Hanı ATƏT ?

Üstəlik maraqlı məqamlardan biri da budur ki, əgər aprel döyüşü Rusiyanın vasitəçiliyi ilə dayandırıldısa, iyul döyüşləri səngiyən xarakter alaraq dayandı.

Seymur Həzi, Foto:: Meydan TV


Azərbaycan hakimiyyəti niyə Ermənistanın provakasiyasından yararlanmadı?

Azərbaycanın dövlət sərhədlərinə Ermənistanın müdaxiləsindən iki aya yaxın vaxt keçib. Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə hər iki tərəfin itkiləri oldu, ancaq bir neçə gün davam edən döyüşlər nisbətən səngiməklə dayandı. Tərəflərin rəsmi açıqlamalarından başqa Ermənistan cəmiyyəti bu mövzuda sussa da, Azərbaycan tərəfi ciddi ictimai reaksiya verdi. Bu reaksiyadan hökumətin çıxardığı nəticələrə toxunmaq istəmirəm. Hərçənd bunun da prosesin özünə müəyyən ciddi təsirləri var. Hələlik biz münaqişənin həllində rol oynamağa iddialı və potensiallı olan regional-qlobal təsir mərkəzlərinin maraqları kontekstində Azərbaycan və Ermənistan tərəflərinin mümkün cəhdlərini gözdən keçirək. İlk növbədə maraqlı olan odur ki, 2020-ci il iyul olayları 2016-cı il aprel döyüşlərindən nə ilə fərqləndi.


Vasitəçisiz atəşkəs

2016-cı ilin aprel döyüşlərində Azərbaycan silahlı qüvvələri qoşunların təmas xəttində əks hücumla düşməndən mühüm strateji yüksəkliyi geri aldı. Bu uğurun davam etməsinə Rusiya Müdafiə nazirinin telefon zənginin mane olduğu deyilir. Ancaq bu, ara sözü deyil, Azərbaycanın Müdafiə naziri səviyyəsində edilən rəsmi açıqlamadır. 2020-ci ilin iyulunda isə hadisələr təmas xəttində deyil, Ermənistan Azərbaycan arasındakı dövlət sərhəddində baş verdi. Mahiyyətcə, bu, Ermənistanın rəsmi işğalçı olduğunun sübutu idi. Azərbaycan hakimiyyəti isə bu münbit provakasiyadan işğal zonasında əks-hücumla yararlanmadı. Üstəlik maraqlı məqamlardan biri da budur ki, əgər aprel döyüşü Rusiyanın vasitəçiliyi ilə dayandırıldısa, iyul döyüşləri səngiyən xarakter alaraq dayandı. Bunun belə olması isə əlavə suallar yaratdı. Azərbaycan hakimiyyəti niyə Ermənistanın bu provakasiyasından yararlanmadı? Bu hərəkəti, daha doğrusu, hərəkətsizliyi ziddiyyətlə təkzib edən addımlar da var ki, vəziyyəti daha da qəlizləşdirir.


ATƏT-dən niyə çıxırdıq?

Yaxud da belə bir sual verə bilərik- hanı ATƏT? Azərbaycan hakimiyyəti iyul sulahlı münaqişəsindən günlər öncə ən yüksək səviyyədə ATƏT-i tənqid edərək, Azərbaycanın bu qurumdan çıxa biləcəyini bəyan etdi. Elə olan durumda suallar yaranırdı ki, sonra nə olacaq? İlham Əliyevin bu bəyanı ilə döyüşləri vasitəçisiz dayandırmaq uyğun gəlmir. O halda uyğun gələrdi ki, o, rəsmən münaqişədən imtina edərdi. Bunu da etməyib. Bəs nə baş verir? “Bir müsibət min nəsihətdən irəldir” prinsipi ilə Rusiya Azərbaycan hökumətinə Ermənistanın arxasında dayanmağın xırda nəticəsini göstərdi. Azərbaycan hakimiyyəti isə bu göstəridən lazımı nəticəni çıxara bilmədi. Birincisi, Rusiyadan imtina qərarını qətiləşdirə bilmədi. Türkiyə ilə birgə hərbi təlimləri cəmiyyət Rusiyaya bir mesaj olaraq qəbul etsə də ( Türkiyə siyasi elitasının bəyanları da buna əsas verirdi), Azərbaycan rəsmiləri bunun ardınca cəld rus gəmilərini oynaya-oynaya qəbul etdilər və onun ardınca 26 avqustda Rusiyanın Müdafiə nazirinin Bakı səfəri bu gözləntidə olanları xeyli sakitləşdirdi. Görünən o oldu ki, vəziyyətin bu cür qızışması Azərbaycanın əsas problemini beynəlxalq diqqətdən kənarda qoydu. Son olaylarda ATƏT-in demək olar ki, ciddi reaksiya verməməsi onu deməyə əsas verir ki, münaqişə Rusiya və Türkiyə səviyyəsində militar sövdələşmə predimetinə çevrilməkdədir. Beynəlxalq missiyanın təcridi vəziyyətin dondurulması və bununla da AB-nin regionda irəliləməsində ciddi maneəyə çevrilməsi deməkdir. Ən başlıcası münaqişəni donmuş vəziyyətindən bir addım da geri ataraq ona amorf xarakter verə bilər.

Ana səhifəXəbərlərHanı ATƏT ?