“Gizli nömrədən gələn zəngin araşdırılmasını istədim, özümü həbs etdilər”

Polis vətəndaşı izahat almaq bəhanəsi ilə dəvət edib, şərləyir, həbs edir

Source: Specify Source


Əlağa Xələfov deyir ki, ikinci dəfədir 26-cı polis bölməsi tərəfindən təzyiq, təhqir və həbsə məruz qalır

“Gizli nömrədən gələn zəngin araşdırılması üçün DİN 102 Xidmətinə məlumat verdim. Məni 26-cı polis bölməsinə çağırdılar. Düşündüm ki, yəqin ərizəmi, izahatımı alacaqlar. Ancaq təkcə ərizəmi alıb, yola saldılar. 3 gündən sonra təkrar bölməyə çağırdılar, bu dəfə özləri məni təxribata çəkib, sonra da guya polisə müqavimət göstərmişəm deyib, böhtanla 10 sutkalıq həbsə atdılar”.

Bunu Meydan TV-yə Bakı sakini Əlağa Xələfov deyir. Onun sözlərinə görə, sentyabrın 22-də axşam saatlarında onun şəxsi mobil telefonuna gizli nömrədən zəng gəlib. Zəng vuran tanımadığı şəxs onu söyərək təhqir edib. O da zəng vuranın araşdırılması üçün Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət edib. Sentyabrın 23-də onu Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət ediblər. Ərizəsi alınsa da, izahat yazdırılmayıb. Bildirilib ki, izahatını almaq üçün təkrar çağırılacaq. Növbəti dəfə polis bölməsinə sentyabrın 25-də dəvət olunub.


“Əvvəllər də çağırıb “qulaqburması” vermişdilər”

“Zəng vurub dedilər ki, rəis səni görmək istəyir, həm də izahatın alınmalıdır. Bölməyə getdim, mən bu bölmədə bir neçə ay əvvəl – bu ilin aprelində də olmuşdum. Onda bildirmişdilər ki, mənimlə bağlı Naxçıvandan şikayət var. Naxçıvanda həqiqətən də problemlərim vardı və Naxçıvan polisindən 26-cı bölməyə sifariş gəlmişdi ki, çağırıb mənə “qulaqburması” versinlər. Bu ilin aprelində həm də Biləsuvar polisi ilə problemim olmuşdu. Məni həmin polisdə şərləyib, məhkəməyə aparıb, 200 manat cərimə etmişdilər. Bütün bunlarla bağlı ilk dəfə 26-cı bölmədə olanda bildirmişdim. Bu dəfə də bölməyə dəvət olunanda izahatımı alan təhqiqatçı həmin məsələnin üstünə gəldi. Mən də bildirdim ki, bəli, məni şərləyib 200 manat cərimə etdirən Biləsuvar polisinin həmin poliş işçisi ləyaqətsizdir. Bu söz ağzımdan çıxan kimi polislər “sən bizi təhqir elədin, sən bütün polisləri şərəfsiz adlandırdın” deyib, rəisin otağına getdilər. Bir azdan qayıdıb məni də rəisin otağına apardılar. Rəis məni ağır söyüşlərlə təhqir etdi. Ona başa salmağa çalışdım ki, mən bütün polislərin ünvanına yox, konkret məni şərləyən polisin ünvanına ləyaqətsiz demişəm. Rəis məni çox gözəl anlasa da, əvvəllər ondan şikayət etdiyimə görə məni “cəzalandırmaq” üçün əlinə girəvə düşmüşdü. Onun tapşırığıyla bir protokol yazıldı, guya mən polislərə tabe olmamışam, onları ən ağır söyüşlərlə təhqir etmişəm, xuliqanlıq etmişəm”, – Əlağa Xələfov deyir.


Məhkəmə 10 sutkalıq həbs kəsib

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən bildirilib ki, Əlağa Xələfov 102 Xidmətinə verdiyi məlumatın araşdırılması üçün sentyabrın 25-də 26 saylı polis bölməsinə dəvət olunub. İzahatı alınarkən polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyüb, polislərin ünvanına “şərəfsizdilər”, “ləyaqətləri yoxdur” kimi ifadələr işlədib, səs-küy salıb, bölmənin iş fəaliyyətini pozub, onu nizam-intizama dəvət edən polis əməkdaşlarıyla mübahisə edərək onları da söyüb. Buna görə də polis bölməsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmə ona İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535 (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada 10 sutkalıq həbs cəzası kəsib.

Əlağa Xələfov Yasamal Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

image_from_ios (6).jpg
Məhkəmə qərarı


“Cəzasız qaldıqca, arxayınlaşırlar”

Əlağa Xələfov baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə və başqa qurumlara müraciət edib. Ancaq hələ də bir cavab almayıb:

“Vətəndaş polisə müraciət edir ki, onu narahat edən zəngi, adamı araşdırsın, tədbir görsün. Polis vətəndaşı izahat almaq bəhanəsi ilə dəvət edib, şərləyir, həbs edir. 20 gündən çoxdur mənə gələn təhqir, hədədolu zəngin araşdırılmasına görə hələ də izahatım alınmayıb, tədbir görülməyib. Ortada özüm 10 sutka həbsdə yatmışam. Vətəndaş belə polisə necə inansın? Həbsdən çıxandan Daxili İşlər Nazirliyinə yazmışam, heç nazirlik də maraqlanmayıb ki, görüm, bu vətəndaşı mənim polisim niyə incidib? Əlbəttə, bu cəzasızlıq polisdə arxayınlığa gətirib çıxarır, ona görə də polis vətəndaşla istədiyi kimi davranır, bilir ki, cəzalandırılmayacaq, çünki vətəndaşın yazdığını oxuyan yoxdur”.

Bundan əvvəl də Əlağa Xələfov 26-cı polis bölməsinə dəvət olunaraq təzqyiqlərə məruz qalıb. Bununla bağlı Baş Prokurorluğa şikayət edib. Nəticəsi isə bu olub ki, vətəndaş növbəti dəfə eyni polis bölməsinə şikayətlə müraciət edərkən özü təkrar təzyiqlərə məruz qalıb.

Ana səhifəSiyasət“Gizli nömrədən gələn zəngin araşdırılmasını istədim, özümü həbs etdilər”