Sosial sahibkarlıqla məşğul olan aktivist oturaq etiraz aksiyası keçirir

Rəbiyyə Məmmədova oturaq aksiya. Foto: Meydan TV

“Polis binaya daxil olub, dedi ki, 15 min nədir, vətəndaşı buna görə incidirsiniz?”

“Sapla” tikiş sexinin qurucusu, gender aktivisti Rəbiyyə Məmmədova Sahibkarlığın İnkişafı Fondunun (SİF) qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirir.

Rəbiyyə Məmmədova Meydan TV-yə bildirib ki, etirazının səbəbi, SİF-in onun 15 min manat kredit müraciətinə imtina cavabı verməsidir.

“Qərara gəlmişdik ki, “Sapla”nı Bakıda bağlayıb, Gəncədə yaradaq. Düşünürdük ki, bütün resurslar Bakıda toplanıb. Gəncədə açsaq, region qadınlarına daha yaxşı dəstək verərik. SİF-ə müraciət edəndə, əməkdaşlar bildirdilər ki, icarə müqaviləsi Bakıda bağlanıbsa, Gəncəyə pul ayıra bilməzlər. Onlar layihəni dəyişməyimizi istədilər. Biz də layihəni dəyişib, Bakı üçün hazırladıq. Layihəni də bank əməkdaşı hazırlayıb. O, Bakıdakı kuratorlarla danışıqlar aparıb, sənədlərin doğruluğunu təsdiqlədikdən sonra axırıncı varianta Bakı yazıb. “Bank of Baku” layihəni təsdiqlədikdən, pul ayırmağa hazır olduqlarını bildirdikdən sonra SİF-ə təqdim etmişik”, – Rəbiyyə Məmmədova deyir.

Onun sözlərinə görə, SİF onların fevralda etdikləri müraciətinə 2 ay sonra, aprelin 8-də imtina cavabı veriblər. Səbəb kimi isə sənədə Bakı deyil, Gəncə yazıldığı bildirilib.

“Yalandan deyirlər ki, siz sənədə Gəncə yazdığınız üçün imtina vermişik. İmtina kağızını istəyirəm vermirlər. Deyirlər ki, banka göndərmişik, oradan götürün. Deyirəm ki, Gəncə yazdığımız sənədi gətirin birgə baxaq. Bəlkə hansısa yerdə texniki səhv olub. Həmin sənədi belə mənim qarşıma çıxarmırlar”.

“Fevraldan bu yana sənədlərimiz SİF-dədir. Baxmayaraq ki, dəfələrlə bununla bağlı Prezident Adminstrasiyasına, İqtisadiyyat Nazirliyinə məktub yazmışam. İqtisadiyyat naziri Mikayıl Cabbarovun adına rəsmi müraciətlər etmişəm. SİF-in rəhbəri Osman Xanəliyevə məktub yazıb, bizim müəssisəyə dəvət etmişəm ki, buyurun, gəlin, öz gözlərinizlə görün, biz nə işlə məşğuluq”, – Rəbiyyə Məmmədova bildirir.

O, imtina cavabından sonra təkrar İqtisadiyyat Nazirliyinə müraciət edib:

“Nazirlik də deyir ki, SİF-ə get. Halbuki bu müddət ərzində dəfələrlə SİF-in Partnyorlarla İş Şöbəsinin rəisi, İdarə Heyətinin sədri ilə görüşmüşəm. İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ilə danışmışam. Lakin heç bir nəticəsi olmayıb. Ona görə də hazırda SİF-in qarşısında oturub gözləyirəm ki, məni qəbul edib, məsələyə aydınlıq gətirsinlər”.

Rəbiyyə Məmmədova onu da əlavə edib ki, SİF-in binası qarşısında olarkən polis əməkdaşları və Fondun işçiləri ona ərazidən getməyi tövsiyə ediblər:

“26, ya da 29-cu polis bölməsinin əməkdaşları gəlmişdilər. Hətta mayor rütbəli olan biri SİF-in binasına daxil olub, dedi ki, 15 min nədir, vətəndaşı buna görə incidirsiniz? Məni polis maşınına otuzdurdular, sonra hardansa zəng gəldi, buraxdılar”.

Rəbiyyə Məmmədovanın iddiaları ilə bağlı Sahibkarlığın İnkişafı Fondundan münasibət öyrənmək mümkün olmayıb.

“Sapla” 2022-ci ildə təsis olunub. Məqsədi məişət zorakılığına məruz qalanlara təhlükəsiz iş mühiti təklif etməkdir.

Ana səhifəSosialSosial sahibkarlıqla məşğul olan aktivist oturaq etiraz aksiyası keçirir