Göylərin mərhəməti

Bir halda ki, uca xalq, sevgili millət rüşvətxordan, korrupsionerdən bu qədər nifrət edir, onların həbsinə bu qədər sevinir, elə isə həmin rüşvətxoru, korrupsioneri hansı məntiqlə məsələn, toyda, yasda aparıb yuxarı başda oturdur?

Foto: Meydan TV


Hər kəs öz vəzifəsinin çəkisinə görə oğurlamalıdır ki, dövlətçiliyin dayaqları sarsılmasın

Təzəlikcə iki icra başçısını rüşvət və korrupsiyaya görə həbs etdilər, bir də baxıb gördük nə? Sosial şəbəkələrdə bir sevinc, bir təntənə, deyərsən, üçrəngli bayrağı Xankəndinə-zada sancmışıq. Hərçənd bir rüşvətxor, korrupsioner məmurun həbsi də əslində elə xırda məsələ deyil. Lakin biz bənzər tamaşaları əvvəllər də çox görmüşük deyə, şəxsən məndə heç bir hiss-həyəcan yaratmır. Üstəlik, o tutulanların yerinə gələnlər bir qayda olaraq sələflərinə "rəhmət" oxutdurmaqla məşğul olurlar deyə, adamın bir az qanı da qaralır.

Ümumiyyətlə götürəndə isə rüşvət alanlar elə həmişə "Şöhrət" ordeni, "Vətənə xidmət" medalı almalı deyillər ki… Arabir cəza da almalıdırlar ki, barı yaddaşımız təzələnsin. Əks halda qanunvericilikdə korrupsiyanın cinayət əməli kimi tövsif edildiyini az qala unuduruq, çoxumuz hətta bundan yerli-dibli xəbərsizik. Fikirləşirik ki, məmur rüşvət alar də! Məmur büdcə pulunu basıb yeyər də! Düzü, bu cür fikirləşməkdə pis bir şey yoxdur, axı ölkənin idarəetmə modeli məhz onun üzərində inşa edilib. Ancaq böyük şairimiz Nizami Gəncəvi demiş, "bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Rüşvətin, korrupsiyanın da həddi olmalıdır: yoxsa bir də görürsən hansısa "JEK" müdiri o qədər çırpışdırır ki, sərvəti vurub icra başçısınınkını keçir. İcra başçısı var, pulu, villaları nazirinkinə meydan oxuyar. Bu, əlbəttə yolverilməzdir. Hər kəs öz vəzifəsinin çəkisinə görə oğurlamalıdır ki, dövlətçiliyin dayaqları sarsılmasın.

Mənə iki icra başçısının həbsi ilə bağlı sosial şəbəkələrdəki təntənəni görüncə ən çox təəccüblü gələn nə oldu bilirsinizmi?

Bir halda ki, uca xalq, sevgili millət rüşvətxordan, korrupsionerdən bu qədər nifrət edir, onların həbsinə bu qədər sevinir, elə isə həmin rüşvətxoru, korrupsioneri hansı məntiqlə məsələn, toyda, yasda aparıb yuxarı başda oturdur? Bunun dəfələrlə şahidi olmuşam: biz xeyir-şər məclisinə lüks maşında, bahalı geyim-gecimdə gələn hər kəsin qabağına yüyürüb onun üzünə yazıqcasına irişə-irişə qarşılamağı böyük mərifət sayırıq. Həmin adamın o lüks maşını lap əlli il vəzifədə olsa belə, quru maaşı ilə almayacağını bilirik, həmin adamın oturduğu villanın büdcə pullarını dağıdaraq ucaldıldığının fərqindəyik, ancaq eyni zamanda həmin toyumuza, yasımızaq çağıra bilirik, dəvətimizi qəbul edəndə bundan şərəf duyuruq, sevincimizdən az qalırıq dombalaq aşaq.

Di gəl, bir rüşvətxor, korrupsioner tutulanda da elə bir o qədər sevincək oluruq!

Absurd deyilmi? İkiüzlülük deyilmi? Adamdan soruşmazlarmı: "Bu nə pəhrizdir, o nə alça turşusu?"

Hətta bəzən işin şitini-şorunu çıxarırıq: rüşvətxor, korrupsioner bizim kəndçimizdirsə, yerlimizdirsə, hər fürsətdə əl-üzünü yumağa çalışırıq, misal üçün, xalqın malını basıb yesə də əliaçıq, çörəkverən adam olduğu barədə uzun-uzadı zəvzəkləyirik, "kaş o biri məmurlar da rüşvət alsınlar, amma bizim bu filankəs müəllim kimi sadəqəlbli, elinin-obasının xeyirinə-şərinə yarayan adam olsun" kimi gülməli və gülməli olduğu qədər də ağlamalı sözlər danışırıq.

Elə isə sonra durub hansısa "yad" – "başqa kənddən", "başqa rayondan" olan oğru məmurun həbsinə sevinməyə hansı haqqımız var?

Ən əsası, kimsə qüsura baxmasın: bu cür dar düşüncə ilə başımıza nə zülm gəlsə, nə oyun açılsa, yeridir.

Sonda lap gülməli-ağlamalısını deyim: məlum icra başçılarının həbsinə sevinənlər arasında kitabını hansısa çinovnikin pulu ilə çıxaran şair də, hansısa çinovnikə bəh-bəhlə tərif yazıb çətinə düşmüş işini aşıran yazıçı da, hansısa çinovnik haqqında sayt-sayt düşüb tənqidi yazını sildirən jurnalist də görə bilərdiniz.

Adam oxuyur, oxuyur, nəsə demək istəyir, ancaq heç nə deyə bilmir, eləcə əli üzündə qalır!

Bircə onu fikirləşir ki, göylərin mərhəməti həqiqətən böyükdür: daş yağdırmalı olduğu yerə hələ də lütf edib yağış yağdırır, qar yağdırır…

Ana səhifəXəbərlərGöylərin mərhəməti