Günel Mövludun “Düşərgə” romanı işıq üzü gördü

Əsərdə darmadağın olmuş xeyli insan taleyi var

Source: Meydan TV

“Düşərgə” adlı roman-bioqrafiyada Günel Mövlud Qarabağ müharibəsi nəticəsində beş il yaşamağa məcbur olduğu çadır- düşərgə həyatını qələmə alıb. Romanda torpaqlarından, evindən, vərdiş etdiyi həyat tərzindən uzaq düşmüş, sahib olduğu hər şeyi itirmiş onlarla insanın taleyi, belə çətin vəziyyətdə yaranan iyerarxiya atmosferi, imtiyazlı fərdlərin qoyduğu qanunlar, ekstremal şəraitin yaratdığı hadisələr, münasibətlər öz əksini tapıb.

Romanın əsas xətti – müharibənin, qaçqınlığın insanların həyatına gətirdiyi səfalət, fiziki əzablar və xəstəliklərlə yanaşı, insanın mənəvi deqradasiyasının qaçılmaz olduğu labüdlüyüdür.

Əsərdə darmadağın olmuş xeyli insan taleyi var. Müharibədən, insanların əlacsızlığından istifadə edənlər, düşərgədə oğlan uşaqlarının zorlanması, qadınların aldığı pambıq pullarını kişilərin aparıb fahişələrə xərcləməsi, qızların menstruasiya günlərində yaşadığı zülümlər, az sayda kitab oxuyan adamlara edilən lağlağılar, düşərgədə nəzarətsiz qalmış, çadırında kişi olmayan qadınların zorlanması, qaçqınlara nümayəndə seçilənlərin özbaşınalıqlarının təsvirləri yer alıb.

“Düşərgə” romanı müəllifin işıq üzü gorən ilk nəsr əsəri olsa da, yazılma xronologiyasına görə ikinci romanıdır. G. Mövludun bir il əvvəl qələmə aldığı “Qorxu” adlı romanı hazırda Norveç nəşriyyatlarının birinin sifarişi ilə norveç dilinə çevrilməkdədir və payızda dərc edilməsi planlaşdırılır.

Ana səhifəMədəniyyətGünel Mövludun “Düşərgə” romanı işıq üzü gördü