Gültəkin Hacıbəyli: Azərbaycan xalqı hərəkətə gəlməyincə, qərbin açıq dəstəyi hiss olunmayacaq

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli


”Siyasi durum o qədər acınacaqlıdır ki, azad seçki olmasa, güvən yaranmayacaq”


Demokratik Qüvvələrin Milli Şurasının üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli Meydan TV-nin son hadisələrlə bağlı suallarını cavablandırıb.


– Gültəkin xanım, yanvarın 21-də, saat 16.03-də bloger Mehman Hüseynovun, saat 18.07-də Ədliyyə Nazirliyi yanında İctimai Komitə üzvlərinin prezidentə müraciəti yayılır. 18.50-də isə prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov ölkə başçısının Mehman Hüseynovun müraciətinə reaksiya verdiyi haqda açıqlama verir. Yanvarın 22-də isə Respublika Prokurorluğu blogerin yeni açılan cinayət işinə xitam verildiyi haqda məlumat yayır. Obrazlı desək, prosesin işıq sürətilə getməsinə hansı amillər təsir edib?

– Kənardan baxdıqda belə təəssürat yaranır ki, İctimai Komitə üzvləri də, cənab Fuad Ələsgərov da, Prezident də, Respublika Prokurorluğu da Mehman Hüseynovun müraciət yazmasını gözləyirdilər. Onların “suda batanın saman çöpündən yapışdığı” kimi həmin kağıza ehtiyacları var idi. Müraciət əllərinə keçəndə dərin ah çəkdilər və “nəhayət ki, çıxış yolu tapdıq,”- deyə düşündülər. Sadaladığım bu boyda struktur, rəsmi orqanlar əgər Mehman Hüseynova həmin müraciəti imzalatmaq istəyibsə, deməli, ona hansı təzyiqlərin olduğunu təsəvvür etmək çətin deyil. Və bu qədər təzyiqlərin altında Mehman Hüseynov nə əfv ərizəsi, nə cinayətkar olduğunu yazdı, nə də üzrxahlıq edib. Sadəcə, prezidentə deyib ki, başçılıq etdiyiniz strukturlar məni şərləyib yenidən həbs etmək istəyirlər və mən müdaxilə tələb edirəm.


– Siz cinayət işinin də bu strukturlarda hazırlandığını düşünürsünüzmü?

– Bəli. Mehman Hüseynov yalnız ölkədə deyil, xaricdə də tanınan blogerdir. Onun qardaşı hüquq müdafiəçisi Emin Hüseynov beynəlxalq təşkilatlarla çox sıx əlaqədədir. Yəni Mehman Hüseynova cinayət işi açmaq üçün ən yüksək səviyyədə razılıq olmalıydı.


– Amma ehtimallar var ki, Emin Hüseynovun sərt video çıxışları Mehman Hüseynova qarşı cinayət işinin açılmasına səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

– Doğrusu, Emin Hüseynovun çıxışlarını dinləməmişəm və məlumatım da yoxdur. Ancaq Stalin kimi qəddar rəhbər oğulun atasına görə cavabdeh olmadığını söyləyirdi. İndi blogerin qardaşına görə ağır cəza almasını necə izah etmək olar?! Təəssüflər ki, Azərbaycanda girov məhbuslar fenomeni var, Mehman Hüseynovun özü bir dəfə siyasi məhbus olandan sonra girov məhbus olmağa hazırlanırmış. Sual edirəm, niyə insan qardaşının çıxışına görə cavab verməlidir, məsuliyyətə cəlb edilməlidir? Dövlətçilik baxımından ürək ağrıdan bir mənzərədir ki, dövləti sanki uşaq oyuncağına çeviriblər. Baş Prokurorluğun davranışı, hüquq-mühafizə orqanlarının açıqlamaları, sübut etdi ki, Azərbaycanda hüquq, qanun adına heç nə yoxdur. Yalnız prezident tövsiyə edəndən sonra ədalət yada düşür. Burdan belə məntiq yaranır ki, bütün açılan cinayət işləri ədalətsizdir və məhkəmə də onlara ədalətsiz baxıb.


– İlk hal deyil, baş redaktor Eynulla Fətullayev, sabiq nazir Əli İnsanov, AXCP fəalı Məmməd İbrahim haqda da təkrar cinayət işləri açılıb, amma həbsxana rəsmiləri haqda tədbir görülməyib. Son məlumalara görə jurnalist, Qarabağ müharibəsi döyüşçüsü Əfqan Muxtarlı barədə də oxşar addım atmaq istəyirlər. Prosesin davamlı olacağını gözləyirsinizmi?

– Çox çətin sualdır. Bundan qat-qat çətin məsələlər haqda proqnoz vermək Azərbaycan hakimiyyətinin addımlarını proqnozlaşdırmaqdan asandır. Çünki iqtidarın qərarları qanuna söykənmir, rasional düşüncə, məntiq yoxdur, əks təqdirdə, növbəti addım barədə fikir yürütmək olardı. Əfqan Muxtarlıya gəlincə, bu, indiki mərhələdə qorxunu gücləndirməkdir. Jurnalist, Qarabağ müharibəsi döyüşçüsü Muxtarlı Mehman Hüseynovdan heç də az populyar jurnalist deyil. Avropa Parlamentinin onun haqqında fərdi qətnaməsi var, onun Gürcüstandan oğurlanaraq Bakıya gətirilib işgəncə verilməsi fenomen hadisədir. Əgər hakimiyyət Muxtarlı haqda qanunsuz addım atsa, Mehman Hüseynovla bağlı təzyiqlərdən də ağır təzyiqlə üzləşməli olacaq. Çünki Avropa Parlamentində Əfqan Muxtarlının adı xüsusi olaraq vurğulandı və deyildi ki, hakimiyyət Tbilisidən jurnalisti oğurlayıb Bakıya gətirib, işgəncə verib. Hakimiyyət siyasi ömrünü baltalamaq istəyirsə, buyursun, Əfqan bəy haqda qərar versin.


– Mehman Hüseynov haqda cinayət işi açılandan sonra “Washington Post” qəzetinin redaksiya heyəti iki məqalə yazıb. Avropa Parlamenti Azərbaycandakı vəziyyəti müzakirə edib, sanksiyaları dilə gətirib, Avropa Şurası Parlament Assambleyasında müzakirələr başlayıb. Sualımı hakimiyyəti müdafiə edən deputatların ritorikası şəklində qoyacam: Qərb Azərbaycan hakimiyyətindən daha nə istəyir?

– Coğrafi vəziyyətimiz haqda danışarkən bəzən ciddi şanssızlıqlar yaratdığını deyirik. Qərbdə Ermənistan ərazilərimizi işğal edib, şimalda Rusiya ona dəstək verir, cənubda İran var. Xoşbəxtlikdən Azərbaycan Avropa məkanına daxildir, tam olmasa da, şimal hissəmiz qərbdir. Siyasi anlamda bu amil bir şansdır ki, qərb strukturları Azərbaycanı özünün tərkib hissəsi kimi görür, bütövlükdə Cənubi Qafqazı. Bu baxımdan qərb Azərbaycandan heç zaman vaz keçməyəcək, çünki strateji maraqları var.


– Nədən ibarətdir həmin maraqlar?

– Birinci təhlükəsizlik maraqlarıdır, qərb yaxın bölgədə vəziyyətin nəzarətdən çıxması, hansısa zəmində münaqişə onların təhlükəsizliyinə ziyandır. Suriyadan Almaniyaya 1 milyon qaçqın gəldi, görün, hansı problemlər yaratdılar, Merkel artıq partiya rəhbərliyindən getdi, 2022-ci ildən sonra isə kansler olmayacaq. Hələ Suriya Avropadan çox uzaqdır, təsəvvür edin, 10 milyonluq Azərbaycan vətəndaşını, artıq yarım milyonu Avropa ölkələrinə mühacirət edib, inanılmaz köç var. Onsuz da ağır sosial-iqtisadi, təhlükəsizlik vəziyyəti daha da ağırlaşacaqsa, Avropa qaçacaq milyonların qarşısında necə dayanacaq? Suriyadan fərqli olaraq Azərbaycandan Avropaya getmək çox rahatdır, Gürcüstan üzərində qərbə çıxırsan. Deməli, Azərbaycanda normal iqtisadi-siyasi mənzərə dəyişməyincə, Avropa üçün 10 milyonluq ölkə təhlükəsi qalır. İkinci, Avropa üçün Cənubi Qafqazda Azərbaycan çox önəmli ölkədir. Avropa mədəniyyətinin yaranmasında bu regionun müstəsna rolu olub, ilk xristian məbədləri Albaniya, Qarabağ ərazisində yerləşir. Avropalılara Azərbaycanı Cənubi Qafqaz daxilində görmələri bizim şansımızı artırır. Bilirsiniz, Cənubi Qafqaz vahid siyasi-iqtisadi orqanizm olmadan inkişaf edə bilməz, çünki iqtisadi baxımdan 3 respublika yalnız qarşılıqlı əlaqədə inkişaf edə bilər. Qərbin Azərbaycana önəmli yanaşmasında islam amili də var, Avropa bununla özünün simasını da xilas etmək istəyir. Göstərmək istəyir ki, islam sivilizasiyası ilə birgə yaşayışa hər zaman hazırdır, yad sivilizasiya kimi də qəbul etmir. Əslində, 1 milyon suriyalı qaçqına “qucaq” açmaq bunun bariz nümunəsidir. Amma Səudiyyə Ərəbistanı bunu etmir. Faşizmin fəlakətini yaşayan Almaniyanın kansleri Merkelin siyasi opponetlərinə “biz gələcək nəsillərə danışacağıq ki, ölüm təhlükəsində, çətin durumda olan müsəlman qaçqınlara qucaq açdıq, baxmayaraq ki, Məkkə onlara Berlindən daha yaxın idi” fikri tarixdə həmişə xatırlanacaq. Baxın, islam aləminin ən zəngin dövləti Səudiyyə Ərəbistanı qonşu Yəməndəki körpə uşaqların başına bomba yağdırır, Almaniya müsəlman suriyalılara qucaq açır. Ona görə də qərb Azərbaycanın potensialını görür. Əhalisinin əksəriyyəti müsəlman olsa da, bu məmləkətdə demokratik potensial var, Azərbaycandan Suriya, yaxud Səudiyyə Ərəbistanı yaratmaq olmaz və bu ölkə müsəlman dünyası üçün bir modelə çevrilə bilər, qərb də bunda maraqlıdır.


– Ümumiyyətlə, qərb Azərbaycanda hakimiyyəti, yoxsa Əliyev vasitəsilə vəziyyəti dəyişmək istəyir, yəni rejimi demontaj etmək istəyir?

– Məncə, qərbin dediyiniz heç bir istiqamətdə vəzifəsi yoxdur. Çünki siyasi güclər də öz səhvlərindən öyrənə-öyrənə gəlirlər. Vaxtilə Misirdə Mübarək hakimiyyətdən gedəndən sonra xalqın istədiyi Mursiyə dəstək verdi. Amma tez zamanda “Müsəlman qardaşları” elə idbar rejim yaratdılar ki, qərb general Sissiyə dəstək verməli oldu.


– Ancaq misal gətirdiyiniz Misir nümunəsi mürəkkəbdir. Çünki orda Mursini dəstəkləyən qüvvələr yetərincəydi, sadəcə, qərbin bütün çap və elektron mediası onların etirazını dünyaya yaymadı…

– Əslində, dediyiniz mənim fikirlərimi tamamlayır. Qərb cəmiyyətlərin özünün prosesə hazırlanmasını istəyir. Cəmiyyət özü hazır olmalıdır, Misirdə misir xalqı hazır deyildi, yaranmış vəziyyətin də arxasında dayanmağı bacarmadılar.


– Azərbaycan xalqı hazırdırmı?

– Qərbi də maraqlandıran elə bu sualdır. Baxın, “Washington Post” qəzetinin redaksiya heyəti iki məqalə yazdı, siyasi müxalifətə mesajlar şəklində dəstək verirlər. Amma konkret əmələ keçmirlər.


– Nə üçün?

– Çünki meydanda o xalqı görmürlər. Ukraynada meydanda xalq vardı, nəticədə Viktoriya Nuland “Maydan”a gəldi.


– Bəlkə istədikləri siyasətçiləri görmürlər?

– Yox, elə deyil. Viktoriya Nuland “Maydan”a gəlib bulki paylayırdı.


– Gültəkin xanım, 2003-cü ildə xalq meydana çıxdı, amma seçkinin nəticələri elan olunmamış, ABŞ rəsmisi Armitaç Əliyevi təbrik etdi…

– Bilirsiniz, 2003-cü ildə dünya tamamilə başqa idi, indiki demokratiya səviyyəsi, ideoloiji əsası o zaman yox idi, daha çox realpolitik işləyirdi, dövlətlərin korporotiv maraqları üstünlük təşkil edirdi, gündəm də fərqliydi, terrorla mücadiləydi.


– Və ABŞ prezidenti dedi ki, dövlətlərin daxili işinə müdaxilə etməyəcəklər, insan haqları məsələsində də…

– Tramp və qərb siyasəti başqa məsələlərdi. “Washington Post” qəzetinin redaksiya heyətinin iki məqaləsi Amerika siyasətinə Trampın bir çox qərarından daha çox təsir edir. 2003-cü ildə Azərbaycan xalqı ola bilsin hansısa proseslərə hazır olub, ancaq qərb proseslərə hazır olmayıb. Hərçənd ki, 2003-cü ildə Azərbaycanın içindən qaynaqlanan problemlər olub, hərc-mərclik, hakimiyyət davası, qətiyyətsizlik və s. İndi qərb meydanda xalqı görmədiyi üçün dəstək vermir. Prosesin işartısı Mehman Hüseynovla bağlı proseslərdə ortaya çıxdı, xalq sosial şəbəkələr üzərindən birlik nümayiş etdirdi.


– Gültəkin xanım, qərbin də proseslərə hazır olmadığını vurğuladınız, həmin illərdə ABŞ dövlət katibi Kondoliza Rays demişdi ki, Zimbabvedən Azərbaycana qədər insan haqları pozulur.

– Bir daha deyirəm ki, qərb həmişə Azərbaycanda insan haqlarına mənfi qiymət verib. Bundan əvvəl Dövlət Departamenti hesabatında yazmışdı ki, Azərbaycanda hakimiyyəti seçki yolu ilə dəyişmək şansı xalqın əlindən çıxıb. 10 il əvvəl həbsxanalardakı işgəncələri qeyd edirdilər, qərb həmişə bu məsələləri qabardaraq qınaq obyektinə çevirib. Azərbaycan xalqı hərəkətə gəlməyincə, qərbin açıq dəstəyi hiss olunmayacaq.


– Sizə elə gəlmir ki, hansısa tilsimli dairəyə düşmüşük? Bəs nədir bu dairənin, obrazlı desək, qıfılları: xalqın seyrçiliyi, hakimiyyətin repressiya siyasəti, müxalifətin zəifliyi və vahid olmaması, nəhayət, qərbin müxtəlif maraqları?

– Qərb Mehman Hüseynov məsələsində cəmiyyətin virtual olaraq fəallığını gördü, dəstəyini də verdi. 19 yanvar mitinqində xalqın bir qədər fəallığını gördülər və “Washington Post” qəzeti bütün siyasi məhbusların azad olunmasını bəyan etdi. Yəni impuls Azərbaycandan olmalıdır. Qərbin reaksiyası Azərbaycanın daxilindən gedən impulsa cavabdır. Sizin dediyiniz amillərin hamısı var, birinci, müxalifət yəqin əvvəllər hazır olmayıb, indi-indi proses üçün yetişir. Bir məsələni xatırladım, Milli Təhlükəsizlik Nazirliyi uzun illər müxalifət daxilində agent yerləşdirməklə məşğul olub, nəticə necə oldu, nazirlikdən 22 nəfərin İran İslam Respublikasına agentlik etdiyi məlum oldu. Ancaq o binada əsas strukturlar müxalifətin işində işləyirdi. Təbii ki, belə vəziyyətdə müxalifətin də problemləri olacaq. İkinci, hakimiyyətin qəddarlığıdır, Gürcüstanda Eduard Şevardnadzenin etmədiklərini Azərbaycan hakimiyyəti burda gerçəkləşdirdi. Yaxud Xocalı qatili Sarkisyanın Ermənistanda etmədikləri Azərbaycanda gerçəkləşib. Üçüncü, neft amili müstəsna rol oynayıb, böyük pullar gəldi, bunun vasitəsilə avropalı siyasətçiləri ələ aldılar, “kürü diplomatiyası” hesabatı da bundan sonra üzə çıxdı. Bir amili isə mütləq deməliyəm, xalqın passivliyi önəmli rol oynadı. Düzdür, 1918-1920-ci il Respublika, 1988-ci il hərəkatı ənənəsi var, amma müsəlman aləmi faktorunu da unutmaz olmaz. Yəni xalqın ətaləti təsiredici olub, bütövlükdə sadaladıqlarım bir yerdə təsir göstərib.


– 19 yanvar mitinqindən sonra paytaxt polisi aksiyada heç bir pozuntu olmadığı haqda məlumat yaymışdı. Ancaq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov yanvarın 21-də bildirib ki, şəhər icra hakimiyyəti qarşısında mitinqə icazə verilməməsi üçün vəsatət qaldıracaq. Səbəb isə asayişin pozulması təhlükəsini göstərib. Cənab Seyidovun bu açıqlaması nədən xəbər verir?

– Birinci, hakimiyyət adekvat deyil və “kələfin ucu”nu, idarəetməni itiriblər. Necə ola bilər ki, 2 gün əvvəl Bakı Baş Polis İdarəsi mitinqdə asayişin pozulması hallarına rast gəlməyib, amma dünən əks bəyanat səsləndirir? Bu açıqlama acı təəssüf doğurur, həm də idarəetmənin iflic vəziyyətdə olduğunu göstərir. Təbii, bacardıqlarını etməyə çalışırlar. İstəyirlər ki, mitinqə icazə verməmək üçün hansısa bir əsas yaratsınlar. Yanvarın 20-da hakimiyyətin törətdiyi təxribat buna əsaslanırdı, sadəcə, AXCP sədri dərhal reaksiya verdi, dərhal canlı yayıma çıxıb hər şeyi açıqladı. Nəticədə bütün cəmiyyət nə baş verdiyini gördü. Fikir verdinizsə, həmin vaxt heç bir şüar səsləndirilmirdi, növbə gözləyirdik ki, yol açılsın və şəhidləri ziyarət edək. Bəlkə canlı yayım olmasaydı, təxribat törədib cəmiyyətə təqdim edəcəkdilər ki, müxalifət zorakılıq yaratdı. Halbuki, zorakılıq və özbaşınalıq müxalifətə qarşıydı.


– Gültəkin xanım, Milli Şura 19 yanvar mitinqindən eyforiyaya qapılmayıb ki?

– Əsla. Sosial şəbəkələri izləyirəm, 30-35 min adamın iştirakını deyirlər, xeyr, 20 min adam vardı, bunu AXCP sədri Əli Kərimli də söylədi. Eyforiyaya qapılsaydıq, 30-35, yaxud 100 min insanın gəldiyini deyərdik, biz realistik. İnsanlar yürüş etmək istəyirdilər, amma dəfələrlə müraciət edib dedik ki, xeyr, mitinq etməyə gəlmişik, xalqın indiki dəstəyi nəinki yürüş, “Məhsul” meydanından çıxmaq üçün də yetərli deyil. Yəni, meydanın özünə ən azı 40 min adam toplanmalıdır ki, biz şəhər icra hakimiyyətinə “Azadlıq” meydanı üçün müraciət edək. Əgər eyforiyaya qapılsaydıq, 20 yanvar üçün xalqa müraciət edərdik ki, gəlin yürüş edək. Hakimiyyətin də təxribat ssenariləri vardı, amma getmədik. Çünki 20 yanvar faciəsini siyasətə qatmaq qəti surətdə olmaz. Eyforiyaya qapılsaydıq, başqa davranışlar sərgiləyərdik, amma belə şey yoxdur.


– 26 yanvar mitinqindən gözləntiniz nədən ibarətdir?

– Açığı, insanların aksiyaya daha çox qatılmaqlarını gözləyirəm. Bizə, Milli Şuraya olan müraciətlərdən hiss edirəm ki, 26 yanvar mitinqində insanlar daha fəal olacaq. Düzdür, hakimiyyətin qərbdən də qorxusu var, ancaq ən böyük qorxusu xalqdandır. Çünki ölkədə vəziyyəti bir günə dəyişəcək yeganə qüvvə Azərbaycan xalqıdır. Ona görə hakimiyyətin qorxusu realdır və Mehman Hüseynov haqda cinayət işinə xitam verildi ki, insanlar rahatlasınlar. Amma Azərbaycan həbsxanalarında 150 Mehman var, onun haqda işə xitam verməklə proses bitmir. İlkin Rüstəmzadə 6 ildir həbsdədir, Gözəl Bayramlı 2 ildir həbsdədir, Seymur Həzi 5 il, Qarabağ qaziləri Əfqan, Asif, Sahib, Babək, Qiyas, Bayram azadlıqdan məhrum ediliblər. Ona görə Milli Şura dayanmayacaq. 19 yanvar mitinqdində Meydan TV də daxil olmaqla azad medianın hazırladığı reportajlarda bir məqam xüsusi sezildi. Danışanların əksəriyyəti işsizlikdən, sosial vəziyyətinin ağırlığından aksiyaya gəldiyini deyirdi. Hakimiyyət başqa siyasi məhbusları da azadlığa buraxa bilər, amma ölkənin ən qlobal problemi iqtisadiyyatdır ki, artıq çöküb, sosial həyat bərbaddır, insanlar ağır durumdadır. Hansısa islahat adı ilə strukturların ləğvi ilə heç nəyi dəyişmək olmaz. Ciddi siyasi islahatların önü açılmalı, azad məhkəmə olmalıdır, onun üçün azad parlament seçilməlidir. Azad məhkəməsi olmayan ölkəyə yatırım qoymurlar, hakimiyyətin çağırışı ilə ölkəyə gələn “Barmek”, Zülfüqarlı qardaşları və digərlərinin taleyi məlumdur. Siyasi durum o qədər acınacaqlıdır ki, azad seçki olmasa, güvən yaranmayacaq.

Ana səhifəVideoGültəkin Hacıbəyli: Azərbaycan xalqı hərəkətə gəlməyincə, qərbin açıq dəstəyi hiss olunmayacaq