“QHT işi” üzrə həbsdə olan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun qızı Aysu Əhmədova ictimaiyyətə müraciət edib.
Aysu Əhmədova özünün “Facebook” səhifəsində yazaraq bildirib ki, artıq yaşadığı çətinliklərə susa bilmir. O, anasının nevroloji xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.
“Anam hazırda xəstəxanadadır. Ona xroniki nevroloji xəstəlik klaster baş ağrısı (Cluster Headache, MKN-10: G44.0) diaqnozu qoyulub. Xəstəlik qısa müddət əvvəl krizlə başladı və o zamandan etibarən həyatımız bir daha dəyişdi. Bu xəstəliyin ömür boyu davam edəcəyini, hər krizin isə onun sağlamlığına bir az daha zərər verəcəyini öyrəndik”, – deyə o yazıb.
Əhmədova müraciətində yazıb ki, anası keçirdiyi tutmalar zamanı yeriyə, danışa bilmir. Bununla yanaşı yaddaşını itirdiyini, sözləri deməkdə çətinlik çəkdiyini bildirib.
“Ağır krizlər zamanı anam danışa bilmirdi, yeriyə, yemək yeyə, hətta su belə içə bilmirdi. Nəticədə nevroloji və vegetativ simptomlar yarandı. O deyəcəyi şeyləri, hətta mənim adımı belə unudur, adi sözləri deməkdə çətinlik çəkir və yeriyərkən koordinasiyasını itirir. Ağrılar onun səsini, addımlarını, sözlərini əlindən alarkən mən səssizcə yanında dayanmağa çalışıram”, – deyə Əhmədova yazıb.
O deyir ki, atasının həbsdə olması bu müddətdə onların daha çox stress və gərginlik yaşamasına səbəb olub. Həmçinin o qeyd edib ki, atası həbsdə olduğundan ailənin bütün yükü onun üzərindədir.
“Bu qədər ağır vəziyyət təsadüfən yaranmayıb. Aylarla davam edən stress, gərginlik və psixoloji yük nəticəsidir. Atam var, amma kömək edə bilmir. Atamın olmadığı bir dövrdə anamın bu vəziyyətə düşməsi evin bütün yükünü mənim üzərimə qoyub. Azyaşlı bacımın qayğısı, atamın təcridxanadakı ehtiyacları, xəstəxana ilə bağlı məsələlər, ailə işləri təkbaşına mənim üzərimdədir. Üstəlik mən təhsilimə də davam etməyə çalışıram”, – deyə Aysu Əhmədova yazır.
Əhmədova deyir ki,onun insan haqları, ailə və qadın institutlarına ümidləri yoxdur.
“Atamın məhkəmə prosesi getdiyi bu dövrdə həddindən artıq stress və həyatda güclü qalmaq mübarizəsi verərkən yetərincə yorulduq, amma bu yükü anamla bölüşürdük. İndi isə onun etdiyi bütün işləri və daha artığını edərkən tək başına mübarizə aparmağa məcbur qalmışam. İnsan hüquqları, ailə və qadın institutlarından isə ümidimiz yoxdur. Bizim səssiz mübarizəmizə onlar da səssizlik ilə cavab verirlər”, – deyə Əhmədova qeyd edib.
Asəf Məmmədov 2025-ci il aprelin 9-da “QHT işi” çərçivəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olunub. Apreldə daha üç nəfər – Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.