoqu olmayan dövlətimizin inkişafı ilə tərsmütənasiblik təşkil edir”.

Elnur Məlikov deyir ki, bu ərazi sovet dövründə Mərkəzi Komitənin nəzdində olub, təsərrüfat işləri görülüb. Sovet İttifaqı dağıldıqdan sonra ərazi verilib Prezident Administrasiyasının İşlər İdarəsinin balansına: “Əlimizdə olan sənədlərə vurulmuş möhürdə də belə qeyd olunur. PA İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi. Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı da var.

Artıq insanlar on ildir burda yaşayır. Öz hesablarına kommunikasiya xətləri çəkiblər, hətta telefon xətti belə var. Burda yeni nəsil dünyaya gəlib. Qəsəbə gündən-günə böyüyür. Buna baxmayaraq, vətəndaşlar  torpaq üzərində mülkiyyət hüququnu əldə edə bilmirlər. Dəfələrlə müraciətlər olunub, heç bir nəticəsi yoxdur. Şəxsən özüm vaxtilə PA-nın İşlər İdarəsinin rəisəvəzi olan Oqtay Şahbazovun qəbulunda olmuşam. Onuna görüşəndən sonra əmin oldum ki, bizim əlimizdəki sənədlərin hüquqi qüvvəsi yoxdur”.


Günahkar “tapıldı”

İctimai fəalın sözlərinə görə, Oqtay Şahbazov problemin yaranmasında özündən əvvəlki rəisi suçlayıb: “ O, bunu mənə belə izah etdi, Akif Muradveridyevin (İşlər İdarəsinin keçmiş rəhbəri) ixtiyarı yox idi ki, bu torpaqları kiməsə versin. Bu torpaqlar sonradan daşınmaz əmlak bazarına da çıxarılıb. Ancaq buna onun səlahiyyəti yox idi. Mən orda da dedim, sadə insanlar hardan bilsin ki, bu torpaqları almaq olar, ya yox? Hətta bir neçə hüquqşünasla da müzakirə etmişəm, onlar da müəyyən edə biməyiblər ki, bu torpaqları satmaq üçün səlahiyyətləri var, ya yox. Torpağı alanda görürlər ki, sənədin üzərində PA-nın İşlər İdarəsinin möhürü var. Bu da onlar üçün kifayət edib. Mən Prezident Administrasiyasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Reyster Xidmətinə, dəfələrlə prezidentin özünə yazmışam. Nəticəsi olmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi cavab verib ki, bu suallar bizə aid deyil. Suala da cavab vermirlər ki, bu torpaqlar kimə aiddir?”

Sorğuya cavab olaraq PA-nın İşlər İdarəsindən bildirilir ki, sözügedən ərazi onların balansındadır və orada əhalinin məskunlaşması qeyri-qanunidir. Torpaq satışa çıxarıla bilməz. Halbuki torpaq açıq bazarda, məhz bu idarənin möhürü ilə satılıb.


Sərəncam yerinə yetirilmir


Ölkə başçısı İlham Əliyev 13 iyun 2008-ci ildə “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” sərəncam imzalayıb. 2866 saylı həmin sərəncamda deyilir:

“Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qərara alıram:

1. Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi25983,31 hatorpaq sahələrinin9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə52,84 ha, Əzizbəyov rayonu üzrə5820,26 ha, Xətai rayonu üzrə202,49 ha, Sabunçu rayonu üzrə2502,81 havə Suraxanı rayonu üzrə1376,35 hatəşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı, Abşeron rayonlarının icra hakimiyyətləri ilə birlikdə bir ay müddətində bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan torpaq sahələrinin qanunvericiliklə müəyyənləşdirmiş yerquruluşu işləri əsasında sərhədlərinin yerində müəyyən edilmə-sini və təhvil-təslim işlərinin aparılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı rayonlarının icra hakimiyyətlərinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndi ilə idarəçiliyə qaytarılan torpaq sahələrində yerləşən yaşayış məntəqələrinin qanunvericiliyə uyğun olaraq perspektiv inkişafı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Sərəncamdan irəli gələn tələblər də bu günə qədər yerinə yetirilməyib. Halbuki onun yerinə yetirilməsi vətəndaşların torpaq problemini müəyyən qədər həll edə bilərdi.

Sərəncamda qeyd olunan ərazilər hələ də Bakı şəhər İcra Hakimiyyətinin  (BŞİH) idarəçiliyinə qaytarılmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mütəxəssislərinin rəyinə görə, İH-nə verilməsi üçün ərazilərin boş olması lazımdır. Sənədlərdə bu, boş kimi göstərilsə də, defakto yaşayış məskənidir. Ona görə də İH tərəfindən qəbul edilmir.

BŞİH isə bununla bağlı sualları cavablandırmır.


Torpaq sahələri xəritəyə salınmır

Sənədləşdirilməsi müşkülə çevrilən bu ərazilər heç xəritəyə də salınmayıb.  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyir ki, Azərbaycanda qanunsuz tikililər, rəsmiləşdirilməmiş torpaq sahələri xəritəyə salına bilməz. Onun sözlərinə görə, torpağın mülkiyyət formasından asılı olaraq, onun tabe olduğu qurumun rəsmi sərəncamı olmadan həmin ərazilər xəritəyə salınmamalıdır: «Əgər bu torpaqlar dövlət torpaqlarıdırsa və icarəyə verilirsə, həmin rayonun İcra Hakimiyyətinin başçısı bununla bağlı sərəncam verməlidir. Əgər bələdiyyə torpaqlarıdırsa, həmin ərazinin bələdiyyəsinin sərəncamı olmalıdır. Rəsmi sənədi olmayan heç bir ərazi xəritəyə salınmır”.


“Torpaq vergisini mənimsəyiblər”

Hidayət kişi deyir ki, bir neçə il əvvəl prezidentə məktub yazıblar: “Yazdıq ki, əgər bu torpaqlar qanuni deyilsə, sənədlər saxtadırsa, o zaman bir tədbir görülsün, ya bizim pulumuz qaytarılsın, ya da evlər sənədləşdirilsin. Sonra dedilər ki, prezidentin sərəncamı var, torpaqlar 2013-cü ilin martına kimi sənədləşdiriləcək. Hazırda Şağan bələdiyyəsi heç bir iş görmür, yol, su çəkmir”.

Torpaqlar sənədləşdirilməsə də, sakinlərin əksəriyyəti “torpaq vergisi” ödəyib. Hidayət kişi deyir ki, indiyədək ödənilən torpaq vergisi də kimlərsə tərəfindən mənimsənilib: “2003-2011-ci ilə qədər torpaq vergisi ödəmişik. İndi deyirlər ki, o sənədləri gətirin, kötüyə baxıb görək ödəmisizsə, cərimədən çıxaq. Bələdiyyə bir zibil yeşiyi də qoymayıb. Adicə təcili yardım çağıranda Şağanda “təzə məhəllə” kimi qeyd edirik. Təzəlikcə gətirib küçə vurublar,  bura olub Xaqani küçəsi. Uşaqların yarısı Şağana, yarısı da Buzovnaya məktəbə gedir. Burda qeydiyyat olmadığından seçkilərdə də hər kəs qediyyatda olduğu rayona gedir”.


Qanun layihəsi müzakirəyə çıxarılmır

Prezident 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Bununla bağlı “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” qanun layihəsi də hazırlanıb və artıq Milli Məclisdədir.  Ancaq Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə mətbuata deyib ki, layihə indiyədək gündəliyə salınmayıb: “Hələ heç nə yoxdur. Layihə gündəliyə qoyulmayıb. Konkret nə vaxt müzakirə olunacağını bilmirəm”

Torpaq sahibləri də  problemi MM-in müzakirəsinə çıxarmaq üçün müxtəlif deputatlara müraciət ediblər. Elnur Məlikov deyir ki, qeydiyyatda olduğu ərazidən deputat seçilmiş şəxslə də görüşüb: “Mən Nizami rayonundan deputat seçilmiş Sədaqət Vəliyeva ilə görüşdüm. Sənədləri təqdim etdim. Söz verdi ki, bu məsələni parlamentdə qaldıracaq. Ancaq etmədi. Sonradan əlaqə saxladıqda köməkçisi dedi ki, o, həkimdi, torpaq işləri ilə məşğul olmur.

Digər deputat Fazil Qəzənfəroğlu ilə də görüşdüm. O da dedi ki, bu torpaqlar heç vaxt vətəndaşara verilməyəcək, tikilən evlərin hamısı da söküləcək”.


“Vətəndaşın etimad hüququ pozulur”

“Bütün kommunal xərcləri ödəyirik. Amma bir arayış almaq üçün gedəndə bizə deyirlər ki, evlər qanunsuzdu. Dedilər, prezident sərəncam verib, torpaqlar sənədləşdiriləcək. İcra Hakimiyyəti, bələdiyyə isə deyir ki, hələ bizə göstəriş verilməyib. Nə zaman desələr, onda da sənədləşdirmə işləri başlayacaq” – deyir qəsəbə sakini Yaqub Mahmudov. O da torpağı əmlak bazarından alıb və təqdim olunmuş “Əmrdən çıxarış” və “İcra Hakimiyyətinin sərəncamından çıxarış” adlı sənədlərə PA İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin möhürü vurulub. Lakin müraciət etdiyi orqanlarda həmin sənədlərin qanunsuz olduğu bildirilir.

Ərazidə qiyməti yarım milyona yaxın olduğu deyilən tikililər də var. Sakinlərin sözlərinə görə, bu tikililərin əksəriyyəti Dövlət Neft Şirkətinin rəhbərliyinə məxsusdur. Hətta neft şirkətlərindən birində çalışan xarici iş adamına məxsus olduğu deyilən villaya da rast gəlinir.

Hüquqşunas Fariz Namazov mətbuata açıqlamasında deyir ki, yazılı bəyanat, sənəd birbaşa etimad hüququna əsasdır. Əgər bələdiyyə və ya hansısa qurum torpağa sənəd veribsə, insanlar dövlət orqanına etimad edib, ev tikib. Sonra da məlum olub ki, hansısa qurumun ərazisidir. Nəticədə, vətəndaşların hüquqları pozulub.

Ekspert  Müzəffər Baxışov isə problemi bələdiyyə və dövlət torpaqlarını ayıran sənədin olmamasında görür: “16 iyul 1996-cı il “Torpaq İslahatı Haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbulu torpaqları 3 yerə böldü. Bələdiyyə (23 faiz), xüsusi mülkiyyət (19 faiz) və dövlət torpaqları (56,6 faiz). Problem, bələdiyyə və dövlətə mənsub torpaqların ayrılması barədə sənədin olmamasıdır. Məsələn, Xocasən Bələdiyyəsinin satdığı torpaqlar Neft Fondunun istifadəsindəymiş. Vətəndaş bunu bilməyə məcbur deyil. O, seçki yolu ilə formalaşmış qurumla bağladığı alqı-satqı müqaviləsinə inanıb. Burada söhbət vətəndaşın etimad hüququnun pozulmasından söhbət gedir”.


Beynəlxalq sənədlərdə

Qəsəbə sakinləri nə zamansa evlərindən köçürüləcəklərindən ehtiyatlanırlar. Öz xərcləri ilə qaz, elektrik xətləri çəkdirdiklərini deyən Əminə Məlikova da mülkünün sənədləşdirilməsini istəyir: “200-300 manat ödəyib sayğac quraşdırmışıq. Əgər bu yerdə yaşamalı deyiliksə, onda niyə pul ödəyirik? Deyirlər, bu torpaqları əlimizdən alacaqlar. Bəs onda çəkdiyimiz xərcləri kim ödəyəcək? Sulutəpədə, başqa yerlərdə dağıdıblar evləri. Sabah bu hadisə bizi də gözləyir. Əgər bu torpaqlar qurumlarındısa, onda niyə satırlar?”

Sakinlər narahatdır. Halbuki Azərbaycan 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasına ratifikasiya edib. Ölkə həm də 15 aprel 2002-ci il tarixindən “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında” konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir. Konvensiyanın 46-cı maddəsinə görə, Avropa Məhkəməsinin qərarları, bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir

 “The Traktorer İsveçə qarşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür.

Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir.

Baş verənlərdən aydın görünür ki, hökumət vətəndaşların mülkiyyət hüququnu qorumaqda maraqlı deyil. Əks halda 5 il öncə verilmiş sərəncam icra olunar, bu məsələ qanuni yolla öz həllini tapardı.

Ana səhifəAraşdırmaHavada qalan evlər (araşdırma)