Şəfəq Məmmədovanın evi

Mənbə: Foto: Meydan TV

Başlıq: Şəfəq Məmmədovanın evi

Göyçay sakini: Yayda dəlik-deşiklərdən evə ilan girir

Şəhid anası deyir, tezliklə ev əsaslı təmir olunmasa, azyaşlı nəvələri daş-kəsək altında qala bilər

“Evin döşəməsində, tavanında, divarlarında o qədər dəlik-deşik var ki, əsasən də yay vaxtı ilandan tutmuş hər cür zəhərli həşərat evin içinə girə bilir. Uşaqlar evdə qorxu içində yaşayır”.

Göyçay rayon sakini Şərqiyə Feyziyeva Meydan TV-yə qızı Şəfəq Məmmədovanın üç azyaşlı övladıyla yaşadığı mənzilin şəraitindən danışır. Deyir, Şəfəq Məmmədovanın həyat yoldaşı vəfat edəndən sonra ana xəstəlikdən əziyyət çəkən övladlarıyla qəzalı, şəraitsiz mənzildə baş-başa qalıb. Ailənin durumunu ağırlaşdıran səbəblərdən biri də elə mənzilin qəzalı vəziyyətdə olmasıdır.

“Rütubət, nəmişlik uşaqların vəziyyətini ağırlaşdırır”

“Göyçay Rayon İcra Hakimiyyəti binasının yaxınlığında “komkoz evləri” deyilən evlərdən birində yaşayırlar. Maddi durumları çox ağırdır. Xəstə övladlarıyla yaşadığı evin qəzalı olması da bir ayrı dərddir. Rütubət, nəmişlik xəstə uşaqların səhhətini daha da ağırlaşdırır. Evin döşəməsində, divarlarında o qədər dəlik-deşik var ki, yay vaxtı ilandan tutmuş hər cür zəhərli həşərat evin içinə girə bilir. Uşaqlar evdə qorxu içində yaşayır”, - Şərqiyyə Feyziyeva söyləyir.

"Uşaqlar evdə qorxu içində yaşayır"

"Uşaqlar evdə qorxu içində yaşayır"

Mənbə: Meydan TV

O, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə getdiyini, ötən il isə başçının qəbulunda olduğunu deyir:

“İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbuluna girmək istəyirdim, aşağı mərtəbədə memarlıq şöbəsinin müdirinin köməkçisi məni şirin dilə tutdu, dedi, ay xala, hər şeyə görə başçını narahat etməyə nə ehtiyac var, problemini özümüz həll edərik. Otağına dəvət elədi, mənim yanımda rayonun Mənzil İstimar İdarəsinə zəng vurdu, kiminləsə danışdı, mənə də tapşırdı ki, “get idarənin rəisi Ayaz Səfərəliyevin yanına, o sənə nə köməklik lazımdırsa, edəcək. Ayaz Səfərəliyevin yanına getdim, o da şirin vədlər verib yola saldı”.

“Pensiyamla 5 kisə sement, torpaq aldım”

Şərqiyə Feyziyeva deyir, sonradan daha dörd dəfə idarə rəisinin yanında olub, rəis bir dəfə öz işçilərini qəzalı evə baxış keçirməyə də göndərib. Şərqiyə Feyziyevaya söz verib ki, 2020-ci ilin yanvarında mənzil əsaslı təmir olunacaq:

“Nəticədə, aldandığımı başa düşüb öz pensiyamla qızımın yaşadığı evin tamamilə dağılmaması üçün 5 kisə sement, torpaq alıb bacardığım qədər bərkitmə işləri gördüm. Ancaq bu da yetərli deyil, ev əsaslı təmir olunmalıdır ki, uşaqların başına uçmasın”.

"Ev əsaslı təmir olunmalıdır ki, uşaqların başına uçmasın”.

"Ev əsaslı təmir olunmalıdır ki, uşaqların başına uçmasın”.

Mənbə: Foto: Meydan TV

Şərqiyə Feyziyevanın bir oğlu 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Şəhid anası olaraq məmurlar tərəfindən gördüyü münasibət onu məyus edib.

Bir cümləlik cavablar: “... Müraciətinizə baxılır”

Elə şəhid anası kimi ölkə başçısına da müraciət edib:

“Cənab Prezident! Ümüd edirəm ki, Meydan TV vasitəsiylə sizə ünvanladığım müraciətim nəticəsiz qalmaz. Bundan əvvəl də sizə dəfələrlə məktub göndərmişdim. Ancaq nədənsə, hər dəfə göndərdiyim məktubların cavabı Göyçay Rayon İcra Hakimiyyətindən gəlir. Hər dəfə də bu məktublarda yalnız bir cümlə yazılır: “... müraciətinizə baxılır”. Ona görə də qərara aldım ki, bu dəfə sizə media vastəsilə dərdimi çatdırım. Övladı bu torpağın bütövlüyü uğrunda canından keçmiş şəhid anası kimi Sizdən xahiş edirəm, qızımın təkbaşına, min əzabla böyütməkdə olduğu üç azyaşlı balasının qəzalı evdə daş-kəsək altında qalmasına imkan verməyin. O uşaqlardan biri 18 yaşına çatanda yenə də vətəni qorumaq üçün lazım olacaq”.

"Rütubət, nəmişlik xəstə uşaqların səhhətini daha da ağırlaşdırır".

"Rütubət, nəmişlik xəstə uşaqların səhhətini daha da ağırlaşdırır".

Mənbə: Meydan TV

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, büdcədə vətəndaşların mənzil təmiri üçün vəsait nəzərdə tutulmayıb. Şəfəq Məmmədovanın mənzilini təmir etmək də Mənzil İstismar İdarəsinin vəzifəsinə daxil deyil. Müharibə əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Şəhid ailəsi həmin quruma müraciət etməlidir.

Şərqiyə Feyziyevanın bir oğlu 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub

Şərqiyə Feyziyevanın bir oğlu 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zir21y

Ən çox baxılan