“Gəncə məhbusu”nun vəziyyətinin ağır olduğu bildirilir

O, kütləvi iğtişaşların təşkili və polisə qarşı zorakılıq ittihamlarıyla təqsirli bilinib.

Source: google.az


Xanımı: “Başı kompüter tomoqrafiya olunmalıdır, bilinməlidir ki, dəhşətli ağrıların səbəbi nədir”

"Elvinin vəziyyəti ağırdır. Ona mütləq lazımi tibbi yardım göstərilməlidir. Tək ağrıkəsici verməklə yaxşılaşa bilməz", – Gəncə hadisələrinə görə həbs olunmuş 32 yaşlı Elvin Nəzərovun həyat yoldaşı Şəbnəm Nəzərova Meydan TV-yə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həyat yoldaşının səhhətində xeyli vaxtdır problemlər var, kəskin başağrılarından əziyyət çəkir. Ş.Nəzərova deyir ki, 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Elvin ara-sıra huşunu da itirir, qəbul etdiyi qidanı qaytarır. Xanımının bildirdiyinə görə, onun durumu xeyli vaxtdır belə olsa da, nə cəzaçəkmə müəssisəsinin daxilində lazımi tibbi yardım göstərilir, nə də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülür:

"Onun müayinədən keçirilməsi, müalicə olunması üçün dəfələrlə müraciət olunub, baxılmayıb. Müəssisədəki həkim ancaq ağrıkəsici verir. Bununla iş olmaz axı… Başı kompüter tomoqrafiya olunmalıdır, bilinməlidir ki, dəhşətli ağrıların səbəbi nədir. Adam niyə huşunu itirir, niyə yediyini qaytarır".

Həyat yoldaşı əlavə edir ki, E.Nəzərovun gözlərində də problem yaranıb, onun bir gözü görmə qabiliyyətini itirmək üzrədir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, məhkumların səhhətilə bağlı problemi olduqda cəzaçəkmə müəssisəsindəki tibbi-sanitar hissənin həkimlərinə müraciət edir. Həkimlər də müayinədən keçirib, göstərişlərini verirlər: "Həkimin qərarından asılı olaraq, məhkum həm cəzaçəkmə müəssisəsində müalicə oluna bilər, həm də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülə bilər. Bunun üçün mütləq həkimin qərarı, tibbi göstəriş olmalıdır. Həkim qərar verən kimi, cəzaçəkmə müəssisəsinin əməkdaşları yerinə yetirir".

E.Nəzərov ötən ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşının güllələnməsindən sonra iyulun 10-da keçirilmiş aksiya ilə əlaqədar həbs olunub. O, kütləvi iğtişaşların təşkili və polisə qarşı zorakılıq ittihamlarıyla təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. Apelyasiya məhkəməsi hökmü dəyişib və cəzanı 2 il 6 aya endirib.

Ş.Nəzərovanın fikrincə, həyat yoldaşı həbs olunandan sonra ona verilən işgəncələr nəticəsində sağlamlığını itirib. E.Nəzərov məhkəməsində bildirmişdi ki, Gəncənin Nizami və Kəpəz rayon Polis İdarələrində ona 9 gün ərzində ağlasığmaz işgəncələr veriblər.

E.Nəzərovun sözlərinə görə, o, Mingəçevir sakini Elvin Allahverdyevlə birlikdə tutulub. Onlar dostları – Mingəçevir sakini Vüqar Xudiyevin polis idarəsində saxlandığını eşidib, Renat Məmmədovun maşınıyla onun yanına yemək gətiriblər. İdarədə onların üçünü də saxlayıblar, telefonları əllərindən alınıb və işgəncə verilib ki, tələb olunan ifadələrə imza atsınlar.

"Hər gün səhərdən-axşama qədər dayanmadan döyürdülər. Başımı iki nəfər möhkəm tuturdu, tərpədə bilmirdim, digərləri üzümün tüklərini bir-bir dartıb çıxarırdı. Məni yerə uzadıb 5-6 nəfər başıma təpiklə döyürdülər. Uzun müddət keçməsinə baxmayaraq, hələ də üzümdə o təpikləmənin izi qalıb", – deyə E.Nəzərov məhkəmədə danışırdı.

Ana səhifəSiyasət“Gəncə məhbusu”nun vəziyyətinin ağır olduğu bildirilir