''Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Təbriz Əmrahova dəyib''
İyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunda polislə yerli vətəndaşlar arasında insdent yaşanıb. Nəticədə bir nəfər güllə yarası, polis isə xəsarət alıb.
Məlumatı
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi
yayıb.
Bildirilib ki, Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb:
“Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb, Qarapirimli kənd sakini Lətif Əmrahov Vüsal Kərimova qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib. Xəsarət alan Vüsal Kərimov və yerli sakin Təbriz Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Məlumatda faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlandığı qeyd olunub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının Goranboy rayonuna ezam olunduğu bildirilir.