Gürcüstandan “pis” nümunə

Gürcüstanda ötən parlament seçkilərindən sonra baş tutan etirazların yaratdığı siyasi nəticələr belə idi ki, “Vahid Milli Hərəkat” bloku və onun ətrafındakı müstəqillər qrupu parlamet seçkilərinin nəticələrinə etiraz olaraq onun işində iştirakdan imtina ediblər

Seymur Həzi, Foto:: Meydan TV


Baş nazirin istefasından hansı nəticələr çıxa bilər?

Qonşuluqda baş verən nəinki ədəbiyyat, hətta siyasət hadisələri belə bizə yuxu kimi gəlir. Əslində o bizə çox yaxındır, öz yuxumuz kimi, çünki biz onu görürük. Amma elə yuxu kimi də uzaqdır. Nədən ki biz onu yaşamırıq. Belə yuxular hələ ki çin çıxmır. Söhbətin nədən getdiyini açıqlamaq üçün sizi çox gözlətməyək; Gürcüstanın Baş naziri Giorgi Qaxaria istefa verib. Özü də çox maraqlı səbəbdən. Maraqlı yox, bizim ölkəmiz üçün həm də qəribə, “anlaşılmaz” səbəbdən…

Baş nazir açıqlamasında bildirib ki, müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib: “Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.

Bu açıqlamada təmsilçi demokratiyanın nəinki cücərdiyinin, hətta Gürcüstan siyasətində kök atdığının göstəriciləri var. Siyasi məsuliyyət və siyasi maraqlar kontekstində dövlət maraqları, hakimiyyətin varisliyi prinsipinin müqəddəsliyinin dərki özünü açıq biruzə verir.


Bəs əslində qonşuluqda nə baş verir?

Gürcüstanda ötən parlament seçkilərindən sonra baş tutan etirazların yaratdığı siyasi nəticələr belə idi ki, “Vahid Milli Hərəkat” bloku və onun ətrafındakı müstəqillər qrupu parlamet seçkilərinin nəticələrinə etiraz olaraq onun işində iştirakdan imtina ediblər. Dünən müxalifət lideri həbs edilib. Onun ardınca Baş nazir istefa verib. O hesab edib ki, bu qərar ölkədə qütbləşməni yumşaldacaq. Onun ardınca isə bütün hökumət istefaya gedib. İndi Gürcüstanda hökumət yoxdur, müxalifət lideri də həbsdədir, amma siyasi proses var: gələcəyi aydınlaşdırmağa xidmət edən siyasi proses…


Yeni hökimət, yeni seçki, yoxsa yenidən həbslər?

Gürcüstan hökumətinin istefaya getməsi ölkədə bir neçə yeni hadisənin başlanğıcı ola bilər. Bəziləri hesab edir ki, ya hazırkı "hökumət böhranı" liderinin azad edilməsi şərti ilə yeni seçkilərin keçirilməsinə səbəb olacaq, ya da yeni hökumətin formalaşmasında müxalifət partiyası da iştirak edəcək, kimsə vəzifəyə gətiriləcək. Ancaq hələ məlum deyil ki, Baş nazirin istefası parlamentdəki çoxluğun sayına necə təsir edəcək. Əgər indiki halda yeni hökumət təşkil etmək mümkün olsa, bu indiki vəziyyətin taleyini də sual altına alacaq. Yəni yeni həbs dalğaları da gözlənə bilər…


İkinci böyük “çəkilmə”

Unutmaq olmaz ki, Georgi Qaxariyanın istefasından öncə hakim “Gürcü Arzusu” Partiyasının qurucusu və sabiq Baş nazir İrakli İvanaşvili siyasətdən getdiyini açıqlamışdı. Onun bu açıqlaması da məhz Gürcüstanda sonuncu parlament seçkiəri ərəfəsinə təsadüf edirdi. Görünür ki, “Gürcü Arzusu” artıq ölkənin siyasi həyatındakı yeni tendensiyaların avanqardı ola bilmir. Bunun siyasi nəticələri də artıq ortadadır. Amma ölkədə siyasi proseslərin məhz siyasətçilər tərəfindən yönləndirilməsi burada da hakimiyyətin varisliyi prinsipini önəmli faktor kimi önə çəkir. Qaxarianın istefası məhz bu prinsipin yaşamasına xidmət edəcək. Bu isə Gürcüstanın artıq yeni yola rəvan olması deməkdir…

Ana səhifəXəbərlərGürcüstandan “pis” nümunə