”Gürcüstan artıq azərbaycanlı dissidentlərə qucaq açmır”

“Gürcüstanın Azərbaycan üçün edə biləcəklərinin də bir həddi var”

Source:
Giorgi Margvelashvili və İlham Əliyev
Giorgi Margvelashvili və İlham Əliyev
Giorgi Margvelashvili və İlham Əliyev
Giorgi Margvelashvili və İlham Əliyev


“Gürcüstanın Azərbaycan üçün edə biləcəklərinin də bir həddi var”

Gürcüstan həmişə Azərbaycandan hakimiyyətin təqibindən qaçan dissidentlərin təhlükəsiz məkanı olub. Ancaq son aylar bir sıra müxalifət fəallarına Gürcüstanda yaşayış izninin verilməməsi Tbilisinin rəsmi Bakıyla əməkdaşlığa getməsiylə bağlı ittihamlara yol açıb. EurasiaNet.org portalı Lalə Əliyeva imzalı jurnalistin bu haqda məqaləsini

dərc edib.

Müəllif son bir-iki ayda Meydan TV ilə əməkdaşlıq edən Camal Əlinin Tbilisiyə buraxılmamasını, həmin televiziyaya işləyən Günel Mövlud və əri Hacı Hacıyevin Gürcüstanı tərk etməyə məcbur qalmasını yada salır. Tbilisidə 3 il yaşayandan sonra cütlüyə yaşayış izni verilməyib. Bütün bu şəxslərə Miqrasiya Qanununun 18-ci maddəsiylə imtina olunub, yəni Gürcüstanın dövlət təhlükəsizliyinə hədə sayıldıqları üçün hökumət onlara qaçqın statusu verməyib.

Daha bir müxalifət jurnalisti Leyla Mustafayeva da imtina cavabı alıb. Müxalifət fəalı Daşqın Ağalarlı isə iyunun 10-dək Gürcüstanı tərk etməlidir. O, Bakının onunla bağlı qərarda rolu olduğunu düşünür.

“Azərbaycan Gürcüstana təzyiq göstərdiyi üçün mənə sığınacaq verilmədi. Gürcüstan Azərbaycanla münasibətləri qanundan üstün tutdu”, – o, EurasiaNet.org-a deyib.

Ancaq Gürcüstanda qaçqın statusu ala bilən bir azərbaycanlı fəal var. Ancaq Vidadi İsgəndərov da özünü burada təhlükəsiz hesab etmir, Azərbaycan hökumətinin onu izlədiyini iddia edir.

“Üç dəfə mənə sui-qəsd təşkil olunub, ancaq polis bunu ciddi qəbul etməyib”, – o söyləyib.

Gürcüstan hökuməti isə qanun çərçivəsində hərəkət etdiyini bildirir.

“Hökumət fərdlərə qaçqın statusunun verilməməsinin səbəblərini ictimaiyyətə açıqlaya bilməz”, – bunu Qaçqınlar üzrə Nazirliyin şöbə müdiri Irakli Kokaia deyib.

Onun sözlərinə görə, Gürcüstan 1951-ci il Qaçqın Konvensiyasının və Gürcüstan qanunvericiliyinin kriteriyalarına uyğun gələn şəxslərə status verir.

“Gürcüstan demokratik ölkədir və burada insan haqları ən yüksək səviyyədə qorunur. Avropa Birliyi ilə viza qaydalarının liberallaşdırılmasından ötrü ciddi imtahandan keçmişik”, – Kokaia vurğulayıb.

Ancaq müəllif əksər müşahidəçilərin bundan əmin olmadığını yazır.

“Bu iki ölkənin strateji tərəfdaşlıq məsələsini nəzərə alanda, Gürcüstandan siyasi sığınacaq istəyənlərə təhlükə yarada biləcək danışıqların getdiyini istisna etmirəm”, – “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia belə deyir.

Azərbaycan və Gürcüstan strateji baxımdan bir-birindən asılıdır. Bunu isə Gürcüstan Siyasət İnstitutunun direktoru Korneli Kakachia söyləyib.

“Gürcüstan Azərbaycana Qara dəniz yolunda tranzit ölkə kimi lazımdır. Azərbaycan isə Gürcüstandan ötrü enerji layihələrində əhəmiyyət daşıyır. SOCAR burdakı ən böyük şirkətlərdən biridir, buna görə də, münasibətlər belə yaxşıdır”, –Kakachia deyir.

Ancaq təhlilçinin fikrincə, Gürcüstanın Azərbaycan üçün edə biləcəklərinin də bir həddi var:

“Gürcüstan Avropa Birliyi ilə razılaşma imzalayıb və insan haqları məsələlərini gözardı edə bilməz. Onlar zaman – zaman Azərbaycanla əməkdaşlığa gedərək dissidentləri təqib edə bilərlər, ancaq bunu böyük miqyasda gerçəkləşdirə bilməzlər”.

Azərbaycan hakimiyyətinin təmsilçiləri ölkədə insan haqlarının tapdalanmasına dair beynəlxalq tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Ana səhifəXəbərlər”Gürcüstan artıq azərbaycanlı dissidentlərə qucaq açmır”