Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri telefon zənginə görə həbs olunub

Mirtağı Əsədov həqiqətən də telefonda həyat yoldaşı ilə yüksək səslə danışıb?

Source:

Əsədovun həyat yoldaşı Şəhanə Hacıyeva deyir ki, o, telefonda yüksək səslə danışmayıb. Azərbaycan polisi isə telefonda yüksək səslə danışdığı üçün Əsədovu xuliqanlıq və polisə itaətsizliyə görə saxlayıb.

Noybarın 8-i Mirtağı Əsədov Nərimanov Rayon Məhkəməsində 30 gün müddətinə həbs olunub.

Əsədov Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəridir. İdarə Gürcüstan müsəlmanlarını təmsil edən əsas qurumlardan biridir.  Noyabrın 7-i ailəsini ziyarət etmək üçün Bakıya səfəri zamanı Əsədov “Sınıq Körpü’ gömrük məntəqəsində saxlanılıb. O, daha sonra həyat yoldaşına zəng edərək saxlanıldığını bildirib.

Məhkəmə sənədinə görə, Mirtağı Əsədov telefonda yüksək səslə danışaraq nalayiq ifadələr işlədib. Bunu görən polis ona yaxınlaşaraq yüksək səslə danışmağı və nalayiq ifadələr işlətməyi dayandırmasını  istəyib.

Şəhanə Hacıyevanın sözlərinə görə, Əsədov telefonda danışan zaman heç bir nalayiq ifadə işlətməyib.

“O, heç vaxt belə sözlərdən istifadə etmir. Küçədə müzakirə ediləcək dərəcədə də problemimiz yoxdur”,- Hacıyeva belə deyib:

“Mənə zəng edərək Daxili İşlər Nazirliyinə aparıldığını dedi”. Hacıyeva M.Əsədovun zəngindən sonra nazirliyə getsə də, heç bir məlumat əldə edə bilməyib.

Mirtağı Əsədovu Bakıya gətirən taksi sürücüsü Qazax Rayon Polis Şöbəsində 30 dəqiqə gözlədikdən sonra onun saxlanıldığını bilib.

“Polis şöbəsindən gələrək mənə bildirdilər ki, Əsədovu Bakıya özləri gətirəcəklər”,- taksi sürücüsü ailəsinə onun saxlanılması barədə məlumat verib.

Məhkəmə sənədinə görə, Mirtağı Əsədov noyabrın 8-i Əlizadə küçəsində saxlanılıb. Ancaq o, noyabrın 7-i “Sınıq Körpü” gömrük məntəqəsinə keçən zaman saxlanılaraq polis şöbəsinə aparılıb. Ailəsinə hələ də onunla görüşməyə icazə verilmir.

Şəhanə Hacıyeva Əsədovun həmişə sərhədi keçən zaman 5-10 dəqiqə sorğu-sual olunduğunu bildirir.

Mirtağı Əsədov Gürcüstanda anadan olub, ondan sonra 1990-cı illərdə Azərbaycana köçüb. 2016-cı ilə qədər o, Gürcüstan və Azərbaycanın vətəndaşı olub.  Gürcüstan Daxili İşlər Nazirliyindən gələn bildirişdən sonra Əsədov könüllü şəkildə Azərbaycan vətəndaşlığından imtina edib.

“Əsədov könüllü şəkildə Azərbaycan vətəndaşlığından imtina edib. Azərbaycana giriş-çıxışında heç bir problem olmayıb. O, Azərbaycandan və ya başqa bir ölkədən qayıtdıqda Gürcüstan sərhəddində  40 dəqiqə xüsusi şəkildə yoxlanılırdı”,- Əsədovun yaxın dostu Oqtay Kazımov belə deyir.

Mirtağı Əsədov 2017-ci ildə “Facebook” səhifəsində Gürcüstan Daxili İşlər Nazirliyi, Gəlirlər Departamenti və Sərhəd Polisini məhkəməyə verməsi ilə bağlı post paylaşıb. O, sərhəddə heç bir izahat olmadan bir saatdan çox saxlanılmasını özünə qarşı ayrı-seçkilik hesab etdiyi üçün belə bir addım atdığını postunda qeyd edib.

“Məhkəmədə qaldırdığımız iddialar dini və şəxsi zəmində mənə qarşı olan diskriminasiya ilə bağlıdır. Gürcüstana daxil olanda heç bir izahatsız məni 1 saata yaxın sərhəddə saxlayırlar, hansısa naməlum yerlərə zəng vurulduqdan sonra mənim ölkəyə girişimə icazə verirlər. Bundan sonra başqa bir otağa salaraq üst-başımı yoxlayırlar. Bunu özümə qarşı diskriminasiya və təhqir hesab edirəm”, – Əsədov “Facebook” səhifəsində bildirib.

Mirtağı Əsədov Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini 2013-cü ildə qeydiyyatdan keçirib. O, Gürcüstan hökumətinin Müsəlman dini təşkilatlarına qarşı olan siyasətinini hər zaman tənqid edib.

Onun yaxın dostu Oqtay Kazımovun sözlərinə görə, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi İmam Əli Məscidi və İmam Əli Xeyriyyə Fondu ilə birlikdə tədbirlər təşkil edib.

“Əsədovun dini idarəsinin ikinci istiqaməti hüquqi mübarizə idi. Mirtağının hökumətin verdiyi qərarlarla bağlı heç bir ziddiyyəti yox idi, sadəcə həmin qərarların yerinə yetirilməsini istəyirdi”,- O.Kazımov belə qeyd edib.

Ana səhifəXəbərlərGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri telefon zənginə görə həbs olunub