Goradil sakini: Zakir Fərəcovun qoçuları taxıl sahəmin altını üstünə çevirmişdi

“Hətta bu torpaqdan yararlanmaq üçün yaxınlığındakı ehtiyaclı ailələrə də imkan yaradıb”.

Zakir Fərəcov, mənbə: Meydan TV


Ələmdar Allahverdiyevin ölkə rəhbərliyinə müraciət edib

Abşeron rayonu, Goradil qəsəbəsi sakini Ələmdar Allahverdiyev rayonun keçmiş icra başçısı, hazıra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovdan şikayətçidir:

“Gələnləri başa salmağa çalışdım ki, bu sahə mənimdir, taxıl əkmişəm, sənədlərim var, illərdir xərc çəkib bu sahəni ərsəyə gətirmişəm. Dedilər, Zakir Fərəcovun göstərişi var, bu ərazi satılır. Yerimdə donub qalmışdım, cücərmiş taxıl sahəsinə necə traktor salıb torpağın altını üstünə çevirmək olardı? Ancaq onlar bunu etdilər. Ərazini şumlayıb qısa bir müddətdə ayrı-ayrı adamlara satdılar”.

Ələmdar Allahverdiyev Meydan TV-yə danışır ki, 1991-ci ildə kəndli təsərrüfatı yaradıb. Bu fəaliyyətlə məşğul olmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 20 yanvar 1991-ci il tarixli 15 saylı qərarına əsasən ona Abşeron rayonu, 2 saylı Tərəvəzçilik Sovxozundan 3 hektar torpaq sahəsi ayrılıb. Əlavə olaraq həmin sahəyə bitişik 3 hektar sahə də sonradan sənədləşdirilmək şərti ilə onun istifadəsinə verilib. O, ailə üzvləriylə birlikdə ümumilikdə 6 hektar sahəni daş-kəsəkdən, kol-kosdan təmizləyib, dirəklərlə əhatəyə alaraq 15 il istifadə edib. Həmin illər ərzində sahədə meyvə ağacları, mal-qara üçün yonca, taxıl əkib. Hətta bu torpaqdan yararlanmaq üçün yaxınlığındakı ehtiyaclı ailələrə də imkan yaradıb.


“Fermer təsərrüfatlarının gözünü kor qoymuşdu”

“Dolanışıq çətin olduğuna görə bir neçə ailəyə də sahə ayırmışdım ki, öz heyvanları üçün yem əksinlər. Başqa həmkəndlilərimə də ot, saman verirdim. Çətinliklə də olsa, 7-8 baş mal-qara, 40 baş qoyun alıb artırmışdım. 3 traktor, 2 lafet, ot biçən, ot presləyən maşınlar almışdım. Torpağın münbitliyini artırmaq məqsədilə üzvi və mineral gübrə alıb sahəyə səpmişdim. Torpağı bu dərəcədə işlək vəziyyətə gətirməyimə baxmayaraq, özəlləşdimək üçün aidiyyəti qurumlara müraciət etsəm də, müxtəlif bəhanələrlə məsələni uzadırdılar. Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra Abşeron rayonu ərazisindəki əkinə yararlı torpaqlar vətəndaşların əlindən alınmağa başladı. Zakir Fərəcov Abşeron rayonunu “qoçu qaydaları” ilə idarə edirdi. Ərazidəki bir çox fermer təsərrüfatlarının gözünü kor qoymuşdu, torpaqlarını talamışdı, təşkilatlarını dağıdıb torpaqlarını satmışdı. Bir gün növbə mənə də çatdı”.


“Cücərmiş taxılımı məhv eləyib, ərazini satdılar”

Ələmdar Allahverdiyev deyir, günlərin birində Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri gələrək sahəni bölməyə çalışıblar:

“Payız idi, torpağa səpdiyim taxıl xeyli cücərmişdi. Bir gün gördüm sahəyə traktor salırlar. Məlum oldu ki, sahəni bölməyə gəliblər. Gələnləri başa salmağa çalışdım ki, bu sahə mənimdir, taxıl əkmişəm, sənədlərim var, illərdir xərc çəkib bu sahəni ərsəyə gətirmişəm. Dedilər, Zakir Fərəcovun göstərişi var, bu ərazi satılır. Yerimdə donub qalmışdım, cücərmiş taxıl sahəsinə necə traktor salıb torpağın altını üstünə çevirmək olardı? Ancaq onlar bunu etdilər. Cücərmiş taxılı, 50-dən çox bar verən meyvə ağacını, yoncanı məhv elədilər, sahəni hissələrə bölüb, qısa bir müddətdə ayrı-ayrı adamlara satdılar. Kənd bələdiyyə sədri dedi, mən sahəni alanların heç birini tanımıram, hamısı Zakir Fərəcovun adamlarıdır”.

Keçmiş fermer deyir ki, təsərrüfatı dağılmış ailə tezliklə heyvanlarını da itirir. Yonca sahəsi əldən çıxdığı üçün heyvanlar yemsiz qalır, südlük, ətlik heyvanın bir neçəsi acından ölür, sağ qalanları dəyər-dəyməzinə satılır. Ələmdəar Allahverdiyev və həyat yoldaşı əsəb gərginliyindən müxtəlif xəstəliklərə tutulur. Olan-qalan əmlakı satıb müalicələrinə xərcləyirlər. Ailə üzvləri təsərrüfatlarını itirdikləri vaxtdan işsiz qalırlar.


“Vətəndaşı dövlətdən qəsdən narazı salırlar”

“Oğlanlarım hələ də işsizdir. Aldığımız pensiya dərmanımıza çatmır. Halbuki, təsərrüfatımız bizim bütün tələbatlarımızı ödəyirdi, üstəlik, dediyim kimi, hələ qohum-qonşudakı imkansızlara da iş verirdik, əl tuturduq. Biz dövlətdən heç nə istəmirdik, tələbatlarımızı özümüz ödəyirdik, dövlətə yük deyildik. Ancaq məmurlar təsərrüfatımızı dağıdıb böyük bir ailəni işsiz, ac qoymaqla bizi dövlətdən incik saldılar. Məhkəmələrsə sözdə mənim haqlı olduğumu deyib, bütün qərarları qorxularından qarşı tərəfin xeyrinə çıxardılar. Hətta bəzi hakimlərin katibləri zəng vurub açıq şəkildə dilə tuturdular ki, ərizəmi geri götürüm”, – şikayətçi deyir.

Ələmdar Allahverdiyev Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində ölkə başçısından dağıdılmış təsərrüfatının bərpa olunması üçün torpaq sahəsi ayrılmasına, ailəsinə dəymiş maddi və mənəvi zərərin təsərrüfatını dağıdanlar tərəfindən ödənilməsinə göstəriş verməsini istəyib.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Ələmdar Allahverdiyevlə keçmiş başçı arasında baş verənlərdən məlumatları yoxdur. Ələmdar Allahverdiyev kənd təsərrüfatı ilə məşğul olmaq üçün qanunda nəzərdə tutulmuş qaydada müraciət edə, müraciətinə baxıla bilər:

“Zakir Fərəcov bir neçə ildir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır. Vaxtilə nə baş veribsə, bizim xəbərimiz yoxdur. Bircə onu deyə bilərik ki, Ələmdar Allahverdiyevin iddia etdiyi həmin sahələr dövlət ehtiyatları üçün alınıb. Vətəndaş kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə torpaq sahəsi ayrılmasına görə qanunda nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Abşeron rayonu ərazisində uyğun torpaq sahəsi olarsa, qurum bir qərar verər”.

Ana səhifəBölgəGoradil sakini: Zakir Fərəcovun qoçuları taxıl sahəmin altını üstünə çevirmişdi