Füzuli sakini: Müharibədə evimə ciddi ziyan dəydi, heç bir yardım edilmədi

“Təsəvvür edin, kənddə elə adamlara pul ayırıblar ki, imkanlıdır, üstəlik, müharibə zamanı evinə heç nə olmayıb”

Source: Specify Source


"Evinə heç bir ziyan dəyməyən sakinlərə maddi yardım göstərilib"

İkinci Qarabağ müharibəsi zamanı Füzulinin Arayatlı kənd sakini Səbuhi Həsənova məxsus ikimərtəbəli fərdi yaşayış evinə ziyan dəyib.

Zərərçəkən Meydan TV-yə deyir ki, evinin əlli metr yaxınlığına düşən qrad mərmisi pəncərələri çərçivədən çıxarıb, şüşələri qırıb, mətbəxin divarlarında çatlar yaradıb:

“Həmin ərəfədə evin vəziyyəti ilə bağlı aidiyyəti üzrə müraciət etmədim. Çünki müharibə vaxtı kiməsə demək olmurdu ki, gəl, evimə bax. Kənd camaatından evin vəziyyətini görənlər deyirdi ki, əl vurma, bir müddət sonra gəlib, təmir edəcəklər. Havalar soyuyurdu, bir həftə gözlədim, yaşayış olan ev idi, gördüm ki, mümkün deyil. Düşündüm ki, qış yaxınlaşır, evdə donacağıq, şüşələri, taxta çərçivələri dəyişdim. Üzərindən bir müddət keçəndən sonra ölkə başçısı ziyan dəymiş evlərlə bağlı sərəncam imzaladı. Bundan sonra rahat olduq ki, qəzalı vəziyyətə düşən evlərin təmir-bərpa işləri həll olunacaq. Döyüşlər zamanı mərmi Arayatlı kəndində iki evi tamamilə yararsız hala salmışdı. Digər evlərin yan-yörəsinə, yaxınlığına birinin isə həyətinə düşmüşdü”.


"Evlərə baxış qeyri-obyektiv aparılıb"

Prezident İlham Əliyev 2020-ci il noyabrın 6-da sərəncam imzalayıb.

Sərəncamda sentyabrın 27-dən etibarən Ermənistanla-Azərbaycan arasındakı hərbi münaqişə zəminində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün Dövlət Komissiyası yaradılıb.

Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min), şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz), digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardım təyin edilib.

Səbuhi Həsənov iddia edir ki, evlərə baxış qeyri-obyektiv aparılıb, pul ayrılan evlər isə müharibə zamanı heç bir zərər görməyib:

“Arayatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zöhrab Quliyev Dövlət komissiyasının Füzulu rayonu üzrə İşçi Qrupunun nümayəndələrini özünün lazım bildiyi evlərə aparıb. Bu adam ayrılan pulları ziyan görməyən evlərin sahibləri üçün təyin edilməsinə şərait yaradıb. Qayınanasından tutmuş, bütün qohumlarının adını siyahıya saldırıb. Dostu-tanışına da pul yazılıb. Həmin adamlar min manat pullarını alıblar. Üstəlik, həmin adamlara Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 270 manat pul, həmçinin yorğan-döşək verilib. Təsəvvür edin, kənddə elə adamlara pul ayırıblar ki, imkanlıdır, üstəlik, müharibə zamanı evinə heç nə olmayıb. Bu bir yana, evinə ziyan dəyməyən, Bakıda yaşayan adama pul verilib. Kəndə gəlib, pulunu alıb, təkrar şəhərə qayıdıb. Evi üçün də tikinti materialları, həmçinin yorğan-döşək, stol-stul veriblər”.

img-20210331-wa0062.jpg
“Təsəvvür edin, kənddə elə adamlara pul ayırıblar ki, imkanlıdır, üstəlik, müharibə zamanı evinə heç nə olmayıb”


"Camaatı “oyatmaq” istəməyiblər"

Şikayətçinin dediyinə görə, siyahıyaalma prosesi kənd camaatı arasında xəbərdarlıq edilmədən aparılıb və sonradan narazılığa səbəb olub:

“İşçi qrupu prosesi yekunlaşdırandan sonra xəbər tutuduq. Camaatı “oyatmaq” istəməyiblər. Özləri kimi məsləhət biliblər, onun adını siyahıya salıblar. Bir nəfər gəlib, deməyib ki, qəzalı, yaxud ziyan görən evlər siyahıya alınır. Sənin evin də ziyan görüb, gəl, adını siyahıya yazaq. İndi etiraz edirsən, tələb edirsən, deyirlər ki, ağlın olardı, vaxtında müraciət edərdin. Əgər evlərə baxış keçiriləcəyindən xəbərim olmayıbsa, necə adımı siyahıya saldıra bilərdim? Koronavirus vaksininin vurulmasına görə bağçada tərbiyəçi işləyən anama hər gün zəng edirdilər ki, gəl, peyvənd ol. Ziyan dəyən evlərin siyahıya alınmasına gələndə, deyirlər ki, xəbərin olaydı, özün müraciət edərdin. İcra nümayəndəsisən, camaatla maraqlanmalısan. Gəl, maraqlan, gör, kimin nə dərdi, problemi var. Səni icra başçısı məhz buna görə təyin edib. Onu da deyim ki, məsələdən xəbər tutandan sonra Zöhrab Quliyevə zəng etdim. Məni xatircəm etdi ki, gəl, adını siyahıya saldır, ikinci dəfə pul ayrılacaq. Mən də gedib, adımı siyahıya yazdırdım, lakin sonradan öyrəndim ki, yalan söhbətdir, baxış keçirlməyəcək, məni aldadıb. Evimdə bir şüşə də qalmamışdı, hamısı qırılmışdı. Qəlpə izləri var. Mətbəx ortadan çatlayıb, bayır görünür. Qapım-pəncərəm dağılanda kənd adamlarından görən olub. Lazım gələrsə, 20 nəfər şahid gətirərəm. Bizim məhəllədə dörd evin yaxınlığına qrad mərmisi düşmüşdü. Həmin evlərin heç birində qapı-pəncərə qalmamışdı. Evlərin heç birinə bir qəpik də verməyiblər. Evinə mərminin küləyi belə dəyməyən, pəncərəsindəki pərdəsi tərpənməyən adamlara pul veriblər. Tələb edirəm ki, bu işə baxılsın, gəlib araşdırsınlar görək, hansı prinsip və meyarlarla bölgü aparılıb? Mən haqqımı tələb edirəm. Araşdırsınlar, görək, həmin pullar kimlərə verilib. Bütün həqiqət onda ortaya çıxacaq”.


İcra nümayəndəsi: "Təzminatı mən müəyyənləşdirmirəm"

Arayatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zöhrab Quliyev Meydan TV-yə açıqlamasında bildirib ki, şikayətçinin dedikləri əsassızdır:

“Hansısa vətəndaşa təzminatı mən müəyyənləşdirmirəm. Siyahıyaalma birbaşa Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən aparılıb. Prosesdə yalnız bələdçi olmuşam, mərmi düşmüş əraziləri göstərmişəm. Komissiya da mərmi düşən əraziləri yoxlayaraq qeydiyyat aparıb. Evləri göstərmişəm, amma hansı evlərin qeydiyyata alınmağı ilə bağlı məlumatım yoxdur.

Müharibə vaxtı Arayatlı kəndində altı ev qəzalı vəziyyətə düşüb. Komissiya otuz evə baxıb, altı evi siyahıya alıb. Komissiya gənddə gəzib, evlərə baxış keçirən müddətdə vətəndaş müraciət etməyib. Onlar gedəndən sonra müraciət olunub, onda da gec olub. Həmin adamlar siyahıyalanımada olmayıbsa, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin günahı yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 270 manat verilən pul da eyni siyahı üzrə olan vətəndaşlara verilib. Vətəndaşın şikayətini yoxlamaq lazımdır, görək, o, nə dərəcədə həqiqətəuyğun danışır”.

Füzuli Rayonu İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəFüzuli sakini: Müharibədə evimə ciddi ziyan dəydi, heç bir yardım edilmədi