Gürcüstanda etirazçılara zorakılıq edən polislər cəzalandırılıb

Gürcüstanın hakim partiya sədri etirazçıların tələblərindən birini qəbul edib

Source: Meydan TV

10 polis işdən çıxarılıb, 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib

İyunun 20-də Gürcüstan parlamenti qarşısında baş verən qarşıdurmadan sonra hökumət etirazçıların tələblərinə reaksiya verib.

İyunun 24-də etirazçılara qarşı zorakılığa yol verən polislər cəzalandırılıb.

Bu barədə jurnalistlərə açıqlama verən ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze 10 polisin orqandan çıxarıldığını deyib:

“2 polis əməkdaşı isə cinayət məsuliyyətinə cəlb olunub və müvafiq materiallar Baş Prokurorluğa göndəriləcək”.

Ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili isə bildirib ki, gələn il keçiriləcək parlament seçkilərində proporsional seçki sistemi bərpa olunacaq:

“Seçkilərin sıfır seçki baryeri şəraitində keçiriləcək”.

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. “Gürcüstan Arzusu” Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı Baş katibinə həvalə olunmasını tələb ediblər.

Bundan sonra Gürcüstan parlamentinin qarşısında onminlərlə insan etiraz aksiyası keçirməyə başlayıb. Rusiyalı deputatların etirazlar başladıqdan sonra Gürcüstanı tərk ediblər.

Ana səhifəDünyaGürcüstanda etirazçılara zorakılıq edən polislər cəzalandırılıb