Görünməz yaralar

Görünməz yaralar


Post-travmatik sindrom nədir və nə üçün müharibə görmüş azərbaycanlılar sülh şəraitinə uyğunlaşa bilmirlər?



Bəzən müharibədə iştirak etmiş insanların fiziki yaraları daha tez sağalır, ancaq psixoloji reabilitasiya keçmək isə onlar üçün daha çətin olur. Azərbaycan artıq bir neçə 10 illiklərdir ki, kəskin münaqişə şəraitində yaşayır. Yaşanan hər yeni hərbi münaqişədə insanlar ölməyə və xəyal qırıqlığı yaşamağa davam edirlər. Alınan fiziki travmaların müalicəsinə ehtiyacın olması hamıya bəllidir, lakin psixoloji travmalar çox da diqqət çəkmir. Bir qayda olaraq, hətta zərərçəkənin özü belə onda nə baş verdiyinin fərqində olmur.

Müharibədə alınmış psixoloji travmalar zaman keçdikcə dərinləşərək, travma sonrası stressin yaratdığı pozğunluğa çevrilə bilər, hansı ki, onunla peşəkar köməyi olmadan mübarizə aparmaq mümkün deyil. Lakin, təəccüblü deyil ki, Azərbaycanda hələ də bu vəziyyət barədə danışan yoxdur. Nə dövlət, nə də müharibədən əziyyət çəkmiş şəxslər silahlı konfliktin yaratdığı və illərdir həllini gözləyən bu psixoloji vəziyyətə diqqəti yönəltmirlər.


Atəş səslərinə vərdiş etmək

Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda başlayan müharibədən təxminən 30 il keçir. 1994-cü ildə tərəflər atəşkəs imzalayıb. Demək olar ki, hər gün atəşkəs pozulur və hər iki tərəfdən insanlar həlak olmağa davam edir – həm hərbçilər, həm də mülkilər.

Azərbaycanın rəsmi məlumatlarına görə, hazırda Qarabağdan məcburi köçkün olanların sayı təxminən 1 milyon nəfərdir. Müharibədə döyüşməmiş bu şəxslər “həyatlarından başqa hər şeylərini itiriblər“ – Qarabağın Laçın rayonundan məcburi köçkün olan Səlim Səlimov Meydan TV-yə müsahibəsində deyir.

Bu gün Səlim Səlimovun 65 yaşı var. Müharibə yenicə başlayanda heç kim düşünmürdü ki, o bu qədər uzun sürəcək. Lakin yavaş-yavaş yerlilər atəş səslərinə və qonşu rayonlardan gələn qorxulu xəbərlərə vərdiş etdilər. Mayın 13-ü 1992-ci ildə Səlimovlar ailəsinin də doğma evlərini tərk etmək növbəsi gəlib çatır. Ailə “əyinlərindəki paltarlarından savayı heç nə götürmədən” doğma yeri tərk edir.

“Yollarla getmək təhlükəli idi, adama qəribə gəlirdi ki, bu yolla getsəm salamat çatacağam, ya yox?”, – Səlim Səlimov danışır.

Ruxsarə Cumayeva isə Bakıda hərbi hospitalda işləyib. Bir dəfə bir gənc əsgərin qolunun amputasiyasından sonra o dözmür və müharibəyə getməyə qərar verir.

Yaralılara ön cəbhədə yardım etmək istəyir. Cəbhədə onu Tutu adlandırırlar. Hələ də onu bu adla çağırırlar.

Tutu xatırlayır ki, müharibədə onun silahı avtomat yox, 40 kiloqramlıq tibb çantası olub.

“Həmin döyüşlərdən biri – Mehmanə döyüşündə 96 yaralımız vardı, onlarla şəhid verdik və bir də tankçımız Baloğlan itkin düşdü. Bugünə qədər də ondan bir xəbər yoxdur. Bu, mənim üçün ən ağırıdır. Murovda isə uşaqlarımız qar uçqunun altında qalmışdı. Qar uçqununun altında qalan yaralılarımızı çıxardıq. İndi də qar yağanda Murovda qar uçqunun altında qalan uşaqlar gözümün qarşısına gəlir”, – Tutu danışır.


Cəbhəyə


gedən yol

Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu müharibədən II qrup əlilliklə qayıdıb.

1992-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən iki dəfə müxtəlif vaxtlarda minaya düşüb, ikinci yaradan sonra yaralarının ağırlığına görə bir il sonra ordudan tərxis olunub.

1993-cü il iyulun 23-də Ağdam işğal olunduqdan sonra Rey Kərimoğlu məcburi köçkün kimi Bakıya köçməli olub.

O deyir ki, o vaxtlar SSRİ təzəcə dağıldığı və Azərbaycan yeni müstəqil olduğu üçün işsizlik və ərzaq çatışmazlığı kimi xeyli problem var idi.

“Müharibədən sonrakı proses çox ağır oldu. Çünki o cür döyüşlər keçirmişik, o cür insanlar yanımızda şəhid olublar, o cür tanıdığımız insanlar qollarını-ayaqlarını itiriblər”, -Rey Kərimoğlu deyir.

Lakin Rey vurğulayır ki, onlara bu problemlərdən daha çox cəmiyyətin müharibə iştirakçılarına biganəliyi təsir edib:

“Baxırsan, ətrafda tamamilə laqeyd adamları görürsən. Onlar əlimizdə ölən, qolunu-ayağını itirmiş uşaqlar haqqında heç nə bilmirlər. Bununla barışmaq çətindir. Bunun özü bizim üçün travmadır”.


Heç kim xəbərdarlıq etməyib

Müharibəsonrası travmaların simptomları müxtəlif şəxslərdə oxşar olur.

“Adam özünü əvvəllər heç vaxt davranmadığı kimi aparmağa başlayır. Əvvəllər çox aktiv, “məclisin bəzəyi” olmuş şəxsi sonradan tanımaq olmur, tamamilə dəyişir, alkoqol qəbul edir, iş tapa bilmir, bax, bu şəxsləri terapiyaya yönləndirmək lazımdır”, – Amerikanın Virciniya Ştatında lisenziyalı psixoloq-məsləhətçi, Regent Universitetinin psixoloji məsləhət kafedrasının dosenti Olqa Zaporojeç izah edir.

Meydan TV-nin jurnalistləri Azərbaycanda müharibə sonrası travmalarla işləyən psixoloq tapa bilmədikləri üçün ona müraciət ediblər.

Hər üç reportaj qəhrəmanı deyir ki, müharibədən sonra onlarla psixoloji iş aparılmayıb. Buna görə də onlar hamısı müharibə sonrası həyata çətin adaptasiya olmalarından şikayətçidirlər.

«Biz heç birimiz adaptasiya ola bilmədik, nə qadınlar, nə də kişilər. Buna görə də bizim üçün həm uşaqlar, həm qonşular, həm də cəmiyyətdə ünsiyyət qurmaq çətindir. Biz psixoloqla görüşmədik, ünsiyyətdə olmadıq. Bizə heç nə öyrətmədilər”, – Tutu danışır.

O, onlara peşəkar, ixtisaslaşmış psixoloq köməyinin lazım olduğunu yaxşı başa düşdüyünü deyir. Hesab edir ki, müharibədən qayıtmış şəxslər vaxtında müharibəsonrası travmalarla bağlı danışsaydılar, onlarda sülh dövründə özlərini tapmaq şansı daha çox olardı.

“Bizim üçün həm ailədə, həm də cəmiyyətdə adaptasiya olmaq daha asan ola bilərdi”, – o deyir.

“Müharibə mənim çox şeyimi aldı. Məsələn, mən vaxtında istədiyim ailəni qura bilmədim, vaxtında istədiyim təhsili ala bilmədim, vaxtında bu həyatdan canı sağkən – mən 24 yaşımda yaralandım – canı sağkən bu həyatdan zövq ala bilmədim, çünki dünyada ondan qiymətli heç nə yoxdur”, – Rey Kərimoğlu danışır.

Müharibədən qayıdan Rey Kərimoğlu “Qarabağ Qaziləri” İctimai Birliyinin yaradılmasında iştirak edir və onun sözçüsü kimi fəaliyyət göstərir. Yəqin elə buna görə də Azərbaycanda müharibə iştiraskçılarının psixoloji reabilitasiyası ilə bağlı işlərin aparılmadığını əminliklə deyir:

“Olubsa belə, kağız üzərində olub. Buna görə də müharibədən alınmış travmalarla mübarizə aparmaq çətin oldu. İndi də həmin uşaqların bir çoxu travmalarla yaşayır”.


Təkbaşına mübarizə aparmaq mümkün deyil

Psixoloqların fikrincə, müharibəsonrası travmaların müalicəsi asan deyil, ona individual yanaşmaq lazımdır.

“Hər bir şəxs individualdır. Demək olmaz ki, hər bir adam sizin otağınıza gəlib avtomatik sizə etibar edəcək və siz də onların hamısını anlayacaqsınız. Hesab edirəm ki, münasibət qurmaq çox önəmlidir. İnsanın dəyərlərini anlamaq çox vacibdir. O, nə düşünür, onun müharibədən sonra adaptasiya olmaqla bağlı daha hansı problemləri var? Yaxınları ilə münasibəti necədir, ailədə problemləri varmı?”, – Olqa Zaporojeç izah edir.

Ən önəmli məqam isə odur ki, zaman keçdikcə ağırlaşan müharibəsonrası travmaları aradan qaldırmaq mümkün olmur.

Səlim Səlimov insanlar üçün sonradan müharibə sonrası travmalara çevrilən – yuxusuzluq, kabus görmək, qəfildən gələn aqressiv davranışlar, həyatın mənasızlaşması kimi simptomların müalicəsinin olduğunu heç vaxt eşitmədiyini bildirir.

Elə buna görə, o, hələ də öz “kabusları”nın səbəblərini aradan qaldıra bilməyib.

“Və elə buna görə də “həyat çoxdan bitib” kimi beyninə həkk olunmuş bir hisslə yaşayır.

“Müharibə bizdən ömrümüzdən başqa hər şeyimizi aldı”, – o deyir.

“İnsan heç vaxt əvvəlki kimi olmur. Çünki müharibə insanları dəyişir, lakin onun simptomlarını aradan qaldırmaq olar”, – Olqa Zaporojeç izah edir.

Azərbaycanda müharibəsonrası travmalarla işləmək üçün ixtisaslaşmış psixoloq tapmaq mümkün olmayıb.

Ölkədə bu problemdən əziyyət çəkmiş insanlarla bağlı statistika aparılmayıb.

Lakin beynəlxalq araşdırmalar göstərir ki, dünya əhalisinin 10 faizində müharibəsonrası travmaların vurduğu simptomlar var.


“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoGörünməz yaralar