Həbslər, saxlanılmalar, işgəncələr…

Nurlan Libre, foto: Meydan TV

“Meydan TV işi” üzrə həbs edilən Nurlan Libre təcridxanadan yazır:

“Bu həyatı bir az cəsurca, bir az təhlükəli, riski gözə alaraq yaşamalıyıq. Ələlxüsus da bu həyatı (istər yaxşı, istər pis olsun) istənilən halda itirməyə məhkum olduğumuza görə” – Fridrix Niçşe

16 yaşımda kollecə qəbul olmuşdum. O zamanlar – 2013-cü ildə ölkədə vətəndaş cəmiyyəti institutları “ərəb baharı” adlanan beynəlxalq etirazlardan ruhlanaraq, ölkədə demokratik tələblərlə etiraz aksiyaları keçirirdi. Təəssüf ki, həmin dövrlər yaşımın azlığından etirazlara ancaq tamaşa edə bilirdim.

Yadıma gəlir, ilin sonlarında prezident seçkiləri keçirilmişdi və müxalifətin vahid namizədi Cəmil Həsənli seçki saxtakarlığına etiraz olaraq xalqı “Məhsul” stadionuna dəvət etmişdi. Mən də ailəmin razılığı olmadan həmin aksiyaya getmişdim. Yolu tanımadığım üçün polisdən stadionun yerini soruşduğumu xatırlayıram. Aksiyadan sonra isə cibimdə metroya verməyə pul olmadığı üçün “İnşaatçılar”dan “20 Yanvar”a piyada qayıtmışdım. Bu mənim qatıldığım ilk aksiya idi. Sonralar da bir neçə icazəsiz aksiyaya qatılmışdım. Amma əhəmiyyətsiz hadisələr olduğu üçün sözü çox uzatmıram.

Həmin dövrlər özümü bir fərd olaraq axtardığım zamanlar idi. “Mən kiməm? Asosial tələbə, yoxsa cəmiyyətə adaptasiya ola bilməyən inqilabçı?”. Özümü axtardığım bu dövrlərdə hər gün kitab oxuyur, siyasi məhbuslarla bağlı xəbərləri izləyir, hətta Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzvlük üçün anket belə yazmışdım. Düzdür, həmin vaxt yaşım az olduğu üçün qəbul etmədilər, amma qəbul olsaydım, Əli bəy müraciətimi təsdiq edən cəbhəçini hər gün söyərdi.

2014-cü il xatirimdə “N!DA” Vətəndaş Hərəkatı üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesləri ilə yadda qalıb. O zaman ilk dəfə bu dünyada tək olmadığımı və mənim kimi əqidəli insanların olduğunu görmüşdüm. Bu mənə çox böyük stimul vermişdi.

Həbs edilən gəncləri tanımasam da onlara öz doğmam kimi yanaşırdım. Sonralar İlkin Rüstəmzadə ilə tanış oldum. Onunla çox yaxın dost olduq. Onunla bağlı xatirələrimi daha geniş yazacam.

Nidaçılara hökm oxunduğu günü xatırlayıram. Hava çox isti idi. Hər yerdə polis var idi. Bir gənc xanım əlində kamera reportaj hazırlayırdı. Yaman cəsarətli görünürdü. Sonradan o xanımın “Meydan TV”də çalışan Sevinc Vaqifqızı olduğunu öyrəndim. “Meydan TV” o zamanlar hələ yeni yaranmışdı.

Qəfildən Ağır Cinayətlər Məhkəməsinin ikinci mərtəbəsinin pəncərələrindən biri açıldı və bir jurnalist nidaçılara verilən hökmü səsləndirdi. Bu zaman məhkəmənin ədalətsiz qərarından qəzəblənən gənclər siyasi şüarlar səsləndirməyə başladılar. Mən də onlara qoşuldum.

Bu zaman spontan olunan aksiyaya polis müdaxilə etdi. Biz qaçdıq və bir saat sonra 22-ci polis bölməsinin qarşısında saxlanılan şəxslər barəsində xəbər almaq üçün toplandıq. Həmin gün anladım ki, mən burada olmaqdan xoşbəxtəm. Mənim yerim buradır, diktatur rejiminə qarşı çıxan gənclərin yanıdır.

Mənə sıradan insanların yaşadığı monoton həyat maraqlı deyil. İnqilabçı olaraq doğulmuşam və inqilabçı olaraq öləcəm.

Bu dövrlərdə mənim həyatıma ədəbiyyat, fəlsəfə, kino girməyə başladı. Çoxlu yeni insanlar tanıdım. Ofisiant işləyirdim. Eşq sarıdan bəxtim gətirməsə də özümü realizə etdiyim üçün xoşbəxt idim.

İlk dəfə polis işgəncəsi ilə 2015-ci ildə tanış oldum. Naxçıvanın indiki daxili işlər naziri Süleyman Nemətov həmin dövrdə Sumqayıtda polis rəisi idi. Axşam evə qayıdarkən iki maşın polis məni məhəllənin girişində gözləyirdi. Məni saxladılar, apardılar idarəyə, əməllicə çırpdılar, hələ çantama qumbara da qoydular. Fikirləşirdim ki, yolum başlamadan bitdi. Nə əcəbsə ertəsi gün buraxdılar. Həmin vaxt çox ciddi sarsıntı keçirmişdim. Amma yenə də inandığım yolla getməyə davam etdim.

Beləcə illər keçdi. Hərbi xidmətə yola düşdüm.

Orada da 1 il 6 ay dinc dayanmadım. Tez-tez zabitlərlə söz davasına çıxırdım. Əsgərlər ilk vaxtlar məndən uzaq gəzsə də sonradan onların hüquqları uğrunda mübarizə apardığımı anlayıb mənimlə mehriban münasibət qurdular. Bu, nə qədər marjinal biri olsam da, özümü cəmiyyətə sevdirməyi bacaracağımı özümə sübut etdiyim an idi.

2018-ci ildə hərbi xidmətdən yenicə qayıtmışdım və özümə iş axtarırdım. Tapacağım işdə həm sərbəst qrafikə malik olmalıydım, həm də siyasi mövqeyimə görə təqib edilməməliydim. Elə bu zaman həyatda şans üzümə ilk dəfə güldü və “Kanal13” internet televiziyasında özümə iş tapdım. İlk reportajımda da Fatimə Mövlamlı ilə tanış oldum. Hələ o zamanlar bilmirdim ki, həvəskar olaraq başladığım bu peşə mənim taleyim, Fatimə də həbsxana yoldaşım olacaq. Beləcə mənim jurnalistika karyeram başladı. Sonralar Teymur Kərimov və Əvəz Hafizli ilə dostlaşdım. Həyat yoldaşımla da bu peşə sayəsində tanış oldum. Getmədiyim polis bölməsi qalmadı. Çox yaxşı dostlar qazandım. İlk dəfə özümü aid olduğum yerdə tapdım.

İlk dəfə 2018-ci ildə mən və Fatimə aksiyada Əli Kərimli və bir qrup cəbhəçi ilə birlikdə saxlanılmışdıq. İki gün sonra məhkəməyə çıxarıldıq və 500 manat cərimə olunduq. Həmin vaxt 250 manat maaş alırdım. Bu məbləğ mənim üçün çox katastrofobik səslənirdi. Bir neçə ay sonra Mehman Hüseynova dəstək aksiyasında saxlanıldım və bu dəfə canımı rahat qurtara bilmədim.

21 gün inzibati qaydada həbs olundum. Həbsdəykən düşünməyə çox vaxtım var idi. Bir neçə dəfə karyeramı bitirmək barədə düşündüm.

İlk dəfə 500 manat cərimə edildim, iki ay sonra qısamüddətli həbs. Növbədə məni cinayət işi gözlədiyini bilirdim. Amma yenə də əl çəkmədim.

Həmin həbsə görə 2500 avro kompensasiya da aldım. Hələ də düşünürəm ki, həmin vaxt təslim olsaydım nə olardı? Böyük ehtimalla indi azadlıqda olardım və jurnalistikada  qazandığım puldan çox daha artığını qazanardım. Amma xoşbəxt olmazdım. Bəzi insanlara rahat həyat kifayət etmir. Onlar həyatlarına rəng qatacaq, uğrunda mübarizə aparacaqları ideyaya ehtiyac duyurlar. Tarix kitabları belə insanların bioqrafiyaları ilə doludur. Mən də elə insanlardan biriyəm. Tarix kitablarına adım düşməyi barədə bir şey deyə bilmərəm, amma dəqiq xalqın kollektiv yaddaşına indidən yazılmağı bacarmışam.

Həyatımın birinci yarısı ilə bağlı kitab yazmağı düşünürəm. Proloq əvəzi bu mətndən istifadə edəcəm. İyirmili yaşlarımın sonunda bir kitablıq ömür yaşamışam. Bu əslində böyük uğurdur. İnsanların böyük əksəriyyətinin ömründən heç novella da çıxmır. Bəli, təkəbbürlü səslənə bilər. Amma özünə layiqli qiyməti verməyən adama niyə cəmiyyət qiymət versin ki?

Bu qısa həyatımda gözəl qızlarla sevişdim, yaxşı dostlar tanıdım. Həmkarımın vaxtsız ölümünə yas tutdum, dəli kimi rəqs etdim, qusana qədər içdim. Nazım Hikmətin “Yaşamağa dair” şeirini həyatıma rəhbər bildim – “Yaşadım deyə bilmək üçün”.

Bu sətirləri Bakı İstintaq Təcridxanasında yazıram. Burada günüm kitab oxumaqla, film izləməklə və yazacağım kitabla bağlı qeydlər hazırlamaqla keçir. Geriya baxıb 28 illik həyatımı nəzərdən keçirəndə peşman olduğum epizodlar olsa da, yekunda kifayət qədər maraqlı həyat keçirmişəm.

(Nazım Hikmət misalı qələmim bitdi, yeni qələm götürdüm).

Zamanı geriya almaq imkanım olsaydı, universitet oxumaq və ingilis dili öyrənmək istəyərdim. Başqa səhvlərim də var, amma bunlar ailəmin bilavasitə iştirakı ilə baş verdiyinə görə öz məsuliyyətim hesab etmirəm.

Yazmağa çox şey taparam, amma daha da uzatmaq istəmirəm. Həbslər, saxlanılmalar, işgəncələr… Bu illər ərzində başıma o qədər çox hadisə gəlib ki, ya gərək hamısını yazım, ya da heç birini. Hadisələrdən ziyadə tanıdığım ictimai siyasi fəallarla bağlı xatirələrimi yazacam.

Hamını tərifləmək kimi məqsədim yoxdur. Bir insan kimi portretlərini rəsm edəcəm. İnsanlarla bağlı yazmağa hələ tələsmirəm. Azadlığa çıxanda yazacam. Həm həbsdə kimləsə düşmən olmaq mənə sərf etməz, həm də hadisələrin içində olanda düzgün qiymət vermək olmur. Verəcəyim mülahizələr şəxsi yanaşmam olacaq. Bir az da dediqodu predimeti daşıyacaq. Bizim millət ölür dediqodudan ötrü. Həm xatirələr həmişə xoş olacaq deyə bir qayda yoxdur.

Nurlan Libre
Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarHəbslər, saxlanılmalar, işgəncələr…