“Hakimiyyətin əleyhinə çıxmıram, amma gəlib yaşayışıma baxsınlar”

“Adicə ayaqyoluna tək gedə bilmir”

Source: Specify Source


Mingəçevir sakini: “Gərək gedib əti dilinlə istəyəsən…”

Mingəçevir sakini Nilufər Balakişiyevanın gözləri görmür. 28 yaşlı qız yaxınlarının köməyi olmasa, addım ata bilmir.


Yarıqaranlıq həyat

Nilifərin atası Kamil Balakişiyevlə təsadüfən qarşılaşırıq. “Gedək, gözdən əlilin nə vəziyyətdə yaşadığını görün”, – bu ifadədən sonra onun evinə yola düşürük. Balakişiyevlərin evi Mingəçevirdən xeyli kənardadır. Ora heç marşrut avtobusları da getmir. Taksi bizi toz-torpaqlı yollarla aparır, nimdaş görkəmli evlərdən birinin qarşısında saxlayır.

Kamil Balakişiyev deyir ki, çox danışmağa ehtiyac da yoxdur, hər şey göz qabağındadır. O, məhdud imkanlarla daxma tikdiyini, təmir etməyə imkanı çatmadığını bildirir. Dağılmış döşəməni göstərir. Yarıqaranlıq otaqda, köhnə çarpayının üzərində Nilufər əyləşib. Gözlərini məchul nöqtəyə zilləyib, bir az büzüşüb, sanki üşüyür. Söhbətə başlayırıq. Bir az sonra Nilufərin halı pisləşir. Qız əsməyə başlayır, ona yardım göstərmək lazım gəlir. Söhbəti lap əvvəldə müvəqqəti saxlamalı oluruq…


“Gəlib yaşayışıma baxsınlar”

Nilufər anasını doğulanda itirib. Bundan sonra əmisinin himayəsinə verilib. Sağlamlığında problem olduğu üzə çıxıb. Əmisi vəfat edəndən sonra 12 yaşlı Nilufər atasına sığınıb. Atası ikinci dəfə evlənib ki, qızına baxan olsun. İndi Nilufərin hər qayğısını analığı çəkir.

“Çox çətindir. Adicə ayaqyoluna tək gedə bilmir. Həmişə yanında bir adam olmalıdır. 28 yaşı var, amma biz çimizdiririk. Gecələr halı qarışır. Bayaq özünüz də gördünüz. Həmin anlarda adam özü bilmir ki, necə davransın”, – Kamil Balakişiyev danışır.

“Əsas şikayətiniz nədəndir?” sualına ata “uşağa şərait yaratsınlar” cavabını verir. Deyir ki, Nilufərlə heç kim maraqlanmır: “Dövlətdən heç nə istəmirəm. Hakimiyyətin əleyhinə çıxmıram, amma gəlib yaşayışıma baxsınlar. Bu şəraitdə əlilə baxmaq olmur. Bu dəqiqə yalnız qızım haqda düşünürəm. Ona bu cür vəziyyətdə yaşamaq olmaz”.

image_from_ios.jpg
Deyir ki, Nilufərlə heç kim maraqlanmır


“Pulu olan sosial yardım alır”

Nilufər birinci qrup əlildir. Müavinət heç onun müalicə xərclərinə yetmir. Kommunal Təsərrüfat İdarəsində işləyən atası cəmi 300 manat maaş alır. Bu pulla ailə birtəhər yaşayır, amma ev şəraitini yaxşılaşdırmağa heç nə qalmır. “Bu yerlərə imkansız adamlar yığışıb. Problemləri həll edən yoxdur. Adicə qazı da öz gücümə çəkdirmişəm”, – Kamil Balakişiyev belə deyir.

Nilufərin atası bildirir ki, üz tutduğu hər qurumda laqeyd nümasibətlə qarşılaşıb. Sosial yardım almağa da cəhd göstərib: “Neçə dəfə müraciət eləmişəm, xeyri yoxdur. Deyirlər ki, elektronlaşdırılıb. Mənim bu şəhərdə tanımadığım adam yoxdur. Elektronlaşdırma boş söhbətdi. Pulu olan sosial yardım ala bilir”.

Nilufər susur, hiss olunur ki, diqqətlə qulaq asır. Daha həyəcanlanmır, evdəki yad adama alışıb. Atası isə qızına lazımınca qulluq edə bilməməyin əziyyətini yaşayır: “Gözdən Əlillər Cəmiyyətində qeydiyyatdadır. Qurban bayramında ət paylayırlar. Mənim uşağım düz-əməlli ət yemir. Gərək gedib orada dilinlə ət istəyəsən. Adam qüruruna sığışdırmır…"

Mingəçevir Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Sosial Müdafiə Fondundan isə Meydan TV-yə deyilib ki, sosial müavinətlər elektron şəkildə qəbul edilmiş sənədər əsasında verilir:

“Əgər kimsə vətəndaşa pulla həll olunduğunu deyirsə, onu aldadır. Belə bir problemlə üzləşibsə, fonda müraciət etsin, araşdıraq”.

image_from_ios (1).jpg
Balakişiyevlərin evi Mingəçevirdən xeyli kənardadır.
Ana səhifəBölgə“Hakimiyyətin əleyhinə çıxmıram, amma gəlib yaşayışıma baxsınlar”