Fuad Qəhrəmanlı dövlət çevrilişinə cəhddə ittiham olunur

Partiyanın məlumatına görə, son bir həftə ərzində partiyanın 30-a qədər funksioneri saxlanılıb.

Source: Meydan TV


Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı dövlət çevrilişinə cəhddə ittiham olunur. İyulun 24-də Nəsimi Rayon Məhkəməsində bu ittihamla onun barəsində həbs qərarı çıxarılıb.

Bu barədə Meydan TV-yə AXCP-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, F.Qəhrəmanlı da iyulun 14-dən 15-nə keçən gecə Qarabağa və Milli Orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə həbs olunub. Bu iş üzrə indiyədək həbs olunan 10-dan çox cəbhəçiyə Cinayət Məcəlləsinin 186 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülmüşdü. F.Qəhrəmanlıya isə bunlardan əlavə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsilə də ittiham verilib. Bu maddədə 12 ildən 20 ilə qədər, yaxud da ömürlük həbs cəzası nəzərdə tutulub.

“Fuad Qəhrəmanlını iyulun 23-də axşam saat 17.00 radələrində yaşadığı evdən mülki geyimlilər aparıb. Partiyaya daxil olan məlumatda bildirilirdi ki, gələnlər DTX əməkdaşları olub, onu elə həmin quruma aparıblar. Bir sutkadan çox keçsə də, onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Hətta yaxınlarının müqavilə bağladığı vəkil də onun yerini öyrənə bilməyib. Yalnız iyulun 24-də axşam saat 23 radələrində məlumat aldıq ki, Fuad Qəhrəmanlı haqqında Nəsimi Rayon Məhkəməsində həbs qərarı çıxarılıb. Digər cəbhəçilər kimi, onu da Qarabağa dəstək yürüşünə görə ittiham edirlər. Halbuki, o, ümumiyyətlə, həmin yürüşdə olmayıb”, – deyə AXCP-dən bildirilib.

Nəsimi Rayon Məhkəməsindən də F.Qəhrəmanlı barəsində bu maddələrlə 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi təsdiqlənib.

Partiyanın məlumatına görə, son bir həftə ərzində partiyanın 30-a qədər funksioneri saxlanılıb. Onlardan 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 13-nün barəsində həbs-qətimkan tədbiri seçilib. 12 nəfər haqqında karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası çıxarılıb. Digərləri isə buraxılıb. Həmin şəxslərdən bəzilərinin işgəncə yoluyla AXCP əleyhinə ifadəyə imza atdırıldıqdan sonra buraxıldığı iddia olunur.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.

F.Qəhrəmanlı bundan öncə də bir neçə inzibati qaydada və uzunmüddətli həbsdə olub. O, 2015-ci ilin noyabrında Nardaran hadisələri barədə “Facebook” hesabından paylaşdığı yazılarına görə 10 il azadlıqdan məhrum edilmiş, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Yerli və beynəlxalq insan haqları təşkilatları onun siyasi motivlərlə həbs olunduğunu bəyan etmişdi. “Amnesty İnternational” onu “vicdan məhbusu” elan etmişdi.

Ana səhifəSiyasətFuad Qəhrəmanlı dövlət çevrilişinə cəhddə ittiham olunur