Göyçay sakini: 7 ildir qəzalı evdə yaşayırıq

“Təbii fəlakətdən sonra evim qəzalı duruma düşüb, aidiyyatı qurumlar baxmır”

Source: Meydan Tv


“Təbii fəlakətdən sonra evim qəzalı duruma düşüb, aidiyyatı qurumlar baxmır”

Göyçayın Çayarxı kəndində yaşayan Sevinc Hümbətovanın evi qəzalıdır. Deyir, 2 övladı və ürək xəstəsi olan həyat yoldaşı ilə birgə 7 ildir qəzalı vəziyyətdə olan evdə yaşayır. O, evlərinin təbii fəlakətdən qəzalı duruma düşdüyünü bildirir. Əlavə edir ki, dövlət yardım etməli olduğu halda, aidiyyatı qurumlar şikayətinə məhəl qoymur:

“2013-cü ildə dəfələrlə yağan dolu evimizin üstünü, təsərrüfatımızı pis günə qoydu. Ölmədik, birtəhər dolandıq, amma qızalı duruma düşən tavanımızı təmir etməyə imkanımız çatmadı. Nəticədə 7 ildir ki, tavanı daman, damı deşik-deşik olan evdə yaşayırıq”.


“Gəlib baxıblar, özləri də bilir, qəzalıdır”

Sevinc Hümbətova deyir ki, dövlətdən çox şey tələb etmir. Sadəcə haqqı olanı istəyir:

“Təbii fəlakət zamanı dəyən zərəri dövlət ödəyir. Mən yalan danışmıram, gəlib dəfələrlə baxıblar, özləri də bilir. Evimin tavanı qəzalıdır. Demirəm ki, mənə ev tikib verin. Təkcə tavanını düzəldin, bəsimizdir. Bir dəfə usta gəldi. Ölçdü-biçdi, dedi, “2000 manata yaxın pul tutacaq”. O pulu verməyə bizim gücümüz çatmır. İcra hakimiyyətinin də gücü çatmır? O qədər böyük məbləğ deyil axı“.


“Özüm deyib, özüm eşidirəm, şikayətimə baxmırlar”

Şikayətçi əlavə edir ki, bir dəfə ona evinin tavanını təmir etmək üçün material veriblər. Ancaq həmin material tavandakı bütün deşikləri tutmağa bəs etməyib:

“Bəs etmədi. Yenə yağışda-qarda evin içinə su damır. Əlimdən gələn tavana vedrə-vanna, qab-qacaq düzməkdir. 2013-cü ildən bu yana Göyçayda bir neçə dəfə icra başçısı dəyişib. Mən hamısının qəbulunda olmuşam. Heç biri də kömək etməyib. Anlamıram, Prezident bu insanları həmin vəzifəyə niyə təyin edir? Xalqa xidmət etmək üçün edirsə, bəs niyə kömək etmirlər? 2 min manat nədir ki, mən ondan ötrü 50 dəfə icra hakimiyyətinə getmişəm, bütün aidiyyatı qurumlara məktub yazmışam. Hələ də özüm deyib, özüm eşidirəm”.

Evin vəziyyəti
Evin vəziyyəti



“Heç soruşmurlar ki, vətəndaş, dərdin nədir?”

Sevinc Hümbətova aidiyyatı qurumlara yazdığı şikayət məktublarının say-hesabını da itirib. Prezident Administrasiyasına, Göyçay Rayon İcra Hakimiyyətinə, Birinci Vitese-prezident Mehriban Əliyevaya, əvvəlki Ombudsman Elmira Süleymanovaya, indiki Ombudsman Sevinc Həsəynovaya – hamıya məktub göndərib. Deyir: “Baxan yoxdur. Heç soruşmurlar ki, vətəndaş, dərdin nədir?”

Sevinc Hümbətovanın böyük oğlu gələn il hərbi xidmətə yollanacaq. Deyir, oğlu vətənə xidmətə gedəcək, amma bu gün yağış yağanda yatağına su damır:

“Onun böyüdüyü evə, yaşadığı şəraitə baxın. Vallah, imkanım olsa, özüm edərəm. Yoxdur. Özüm süpürgəçi işləyirəm, oğlum marketdə paketçidir. Yoldaşım isə ürək xəstəsidir, işləmir. Mənim tavanı təmir etdirmək üçün heç 100 manatım da yoxdur, qaldı, 2000 manat ola. Belə olan halda nə edim, bilmirəm”.


Evi kim təmir etməlidir?

Qanunla təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri ilə yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarından ibarət birgə komissiya məşğul olur.

Göyçay Rayon İcra Hakimiyyətindən Sevinc Hümbətovanın şikayəti ilə maraqlanacaqlarını söyləyiblər: “Həqiqətən evi təbii fəlakət zamanı qəzalı duruma düşübmü, araşdıracağıq. Bununla bağlı komissiya var, onlar baxıb qiymətləndirir. Təbii fəlakət zamanı qəzalı duruma düşən evlərə kömək edilir”.

Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Ana səhifəBölgəGöyçay sakini: 7 ildir qəzalı evdə yaşayırıq