Gültəkin Hacıbəyli keçmiş qayınanasının məhkəməyə gəlməsini tələb edir

“Ona veriləcək çoxsaylı suallarımız var”

Source:


“Ona veriləcək çoxsaylı suallarımız var”

Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ona qarşı 50 min dollarlıq məhkəmə qərarından apelyasiya şikayəti verib. Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Nəsimi Rayon Məhkəməsi G.Hacıbəylidən 50 min dollar tutulub, keçmiş qayınanası Nəhayət Məmmədovaya ödənilməsi barədə qərar çıxarıb. N.Məmmədovanın iddiasına görə, o, 2003-cü ildə keçmiş gəlini G.Hacıbəyliyə evini təmir etdirmək üçün 50 min dollar borc verib. G.Hacıbəyli də bu günə qədər ondan aldığı pulu qaytarmayıb.

G.Hacıbəyli isə bu iddianın yalan olduğunu, heç vaxt N.Məmmədova və onun başqa ailə üzvlərindən pul almadığını bildirir.

Apelyasiya məhkəməsində hakim Elşən Kazımovun sədrliyilə keçirilən prosesdə G.Hacıbəyli və onun nümayəndəsi Zibeydə Sadıqova vəsatət qaldırıb ki, 50 min dollar tələb edən iddiaçı Nəhayət Məmmədova özü məhkəməyə gəlsin.

“İddianı qaldırandan onu bir dəfə də görməmişik. Bizim ona veriləcək çoxsaylı suallarımız var. Məhkəməyə nümayəndəsi gəlir. Amma nümayəndə o məsələlərdən xəbərdar deyil ki, suallarımıza cavab verə bilsin”, – deyə G.Hacıbəyli bildirib.

N.Məmmədova birinci instansiya məhkəməsinə üzərində yazılar olan dörd vərəq təqdim edib. Orada ev təmiri zamanı lazım olan materialların adları, qarşısında da qiymət yazılıb. G.Hacıbəyli isə bildirir ki, belə bir vərəqlər ümumiyyətlə, mövcud olmayıb. İddianı əsaslandırmaq üçün sonradan düzüb-qoşublar.

G.Hacıbəyli və vəkili həmin vərəqlərin gerçəkliyi əks etdirməsinin sübutunu istəyib. G.Hacıbəyli deyir ki, kim istəsə, bir vərəqə istədiyini yazıb, onu məhkəməyə təqdim edə bilər: “Bu vərəqlərdə yazılanlar əsaslandırılmalıdır. Bilinməlidir ki, havadan yazılmayıb”.

G.Hacıbəyli onu da bildirib ki, keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin imzasını da xəttini də yaxşı tanıyır. O idda edib ki, bu vərəqləri də N.Məmmədova və ustalar yox, M.Mehdiyev hazırlayıb.

Sabiq deputat onu da bildirib əmlak qiymətləndirmə şirkətilə müqavilə bağlayıb və şirkət onun mənzilinə baxış keçirərək, təmiri qiymətləndirib. Şirkətin rəyinə görə, bu təmirə 2003-cü ildə 15-17 min arası pul xərclənə bilərdi.

“Xahişimiz budur ki, məhkəmə özü də evə baxış keçirsin, öz rəyini versin”, – deyə G.Hacıbəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb.

Məhkəmənin vəsatətlərə münasibəti bəlli deyil. Proses fevralın 28-də davam edəcək.

G.Hacıbəyli heç vaxt N.Məmmədovadan pul almadığını bildirir. Deyir ki, bu iddia müxalif düşərgəyə qoşulandan sonra ona qarşı başlanan təzyiqlərin tərkib hissəsidir: “Bu ailə mənə qarşı təzyiqlərin aktiv iştirakçısı olmaqla, özlərinə gün ağlayır. Nəhayət Məmmədovanın o iddianı məhkəməyə verdiyi günə diqqət yetirmək kifayətdir – 10 iyun 2013-cü il. Məhz həmin gün Nəhayət Məmmədovanın qızını İnsan Alverinə qarşı Mübarizə İdarəsi filippinli qadına görə saxlamışdı. Sonradan bu əməlinə görə ona 8 il 6 ay cəza verib, 1 il sınaq müddəti təyin etməklə, şərti hesab etdilər. Qızına bu cür güzəşt olundu. Oğlu (G.Hacıbəyli keçmiş həyat yoldaşını nəzərdə tutur-red.) vaxtilə prokurorluq əməkdaşına yaraşmayan hərəkətə yol verdiyinə – fərariliyə görə Zakir Qaralovun əmri ilə prokurorluqdan qovulduğu halda, mənə qarşı proseslərin iştirakçısı olandan sonra həmin prokurorluğa müstəntiq vəzifəsinə bərpa olundu. Yeri gəlmişkən, oğlu hələ illər öncə mənə qarşı bu hadisələrdə iştiraka başlayanda xəbərdarlıq eləmişdi ki, vaxt gələcək, evini də alıb bizə verəcəklər. Deyəsən, onlara verilən vədi bu cür absurd məhkəmə qərarlarıyla gerçəkləşdirmək istəyirlər”.

N.Məmmədova iddianı 2013-cü ilin yayında qaldırsa da, məhkəmə baxışı dayandırılmışdı. Bu ilin fevralında G.Hacıbəyli avtomobillə gedərkən saxlanılıb, maşının üzərinə həbs qoyulduğu bildirilib və avtomobil o vaxtdan cərimə meydançasına aparılıb. Daha sonra məlum olub ki, iddianın təmini tədbiri kimi, maşınla yanaşı, onun evinin də üzərinə həbs qoyulub:

“Əslində, biz Nəsimi Rayon Məhkəməsində bu iddianı darmadağın elədik. Qarşı tərəfin əlində oğlunun yazdığı cızmaqaralardan başqa heç nə yoxdur. Təsəvvür edin, üçotaqlı evə üç cakuzi üçün pul verdiyini iddia edir. Yaxud evdə 100 kvadratmetr sahədə alçipandan istifadə olunub, bunlar iddiada 1500 kvadrat metrlik alçipandan bəhs edir. Tamamilə absurddur. Mən o vaxt millət vəkili olmuşam, bu isə pensiyaçı. Belə çıxır ki, deputat pensiyaçıdan 50 min dollar pul alır? Əlimdə müstəqil əmlak qiymətləndirmə şirkətinin rəyi var. Onların rəyindən də görünür ki, o dövrün pulu ilə evimin təmirinə 15 min dollar civarında vəsait xərclənib. Əgər mən Nəhayət Məmmədovadan pul almışdımsa, 2013-cü ilə qədər niyə susurdu, pulunu tələb eləmirdi?”

Ana səhifəXəbərlərGültəkin Hacıbəyli keçmiş qayınanasının məhkəməyə gəlməsini tələb edir