Mənbə: Meydan Tv

Fuad Qəhrəmanlı: Bu cinayət işi utancdır

“Qarabağ məhbusları“nın məhkəməsi başlayıb

Cəmiyyətdə şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan 37 nəfərin məhkəməsi başlayıb. 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra həbs olunan və noyabr-dekabr aylarında ev dustaqlığına buraxılan bu şəxslərin işinə Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxır. Təqsirləndirilən şəxslərin sayının çoxluğu ilə əlaqədar proses Bakı Apelyasiya Məhkəməsinin binasında keçirilir.

Proses iştirakçılarının sayının çoxluğunu səbəb kimi göstərərək, məhkəməyə jurnalistlər, ictimaiyyət nümayəndələri buraxılmayıb.

Məhkəmədə təqsirləndirilən şəxslər və onların vəkilləri 22 vəsatət qaldırıb. Vəsatətlər cinayət işinə xitam verilməsi; ev dustaqlığında olan şəxslərə nəzarət məqsədilə onların ayaqlarına vurulmuş elektron aparatların (qolbaq adlandırılır) dəyişdirilməsi, yaxud da polis nəzarətinə vermə qətimkan tədbiri seçilməklə, həmin aparatların açılması; 37 nəfərin işinin bir neçə qrupa bölünməsi və s. haqda olub.

37 nəfərdən 15-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.

Təqsirləndirilən şəxslər bildirib ki, ev dustaqlığına buraxılandan sonra onların ayaqlarına vurulan qolbaqlar işgəncə mənbəyidir. Çünki kobudluğu və ağırlığı baxımından fiziki ağrı verir. Tez-tez enerjisi boşalır və xüsusi siqnallar verir, bu da digərlərinin yanında insan ləyaqətinin alçalması deməkdir.

Vəkillərin cinayət işinə xitam verilməsi haqda vəsatətlərini müdafiə edən təqsirləndirilənlər bildiriblər ki, onlar heç bir cinayət törətməyiblər. Aralarında elələri var ki, ümumiyyətlə, həmin gün yürüşdə iştirak etməyib.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bu cinayət işinin xalqın Qarabağla bağlı həmrəyliyinə kölgə saldığını vurğulayaraq, onu “utanc” adlandırıb: “Şəxsən mən özüm ümumiyyətlə, həmin yürüşdə iştirak etməmişəm. Hətta həmin gün yürüş başlayandan sonra ora getmək barədə təkliflərə də cavab vermişəm ki, ehtiyac yoxdur. Bu, xalqın yürüşüdür, hakimiyyət siyasi partiya olaraq bizim iştirakımızdan bəhanə kimi istifadə edə bilər. Nə mənim, nə də digər yoldaşlarımın əməlində cinayət tərkibi var. Siyasi motivli işdir. Heç bir günahı olmayan insanların cinayətkar kimi mühakimə olunması Qarabağla bağlı həmrəyliyə də xələl gətirir. Eyni zamanda, hakimiyyətə də başucalığı gətirmir. Necə ki, siyasi göstərişlə bu cinayət işi başlanıb, Qarabağla bağlı həssaslığı, xalqın verdiyi qurbanları nəzərə alıb, xitam verilməlidir. Bu cinayət işi utancdır”.

Təqsirləndirilən şəxslərdən AXCP Rəyasət Heyətinin daha bir üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli də həm özünün, həm də partiyadan olan digər yoldaşlarının təqsirsiz olduğunu vurğulayıb: “Cəbhəçilərin sifarişlə bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunması bizə qarşı təzyiqlərin tərkib hissəsidir”.

Hakimin vəsatətlərlə bağlı qərarı fevralın 24-də, saat 12.00-da açıqlanacaq.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında AXCP fəalları ilə yanaşı, Naxçıvan Daxili İşlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, Müsəlman Birliyi Hərəkatının da üzvləri var.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g2vrti

Ən çox baxılan