Fatimə Mövlamlı insanlardan ondan nigaran qalmamağı istəyib
“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan məktub yazıb.
O deyib ki, təcridxanada rastlaşdığı siravi vətəndaşlar onun qaçaqmalçılıqda ittiham edildiyini bilən kimi, jurnalist olduğunu güman edirlər.
“İnsanlar müstəqil jurnalistlərin qaçaqmalçı olduğuna inanmır, hətta bu maddənin sırf jurnalistlərin şərlənib həbs edilməsinə yaradığını düşünür”, – Fatimə Mövlanlı yazıb.
Jurnalist həbsini gülüşlə qarşıladığını və ona qarşı olan bütün məhrumiyyətlərin əbəs yerə olmadığına əminlik duyduğunu qeyd edib.
“Qara maskalı polislər qoluma qandal vuranda gülürdüm. Oyuncaq məhkəmə həbsimə qərar verəndə də, indi bu yazını yazdığım həbsxana kamerasında da gülürəm. Bizi şərləyib həbs edənlərin üzünə vurduğumuz həqiqətlərin qarşısında düşdükləri aciz vəziyyət məni daha da güclü edir”, – jurnalist əlavə edib.
Fatimə Mövlamlı insanlardan ondan nigaran qalmamağı istəyib.
“Möhkəməm. Qoluma vurulan qandalı yeni jurnalist vəsiqəm hesab edirəm”, – jurnalist deyib.
Fatimə Mövlamlı 2025-ci il fevralın 28-də “Meydan TV işi” üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülərək həbs ediliblər.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs olunub.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbsə məhkum edilib.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.