Gürcülərin Ana dili savaşı

Gürcülərin etirazı Cənubi Qafqazın digər iki respublikasının konstitusiyasına da təsir etdi

Foto: Meydan Tv

Gürcülərin etirazı Cənubi Qafqazın digər iki respublikasının konstitusiyasına da təsir etdi

1977-ci ilin oktyabrın 7-də SSRİ-nin yeni konstitusiyası qəbul olundu. Qaydalara görə, bundan sonra müttəfiq respublikaların yeni konstitusiyaları qəbul olunmalı idi. Sovet İttifaqında respublikaların guya müstəqil subyektlər olduğunu göstərən belə imitasiyalar var idi. Hərçənd, həmin konstitusiyalar SSRİ konstitusiyasına zidd olmurdular və çox kiçik istisnalarla biri digərinin surəti olurdu.

Belə xırda istisnalardan biri də Cənubi Qafqaz respublikalarının dövlət dili ilə bağlı idi. 1937-ci ildə qəbul olunan Gürcüstan və Ermənistan konstitusiyalarına görə, bu respublikaların dövlət dili, müvafiq olaraq, gürcü və erməni dili idi. Azərbaycana isə bu hüquq verilmədi. Yalnız 1956-cı ildə, Xruşşovun mülayimləşməsindən yararlanaraq respublika konstitusiyasına dəyişiklik edildi və Azərbaycan dili dövlət dili elan olundu. Bu üç respublikanın yeni konstitusiya layihəsində də dövlət dili barədə müddəanın dəyişilməyəcəyi gözlənilirdi. Amma gözlənildiyi kimi olmadı.

Tbilisidə rus dilində çıxan "Zarya Vostoka" qəzetində çap olunan konstitusiya layihəsinin 75-ci maddəsində dövlət dili barədə heç bir müddəa yox idi. Əvəzində rus dilinə xüsusi qayğı göstərilməli olduğu fikri əksini tapır, respublikadakı digər dillər isə (gürcü dili də daxil) bərabərhüquqlu elan edilirdilər.

Qeyd edək ki, bu dövrdə gürcü dilinin vəziyyətilə bağlı narazılıq artıq mövcud idi. Orta məktəblərdə onun tədris saatları azalmışdı (Gürcüstan tarixinin tədrisilə bağlı da eyni şeyi demək olar). Respublika televiziyasında, idarə və müəssisələrdə rus dilindən istifadə gürcü dilini üstələməyə başlayırdı.

Belə bir vəziyyətdə təqdim olunan layihə gürcü cəmiyyətində böyük narazılıqla qarşılandı. 90 yaşlı dilçi alim Akaki Şanidze başda olmaqla vətənpərvər elm, mədəniyyət və incəsənət adamları, tələbələr nəzərdə tutulan dəyişikliyə etiraz edirdilər. Konstitusiyanın respublika Ali sovetində qəbul olunması gözlənilən 14 aprel günü etiraz aksiyası keçirmək fikri tədricən düşüncələrə hakim oldu.

Həmin gün yaxınlaşdıqca şəhərdə aksiyaya çağıran vərəqələr yayıldı. Narazlığın xüsusilə güclü olduğu Tbilisi Dövlət Universitetində bu işlə ən fəal məşğul olan Tamriko Çxeidze adlı tələbə qız idi. Onun atası Rezo Çxeidze məşhur kinorejissor idi və həmin dövrdə "Gürcüstan-film" kinostudiyasının direktoru vəzifəsini tuturdu. Rezo Çxeidzenin tamaşaçılar arasında ən tanınan işi "Əsgər atası" filmidir.

Bayırda 1978-ci il idi. Tbilisidə onlarla adamın həlak olması ilə nəticələnən, bundan əvvəlki məqaləmdə bəhs etdiyim qanlı hadisələrdən cəmi 22 il keçirdi. Həmin hadisələrin canlı şahidlərinin çoxu hələ həyatda idilər. Buna baxmayaraq, gürcülər öz ana dilləri uğrunda yenidən küçələrə çıxmağa qərar verdilər.

***

Aprelin 14-də etirazçılar Tbilisi Dövlət Universitetinin binası önündə toplaşaraq buradan Ali Sovetə doğru hərəkət etdilər. Yolboyu onlara başqaları da qoşuldular. Yürüşdə yaşlı nəsil, tanınmış ziyalılar iştirak etsələr də, əsas kütləni gənclər təşkil edirdilər. Onlar "Ana dili" şüarı qaldırmış, yolboyu vətənpərvər mahnılar oxuyur, şeirlər səsləndirirdilər. Etirazçılar Ali Sovetin yaxınlığında yolu kəsən milis kardonunu qırdılar, yük maşınlarını kənara itələdilər.

Ali Sovetin qarşısına toplanan aksiya iştirakçılarının sayının 100 minə çatdığı iddia olunur. Onlar yenə də öz tələblərini səsləndirməkdə davam edir, mahnılar oxuyur və şeir deyirdilər. Tibb Universitetinin tələbə qızları xalatlarını cıraraq pomada ilə üzərlərində dövlət dili ilə barədə tələbləri yazırlar.

Gürcüstan hakimiyyəti etirazçılara kompromis variant təklif edərək gürcü dilinə "respublika dili" adlı status verilməsini təklif edir, lakin rədd cavabı alır. İnsanlar konstitusiyada birmənalı şəkildə "dövlət dili" yazılmasını istəyirlər.

39326_800-1.jpg
14 aprel Gürcüstanda Ana dili günüdür

Ümumiyyətlə, bu hadisələr zamanı Kommunist Partiyasının birinci katibi Eduard Şevardnadze başda olmaqla respublika hakimiyyətinin tutduğu mövqe maraq doğurur. Bir çoxu iddia edir ki, gürcü dilinin sıxışdırılması onların da ürəyincə deyildi və buna görə gizli şəkildə aksiyanı dəstəkləyirdilər. Etirazçılara toplaşmağa və yürüşə mane olunmaması, zor tətbiq edilməməsinin də məhz bunun nəticəsi olduğunu söyləyirlər.

Həmin gün Şevardnadze bir neçə dəfə Kremllə əlaqə saxlayaraq vəziyyəti anlatmağa çalışır, etirazçılara qarşı silah tətbiqinə qarşı çıxır. Nəhayət, axşam saatlarına doğru Moskva əvvəlki konstitusiyadakı müddəanın – gürcü dilinin dövlət dili olması barədə müddəanın saxlanılmasına razılıq verir.

İclas zalına qayıdan Şevardnadzenin "Gürcüstan SSR-nin dövlət dili gürcü dilidir" bəyanatı deputatlar tərəfindən 15 dəqiqə sürən alqışlara qarşılanır. Daha sonra birinci katib Ali sovet önünə toplaşan kütlənin qarşısına çıxır və eyni bəyanatı səsləndirir. Tələblərinə nail olan gürcülər böyük sevinc içində bir-birlərini təbrik edirlər, qucaqlaşıb öpüşürlər və yenidən mahnı oxuya-oxuya dağılışırlar.

***

SSRİ-də gerçəklik elə idi ki, hansısa müddəanın konstitusiyada əksini tapması belə onu işlək etmirdi. Buna görə də gürcü cəmiyyəti öz dillərinin hüququnu qorumaq üçün daim sayıqlıq nümayiş etdirirdilər. 1980-ci ildə Gürcüstanda elmi dissertasiyaların yalnız rusca yazılmasını və müdafiəsini nəzərdə tutan qərar qəbul olundu. Buna etiraz olaraq Gürcüstan Elmlər Akademiyasının bir neçə üzvü də daxil olmaqla 364 ziyalı etiraz bəyanatı imzaladı. Nəticədə qərar ləğv edildi.

Başqa bir problem Gürcüstanın tərkibində olan Abxaziya Muxtar Respublikası ilə bağlı idi. Burada gürcülərin sayı abxazlardan 2,5 dəfə çox idi, ancaq Moskva abxazları himayə etdiyindən gürcü dilinin sıxışdırılması müşahidə olunurdu. Gürcü dili və ədəbiyyatı saatlarının artırılması da ziyalıların uğrunda mübarizə apardığı hədəf idi.

Tbilisidə 1978-ci il aprelin 14-də baş verənlər sovet tarixinin çox önəmli hadisəsi oldu. SSRİ-də əhalinin açıq etiraza qalxaraq öz istədiklərini hökumətə qəbul etdirməsi çox nadir hadisə idi. Bu hadisələr təkcə Gürcüstanda deyil, bütün ölkə miqyasında millətçi meyllərin, dissident əhval-ruhiyyəsinin güclənməsinə təkan verdi.

Maraqlıdır ki, gərginlik yatandan sonra aksiya təşkilatçılarından və iştirakçılarından kimsə məsuliyyətə cəlb olunmadı. Hakimiyyət hadisələrin üstündən keçməyə qərar verdi. Yalnız "Gürcüstan-film"də rejissor assistenti işləyən Avtandil İmnadze aksiyanı lentə aldığı üçün 5 il müddətinə azadlıqdan məhrum edildi, bir qədər sonra isə cəzası 3 ilə endirildi. Çəkilən kadrların taleyi barədə məlumata rast gəlmədim, yəqin ki, məhv ediliblər.

Gürcülərin etirazı Cənubi Qafqazın digər iki respublikasının konstitusiyasına da təsir etdi. Azərbaycanda da Azərbaycan dili dövlət dili elan olundu. Halbuki sonralar Əbülfəz Elçibəy də daxil olmaqla bir çoxları bunu Heydər Əliyevin xidməti kimi qələmə verirdilər.

Ana səhifəXəbərlərGürcülərin Ana dili savaşı