Göyçay sakini: Döyüşəndə vətəndaşsan, yaralanandan sonra heç kimə lazım deyilsən

“Beton döşəmənin üstündə yatmaqdan xəstəlik tapmışıq”

Source: Specify Source


“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım…”

“27 il əvvəl Ağdərə uğrunda döyüşlərdə sağlamlığımı itirmişəm, müharibə veteranıyam. 27 ildə qapımı döyüb soruşan olmayıb ki, ay veteran, axı sən canını bu vətən üçün fəda eləmisən, nəylə qidalanırsan, necə dolanırsan…”

Göyçayın Aşağı Qaraməryəm kənd sakini Mehrab Cəbiyevin 45 yaşı var. 1994-cü ilin yanvarında hərbi xidmətə çağırılıb. Həmin ilin aprelində Ağdərə istiqamətində gedən döyüşlərdə hər iki qolundan yaralanıb. Hospitallarda keçdiyi uzunmüddətli müalicələrdən sonra sol qolu bərpa olsa da, sağ qolu fəaliyyətini həmişəlik itirib. Bu üzdən də o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Deyir, hazırda ailəyə daxil olan gəlir aldığı veteran təqaüdüdür – 80 manat… Bu pulla isə dolanmaq mümkün deyil.


“Betonun üstündə yatmaqdan xəstəlik tapmışıq”

“Çox acınacaqlı vəziyyətdə yaşayırıq. 80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım… Ayağımızın altındakı döşəmə betondur, illərdir ki, beton döşəmənin üstündə yatmaqdan xəstəlik tapmışıq. Evin tavanı az qala üstümüzə gəlir, yağış başımıza yağır. Hökumət müharibə iştirakçısına 80 manat təqaüd kəsməklə işini bitmiş hesab edir. Döyüşüncə, yaralanınca vətəndaş hesab olunursan, yaralandın, sağlamlığını itirdin, vəssalam, heç kimə lazım deyilsən…” ,-şikayətçi deyir.

photo-2021-04-27-15-03-10.jpg
“Çox acınacaqlı vəziyyətdə yaşayırıq”

Mehrab Cəbiyev deyir, əlilliyin təyinatı üçün illərdir ki, müraciət etsə də, süründürməçiliyə məruz qalır:

“Məni dəfələrlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yönləndirdilər, hər dəfə stasionar müalicə adıyla orda yatırtdılar. Hər dəfə də TSEK cavab göndərirdi ki, təzədən müalicə təyin olunsun. Hər dəfə də sənədlərdə saxtakarlıq edirdilər, 12 gün stasionar müalicədə olduğum halda sənədə 4 gün qeyd edirdilər, sonra da üzrxahlıq edirdilər ki, guya səhvən olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə getdim ki, dərdimi nazirə üzbəüz deyim. Nazir qəbul etmədi, güc-bəlayla bir şöbə müdirinin qəbuluna düşə bildim, o da sənədləri aldı, heç üzünə də baxmadı, atdı kənara, dedi, yaxşısı budur qayıt rayona, Məşğulluq Mərkəzinə müraciət elə, dövlət işsizlər üçün məşğulluq proqramları təşkil edib, get qoşul, sənə də qoyundan-inəkdən versinlər, saxla, başını dolandır. Mən də dediyi kimi etdim, qayıdıb Məşğulluq Mərkəzinə müraciət etdim, 2 il keçir, hələ də xəbər yoxdur. Ünvanlı sosial yardım da vermirlər, deyirlər, ayağında pay torpağı var. Bir sözlə, nəfəsimizi hərtərəfli kəsiblər”.

photo-2021-04-27-15-03-09 (1).jpg
“Evin tavanı az qala üstümüzə gəlir, yağış başımıza yağır”

Ötən ilədək ailəni evin 16 yaşlı oğlu əkin sahələrində işləyərək dolandırırmış. Ötən il o da Şirvan gölündə boğularaq həyatını itirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən vətəndaşa gələn sonuncu məktubda qeyd olunub ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat dövlət səhiyyə müəssisələri tərəfindən müəyyən edilmiş göndərişlər əsasında müəyyən olunur. Mehrab Cəbiyev hərbi-həkim komissiyasının travmanın səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalıdır. Göndəriş (forma88) rəsmiləşdirildiyi halda əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilə bilər.

photo-2021-04-27-15-03-09 (2).jpg
“Beton döşəmənin üstündə yatmaqdan xəstəlik tapmışıq”
Ana səhifəBölgəGöyçay sakini: Döyüşəndə vətəndaşsan, yaralanandan sonra heç kimə lazım deyilsən