Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Məhkəməyə təcili tibbi yardım çağırılıb, proses təxirə salınıb

Source: Meydan TV

Gəncə hadisələrinə görə həbs olunan və hazırda məhkəməsi davam edən Şahin Verdiyevin vəziyyəti pisləşib. İyunun 21-də Sabunçu Rayon Məhkəməsinə onun durumu ilə əlaqədar Təcili Tibbi Yardım çağrılıb.

Təqsirləndirilən şəxslər məhkəmə zalında şüşə kabinədə, iki cərgədə skamyada əyləşirlər. Hələ məhkəmənin əvvəlindən durumu yaxşı olmayan Ş.Verdiyev başını öndəki skamyaya dayayaraq, çətinliklə özünü saxlayıb. Bir qədər keçdikdən sonra, o, hakimə özünü yaxşı hiss etmədiyini söyləyib və fasilə verilməsini istəyib. Fasilədən sonra məhkəmə zalına qaytarılan Ş.Verdiyevin durumu yaxşılaşmayıb. Əksinə, onun ağzı əyilib, vəkillərin ona müraciətlərinə reaksiya verməyib. Sanki deyilənləri anlamırdı.

Digər təqsirləndirilən şəxslər hakim Dadaş İmanova müraciət edərək, Şahinin durumunun daha da pisləşdiyini bildiriblər. Onun vəkili Zibeydə Sadıqova müvəkkilinin vəziyyəti ilə əlaqədar məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı vəsatətə etiraz edərək, prosesin davam etdirilməsini istəyib.

Hakim isə məhkəməni təxirə salıb.

Ş.Verdiyevin yaxınlarının iyunun 22-də Meydan TV-yə verdiyi məlumata görə, onu Bakı istintaq təcridxanasına qaytarandan sonra orada tibbi-sanitar hissəyə yerləşdiriblər. Lakin vəziyyəti yenə də yaxşılaşmayıb.

Ş.Verdiyevin bacısı Nigar Verdiyeva hələ bir müddət öncə Meydan TV-yə bildirmişdi ki, qardaşı günahsızdır, üzləşdiyi iztirablara dözməyərək infarkt keçirib. Bacısının sözlərinə görə, elə ondan sonra da ağzı əyilmiş, danışığını itirmişdi: “Hamısı onlara verilən işgəncələrin nəticəsidir. Şahinin, ümumiyyətlə, Gəncə hadisələrinə görə həbs olunanların başına elə oyunlar açıblar ki, deyiləsi deyil. Şahinə elektroşoka qədər veriblər. Onun əllərini qandallayıb o qədər döyüblər ki, üstünə təcili yardım gəlməli olub”.

Ş.Verdiyevə qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd), 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və başqa maddələrlə ittiham olunur. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Ana səhifəXəbərlərGəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib