“Göz görə-görə günahkarı kənarda saxlayıb, günahsızı cəzalandırırlar”

“Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm”

Source: Specify Source


Lənkəran sakini: “Yalvarıram, təqsirsiz balamın məhv olmasına imkan verməsinlər…”

Lənkəran rayonunun Havzava kənd sakini, 28 yaşlı Nurlan Ağazadə ilyarımdır ki, həbsdədir. Ona 7 il 6 ay həbs cəzası kəsilib. Amma özü də, ailə üzvləri də onun heç bir cinayət törətmədiyini deyir.


“Qıyıb özünə bir köynək də almırdı…”

Nurlan Ağazadə ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham olunur. 2019-cu ilin noyabrında baş vermiş sözügedən hadisə nəticəsində 1987-ci il təvəllüdlü Elyanə Məmişova vəfat edib.

Zümrüd Ağayeva deyir ki, əslində, hadisəni Nurlanın əmisi Səyyad Ağayev törədib. Nə istintaq orqanı, nə də məhkəmə bu həqiqətin üzə çıxmasında maraqlı olmayıb. Əksinə, Nurlan Ağazadənin vəkilinin gerçəyi ortaya qoymaq məqsədilə verdiyi vəsatətləri məhkəmə təmin etməyib.

Yol qəzasını törədən “VAZ-2107” markalı avtomobil də Səyyad Ağayevə məxsus olub. O, avtomobili hadisədən əvvəl Cəlilabad sakini Rövşən Tərlanovdan alıb, pulunu da tam ödəməyib.

“Qız köçürmüşdüm, mebeli kreditlə almışdım, 1500 manat borcumuz qalmışdı. Kənddə iş yoxdur, yoldaşım yaşlı adamdır, özüm də diabet xəstəsiyəm. Nurlan Bakıya gəldi, fəhləlik eləyirdi, mebelin pulundan ödəyirdi. Qıyıb özünə bir köynək almırdı. O qədər saf adamdır ki, yanında kiminsə sözü danışılanda dərhal etiraz edərdi. Bizim heç vaxt maşınımız olmayıb. Nurlanın da nə sürücülük vəsiqəsi vardı, nə də maşın sürə bilirdi…”, – anası danışır.

Untitled design (13).png
Zümrüd Ağayeva


“Yalvardı, gözümün qabağına uşaqları gəldi, razılaşdım”

Nurlan Ağazadə Bakının Ramanı qəsəbəsində tikintidə əmisi Səyyad Ağayev, onun Arif adlı qaynı və başqalarıyla birlikdə işləyib. O, məhkəmədə ifadə verərkən deyib ki, hadisə günü iş yerində olub, amma əmisi işə gəlməyib. Günorta saatlarında onun yanında qaynı Arif əmisinə zəng edərək, harada olduğunu, işə gəlib-gəlməyəcəyini soruşub: “Arif telefonla danışandan sonra mənə dedi ki, Səyyad maşınla adam vurub. Mən gedib bu barədə tikintinin müdiri Qoşqara danışdım. O da Səyyada zəng elədi. Səyyad dedi ki, vurduğu adamı Xəyaləgilə gətiriblər, oradadılar. Qoşqar məni də götürdü, öz maşını ilə Xəyaləgilə getdik”.

Nurlan Ağazadənin məhkəmədəki ifadəsinə görə, əmisi telefonla danışarkən ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini xahiş edib. Söz verib ki, nəyi varsa, satacaq, onun həbsdə qalmasına imkan verməyəcək: “Yalvardı, gözümün qabağına uşaqları gəldi. Söz verdi ki, evini, maşınını satacaq, məni həbsdə qoymayacaq. Həm inandım, həm də yazığım gəldi. Razılaşdım. Mənə izah elədi ki, hadisə harada olub, necə olub. Maşını aparıb hara qoyub. Amma yolda mənə qadının öldüyünü deməmişdi. Həm də yaşlı qadın olduğunu bildirmişdi. Sonradan bilmişəm ki, sən demə, cavan adam imiş, həm də mənimlə danışanda qadın artıq keçinibmiş…”


“Bir gənci məhv eləmək yolunu tutdular”

Xəyalə Musayeva Səyyad Ağayevin həyat yoldaşının qohumudur. O da Ramanı qəsəbəsində yaşayır. Nurlan Ağazadə deyir ki, evə gedib çatanda polislərin orada olduğunu görüb və hadisəni özünün törətdiyini bildirib. Onun sözlərinə görə, bir müddət həbsdə saxlandıqdan sonra əmisinin onu aldatdığını başa düşüb və istintaqa həqiqəti demək qərarına gəlib. Lakin müstəntiq deyilənlərə əhəmiyyət verməyib və istintaq əvvəlki versiya üzrə davam etdirilib.

photo-2021-04-24-18-37-48.jpg
“Vəkilimiz vəsatət qaldırdı ki, telefon danışıqlarına baxılsın, görsünlər ki, həmin gün Nurlandan Xəyaləyə zəng gedib, yoxsa yox”

“İstər istintaqda, istərsə də məhkəmədə vəkilimiz vəsatətlər qaldırdı ki, telefon danışıqlarının siyahısı, kamera görüntüləri çıxarılsın. Eləmədilər. Çox təəssüf ki, istintaq da, məhkəmə də həqiqəti üzə çıxarmaq yox, cinayət törətməmiş bir gənci məhv eləmək yolunu tutdu. Oğlum məhkəmədə də dedi ki, mən səhv eləmişəm, əmimə görə yalan danışmışam, amma mən cinayət törətməmişəm. Müstəntiq deyir ki, “ay xala, oğlun əvvəldən elə deyib, biz də işi elə aparmışıq”. Deyirəm, “ay bala, oğlum indi də deyir ki, mən eləməmişəm, bəs buna niyə inanmırsız?” İnanmayın, heç olmasa, özünüz həqiqəti üzə çıxarmağa çalışın, sübutları ortaya çıxarın. Çıxarmaqları bir yana, vəkilin ortaya qoyduqlarına da baxmadılar”, – Zümrüd Ağayeva gileylənir.

Ana iddia edir ki, Səyyad Ağayevlə yaxın münasibətləri olan Xəyalə Musayeva yalan ifadə verib. O bildirib ki, rəfiqəsi ilə birlikdə taksi sifariş edib, harasa gedərkən yolda Nurlandan ona zəng gəlib, maşınla piyadanı vurduğunu və onun evinə gətirmək istədiyini xəbər verib. O da rəfiqəsilə birlikdə yoldan qayıdıb və Nurlan Ağazadə maşınla vurduğu qadını onun evinə gətirib:

“Vəkilimiz vəsatət qaldırdı ki, telefon danışıqlarına baxılsın, görsünlər ki, həmin gün Nurlandan Xəyaləyə zəng gedib, yoxsa yox. Çünki Nurlanın telefonunda heç kontur olmayıb, ona görə həmin gün heç kimə zəng getməyib. Onda da Xəyalə dedi ki, yox, “Whatsapp” vasitəsilə zəng eləmişdi. Nurlanın telefonu çox köhnədir, orada elə proqramlar yoxdur, ancaq zəng gəlib-gedir. Xəyalə vəkilə dedi ki, guya “0404” xidmətindən taksi sifariş eləmişdi. Vəkil üzə çıxartdı ki, onun telefonundan o xidmətə zəng olunmayıb. Qaynımla münasibətləri var deyə, hər cür yalan danışdı…”


“Bu təkcə bizim ailənin yox, ölkənin, məhkəmə sisteminin faciəsidir”

İş icraçısı Qoşqar Sultanov da məhkəmədə ifadəsində bildirib ki, hadisə günü Səyyad da, maşın da yox idi, amma Nurlan işdə olub. Bir qədər keçəndən sonra Nurlan Ağazadə həqəcanlı vəziyyətdə gəlib ona deyib ki, əmisi Səyyad maşınla qəza törədib, buna görə təcili getməlidir. O da öz maşını ilə Nurlanı Xəyalə Musayevanın evinə aparıb.

photo-2021-04-24-18-37-59.jpg
Məhkəmə hökmü

“Əynini dəyişdi, bıçağını, saatını, telefonunu mənə verdi. Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı…”, – Qoşqar Sultanov belə deyib.

Səyyad Ağayev isə iddia edir ki, qəzanı onun törətməsi haqda deyilənlər yalandır. Onun sözlərinə görə, hadisə günü iş yerində olub. Qardaşı oğlu Nurlan onun maşınını götürüb, dükana gedib. Təxminən yarım saat sonra tanışı Xəyalə zəng eləyib, xəbər verib ki, Nurlan maşınla vurduğu adamı onun evinə gətirib. Bundan sonra işini yarımçıq qoyub və Xəyalə Musayevanın evinə gedib.

“Qadın avtobusdan düşəndən sonra bu hadisə olub. Mən gedib avtobus sürücüsünü tapdım. Dedi ki, qadın avtobusun qarşısından keçəndə maşın onu vurdu. Maşından dərhal bir nəfər nisbətən yaşlı adam, bir qadın düşdü. Biri qaynım olub, biri də Xəyalə. Daha bir nəfər azyaşlı da olub, onu “Mıkıl” çağırırlar. Dərhal adamlar yığılıb. Qaynım deyib ki, xəstəxanaya aparıram. Xəstəxana əvəzinə, Xəyalənin evinə aparıblar…”, – Zümrüd Ağayeva isə belə deyir.

Nurlan Ağazadənin 7 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apelyasiya şikayəti verilib. Şikayətə mayın 5-də baxılacaq.

Zümrüd Ağayevanın yeganə istəyi apelyasiya məhkəməsinin bu işi obyektiv, hərtərəfli araşdırmasıdır: “Bilsəm ki, övladım cinayət törədib, məni yandırmaz. Fikirləşərəm ki, əməli törədib, cəzasını da çəksin. Axı bu cinayəti o eləməyib, niyə cavan canı zindanlarda çürüsün? Bu, təkcə bizim ailənin faciəsi deyil, ölkənin, məhkəmə sisteminin də faciəsidir ki, göz görə-görə günahkarı kənarda saxlayıb, günahsızı cəzalandırırlar. Bu necə hakimlikdir, bu necə məhkəmədir, bu necə ədalətdir?! Belə insafsızlıq olmaz axı…”

Zümrüd Ağayeva prezident və vitse-prezidentə, ədliyyə nazirinə, Ombudsmana çoxsaylı məktublar yazıb, bu işin nəzarətdə saxlanmasını istəyib: “Yalvarıram, təqsirsiz balamın məhv olmasına imkan verməsinlər…”

Ana səhifəBölgə“Göz görə-görə günahkarı kənarda saxlayıb, günahsızı cəzalandırırlar”