Gəncə hadisələrinə görə həbs edilənlərin hökmü dəyişdirildi

Polis polkovniklərini xəncərlə qətlə yetirməkdə təqsirli bilinən Rəşad Böyükkişiyev saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Foto: Meydan TV


Ali Məhkəmə cəzaları azaltdı

Ali Məhkəmə 2018-ci il, iyulun 10-da Gəncədə mərkəzi meydanda iki polis polkovniki – İlqar Balakişiyev və Səməd Abbasovun qətlə yetirilməsilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişib. Hakim Şahin Yusifovun sədrliyilə çıxarılan yeni hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünün – Oqtay Hüseynzadə, Ürfan Məmmədov və Abbas Abbasovun cəzası azaldılıb. Həmçinin onlara verilmiş ittihamlarda da dəyişiklik olub.

Oqtay Hüseynzadə və Ürfan Məmmədova qarşı irəli sürülmüş qəsdən adam öldürmə, terrorçuluq və s. ittihamlara xitam verilib. Ürfan Məmmədov Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə təqsirli bilinib və cəzası 18 ildən 5 ilə endirilib.

Oqtay Hüseynzadə isə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşlarda iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə təqsirli bilinib. Onun da cəzası 18 ildən 10 ilə endirilib.

Təqsirləndirilən Abbas Abbasova aid hissədə isə yalnız Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edilib. Abbas Abbasovun cəzası da 9 ildən 7 ilə endirilib.

Polis polkovniklərini xəncərlə qətlə yetirməkdə təqsirli bilinən Rəşad Böyükkişiyev saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Bu iş üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Onlar özlərini ümumiyyətlə, təqsirli bilmir, baş verənlərin hazırlanmasına, törədilməsinə aidiyyətləri olmadığını deyirlər.

Ana səhifəSiyasətGəncə hadisələrinə görə həbs edilənlərin hökmü dəyişdirildi