Mənbə: Facebook

Gürcüstan DİN: Azyaşlının nişanlanması ilə bağlı cinayət işi açılıb

Məqalə yeniləndi:  9 Fevral 2021

Azər Süleymanov: "Dövlət qanun qəbul edib ki, 18 yaşından tez evlənmək cinayət əməlidir"

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan video ilə əlaqədar istintaqa başlayıb.

Bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, Tbilisi polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin müdiri video yayımlandıqdan dərhal sonra hərəkətə keçib və Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaq başladıb.

Videoda qeyd olunan halların müəyyənləşdirilməsi üçün göstərilən cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər aparılır.

Gürcüstanda oğlanların və qızların nikah yaşı 18-dir. Hökumət erkən nikahlarla bağlı qanunu nə qədər sətləşdirsə də, məhz etnik Azərbaycan əhalisinin yaşadığı ərazilərdə hələ də yayğındır.

Gürcüstan qanunvericiliyinə görə, 18 yaşdan aşağı insanlar azyaşlı hesab edilir, evlənmələri cinayətdir. Ancaq bu halların mütəmadi təkrarlanması Gürcüstan hökumətini 2016-cı ildə qanunları da da sərtləşdirməyə vadar edib.

Gürcüstan hökuməti xüsusi hallarda 18 yaşından aşağı insanların nikahına izin verir. Əvvəllər qəyyumun izni ilə xüsusi hallarda nikaha izin verilsə də, 2016-cı ildən sonra yalnız məhkəmə icazəsi alındıqdan sonra və bir uşağın doğulması kimi ciddi bir səbəb olduğu zamanlarda 16-17 yaşlı yeniyetmələrin nikahına icazə verilir.

2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) əmri ilə hazırlanan bir hesabata görə, Gürcüstan, Türkiyə və Moldova ilə birlikdə Avropa ölkələri arasında ən yüksək erkən nikah nisbətlərinə sahibdir.

Mövcud məlumatlara görə, Gürcüstanda 20-24 yaş arası qadınların təxminən 17 faizi yetkinlik yaşına çatmadan ailə qurub. Moldovada bu göstərici 19 faiz, Türkiyədə isə 14 faizdir.

2014-cü ildə Gürcüstanda həyat yoldaşlarından birinin 16 ilə 18 yaş arasında olduğu 659 nikah qeydə alınıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 2019-cu ilin mayında yayımlanan son Gender Bərabərsizlik İndeksinə görə, Gürcüstanda 15-19 yaşlı qızların 14 faizi evlidir.

Gürcüstanın hüquq müdafiəçilərinin 2018-ci il illik insan hüquqları hesabatında yetkinlik yaşına çatmayan nikahların əksəriyyətinin qeydiyyata alınmadığı bildirilir.

Hesabatda 738 yetkinlik yaşına çatmayanların valideyn olduqları qeyd edilib. Bunlardan 715-i qadın, 23-ü kişidir.

Gürcüstan parlamentinin sabiq deputatı, Vahid Milli Hərəkat partiyasının siyasi şurasının üzvü Azər Süleymanov deyir ki, onlar da Poniçala (Soğanlı) kəndində azyaşlı övladlarına nişan mərasimi təşkil edən ailələrlə bağlı Gürcüstan dövlət orqanlarına müraciət ediblər: “Təəssüflər olsun ki, Gürcüstanın Soğanlı ərazisində yaxın qohumlar öz azyaşlı övladlarını nişanlayıblar. Niyyətləri var ki, evləndirmək üçün 18 yaşlarınadək gözləsinlər. Əslində isə bu yaşda qızı nişanlamaq yox, oxutmaq, peşə vermək lazımdır. Mən o valideynlərə valideyn deməzdim. Təəssüf ki, erkən ailə qurmaqla bağlı bu cür xoşagəlməz hallar Gürcüstanın bəzi kəndlərində hələ də qalıb. Biz bununla bağlı çoxlu müzakirələr aparmışıq, insanları maarifləndirmişik”.

Azər Süleymanov bildirir ki, son vaxtlar belə halların sayı azalmışdı, ancaq yenə də bəzi ailələrdə belə hallar davam edir: “Dövlət qanun qəbul edib ki, 18 yaşından tez evlənmək cinayət əməlidir. Amma görünür ki, bu sahədə də boşluq var”.

Azərbaycanın da bəzi bölgələrində, xüsusən cənub regionunda qızların məktəbdən çıxarılıb, erkən yaşlarda ailə qurması problemləri var: “Azərbaycanda oxuma-yazma bilməyən 15-24 yaşlı insanların 67 faizi qadınlardır. 25-64 yaş qrupu arasındakı faiz isə 77.5-dir”.

BMT-nin Bakı ofisinin müşaviri, bir sıra qadın inkişaf layihələrinin təşəbbüskarı Şəmsiyyə Mustafayeva femmekan.com-a (https://femmekan.com/azerbaycan-qadininin-qerarvericilikdeki-soz-haqqi/) belə deyib.

Şəmsiyyə Mustafayeva bildirir ki, 64-dən yuxarı yaş qrupunda faiz dərəcəsi daha yüksəkdir: “Cəmiyyətdə qadın və kişilər arasındakı bərabərsizlik çox yüksəkdir. Yazma-oxuma bilməmək məlumatdan məhrum olmaq deməkdir. Rəqəmlərə baxın, oxuma-yazma bilməyən hər 5 min kişi sayına 10 764 qadın düşür. Ali təhsili olmayanların sayı da çoxdur. Məktəbdən kənar qalmış qızlar oğlanlardan 3 dəfə artıqdır”.

Gender eksperti bölgələrdə qızların yuxarı siniflərdə məktəbdən çıxarılması və nikaha salınmasından da söz açıb: “Valideyn düşünür ki, qız uşağı oxuyub nə edəcək, hara gedəcək. Onun bu yanaşması təhsilsizliyə gətirib çıxarır. Statistikaya nəzər salsaq, Azərbaycan qadınların təhsil almasına görə 162 ölkə arasında 73-cüdür. Qazaxıstan 44, Özbəkistan 62-ci sırada yer alır. Qadınların orta məktəbdə təhsil alması təxminən 94, kişilərdə isə 97 faizdir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jy0jll

Ən çox baxılan