Fransızların Əlcəzairdə Setif qətliamı

Əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Foto: Meydan Tv


Fransızların Əlcəzairə münasibətləri işğal etdikləri digər ərazilərdən fərqli idi

Əlcəzair XVI əsrin əvvəllərindən etibarən 300 ildən çox Osmanlı dövlətinin bir hissəsi olduqdan (son 100 ildə bu status-kvo formal xarakter daşıyırdı) sonra 1830-cu ildə Fransa tərəfindən işğal edildi. Dərin böhtan keçirən və Rusiya ilə apardığı müharibədən bir il öncə məğlubiyyətlə çıxan Osmanlı dövləti buna müqavimət göstərə bilmədi.

Əlcəzair əhalisi isə işğala Əbdülqadirin rəhbərliyi altında üsyanla cavab verdi. 1832-1847-ci illəri əhatə edən üsyanın ilk illərində fransızlar bir sıra məğlubiyyətə uğrasalar da, sonda daha müasir silahlar və hərbi vərdişlər öz sözünü dedi. Əbdülqadir 15 illik mübarizədən sonra təslim oldu.

Fransızların Əlcəzairi işğalı və sonrakı hadisələr xeyli vəhşiliklər və qətliamlarla müşaiyət olundu. Məsələn, Roviqo hersoqu Savarinin 1832-ci ildə başçılıq etdiyi cəza ekspedisiyası zamanı El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirildi. Hadisənin iştirakçısı olan bir əsgər sonralar yazırdı “Kişi və ya qadın, gənc və ya qoca olmasından asılı olmayaraq hərəkət edən hamını öldürdük”. El-Uffia qətliamı zamanı 12 min adamın öldürüldüyü söylənilir.

Tarixçi Ben Kirnan “Qan və kir: Spartadan Darfura qədər ümumdünya genosid və kütləvi qətliamlar tarixi” əsərində Fransanın Əlcəzairi işğal etməsinin 1875-ci ilə qədər sürdüyünü, bu zaman 825 min əlcəzairlinin qətlə yetirildiyini iddia edir və bunu genosid kimi dəyərləndirir.

Fransızların Əlcəzairə münasibətləri işğal etdikləri digər ərazilərdən fərqli idi. Əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı. Burada Avropadan köçən xeyli insanlar məskunlaşırdılar. Onların arasında fransızlarla yanaşı ispanlar, ingilislər, almanlar, italyanlar, yəhudilər və başqaları vardı. Bu əhaliyə kolonlar və ya pye-nuarlar deyilirdi. XX əsrin ortalarında 9 milyonluq əhalinin 1 milyonunu onlar təşkil edirdilər.

***

XIX əsrin sonlarından etibarən Əlcəzair millətçiliyinin dirçəlişi başlayır. Burada Osmanlıdakı “Gənc türklər” hərəkatının təsiri altında “Gənc əlcəzairlilər” (fr. – Jeunese Algerienne) təşkilatı yaranır. Təşkilatın üzvləri əlcəzairlilərin fransızlarla hüquq bərabərliyinə çalışır, bu məqsədlə mətbuatda çıxış edir, təkliflər irəli sürür, Parisə nümayəndələr göndərirdilər.

Birinci dünya müharibəsinin başlanması fransızların müsəlmanlar yaşayan ərazilərilə bağlı əndişəsini artırdı. Çünki qarşı tərəfdə döyüşən Osmanlı sultanı həm də İslam xəlifəsi sayılırdı, üstəlik, alman imperatoru özünü müsəlmanların dostu kimi qələmə verirdi. Belə vəziyyət Parisi əlcəzairlilərə muxtariyyət vədinə sövq etdi.

Müharibə zamanı 173 min əlcəzairli Fransa ordusuna cəlb edildi, onlardan 25-26 mini döyüş meydanlarında həlak oldu. Daha 120 min əlcəzairli isə müdafiə istehkamlarının qurulması işlərinə səfərbər edildilər. Əsasən Fransada xidmət edən bu insanlar öz ölkələri ilə müqayisə apararaq nə qədər geridə qaldıqlarının şahidi oldular.

Müharibədən sonra fransızlar müəyyən pozitiv addımlar atsalar da muxtariyyət vədlərini yerinə yetirməyə tələsmədilər. Yerli əhalinin vəziyyəti ağır olaraq qalmaqda idi. Əlcəzair Fransa ərazisi sayılsa da, yerli əhalinin çox kiçik hissəsi Fransa vətəndaşlığına malik idi.

Əlcəzairlilər və pye-nuarlar arasında ciddi bərabərsizlik hökm sürürdü. Hətta Beynəlxalq Əmək təşkilatının 1930-cu ildə qoyduğu qadağaya baxmayaraq, əlcəzairlilər məcburi əməyə (biyar) cəlb edilməkdə davam edirdilər. Belə vəziyyət onlar arasında muxtariyyət və özünüidarə tərəfdarlarını getdikcə artırdı.

1926-cı ildə Fransada çalışan əlcəzairlilər “Şimali Afrika ulduzu” adlı təşkilatın əsasını qoydular. Onun yaradıcıları arasında Əlcəzair millətçiliyinin atası sayılan Əhməd Mesalli Hacı da vardı. Butəşkilatın əsasında 1937-ci ildə Əlcəzair Xalq Partiyası yaradıldı. Elə həmin il Mesalli Hacı həbs edildi. 1939-cu ilin avqustunda azad olduqdan cəmi iki ay sonra yenidən tutuldu. Əvvəllər Fransa kommunist partiyasının üzvü olan Mesalli Hacı kommunistlərin Əlcəzair müstəqilliyinə mənfi münasibəti səbəbindən onlardan ayrılır.

İkinci dünya müharibəsi zamanı ərəblər yaşayan ölkələrdə nasist Almaniyasına güclü rəğbət vardı. Çünki Almaniyanın qalib gələcəyi təqdirdə Britaniya və Fransa əsarətindən qurtulacaqlarına ümid edirdilər. Amma Əlcəzairdə belə əhvala rast gəlinmir. Əksinə, 1938-ci ildə yaradılan liberal görüşlü “Əlcəzair xalq ittifaqı” partiyasının lideri Fərhad Abbas təşkilatın fəaliyyətini dayandırdı, özü isə könüllü olaraq Fransa ordusuna qoşuldu.

Savaş illərində Əlcəzair ciddi hərbi və siyasi hadisələrin meydanı oldu. Fransanın məğlubiyyətindən sonra Vişi hökumətinin nəzarətinə keçdi. Amerika-ingilis qüvvələri 1942-ci ilin noyabrın 8-də “Torch” (“Məşəl”) əməliyyatına başlayaraq Əlcəzairə qoşun çıxardı və qısa müddət sonra ölkəni tutdu. Bir neçə aydan sonra ölkəyə Şarl de Qollun rəhbərlik etdiyi Fransa Milli Qurtuluş Komitəsi (Comite français de Liberation nationale, CFLN) nəzarət etdi.

1943-cü il fevralın 10-da Fərhad Abbasın tərtib etdiyi 28 nəfərin imzaladığı “Əlcəzair xalqının manifesti” yayıldı. Sənəddə Əlcəzairin Fransa daxilində müqəddəratını təyin etmə hüququ səslənir, yerli əhalinin hüquq bərabərliyi, ərəb dilinı fransız dili ilə yanaşı rəsmi status verilməsi istənilirdi. Manifest müharibədən sonra Əlcəzair konstitusiyasının hazırlanması üçün Müəssislər məclisinin çağırılmasını nəzərdə tuturdu. Həmin ilin mayında “Manifestə əlavə” adlı daha bir sənəd Fransa general-qubernatoruna təqdim edildi.

CFLN milli qüvvələri sakitləşdirmək üçün bir sıra addımlar atdı. Məsələn, 1943-cü ilin yayında formalaşan müvəqqəti parlamentə ilk dəfə olaraq əlcəzairli müsəlmanlar da daxil edildilər, Fransa vətəndaşlığını qazanmaq nisbətən asanlaşdırıldı. Bununlar belə, manifestin əsas tələbləri CFLN tərəfindən rədd olundu. 1944-cü ilin martında milli qüvvələr “Manifest və azadlığın dostları” (Amis du manifeste et de la liberte – AML) adlı təşkilatda birləşdilər.

***

1945-ci il mayın 1-də Əmək günü münasibətilə bəzi şəhərlərdə yürüşlər keçirildi. Nümayişçilər bir sıra siyasi şüarlar səsləndirir, o cümlədən həbsdən azad olunduqdan sonra Brazzavilə (Konqo) sürgün edilən Mesalli Hacının ölkəyə dönüşünü tələb edirdilər. Aksiyalar çox yerdə olaysız keçsə də Əlcəzair və Oran şəhərlərində polislə toqquşmalar barş verdi. Nəticədə üç nümayişçi həlak oldu.

Mayın 8-də isə Almaniyanın təslim olması münasibətilə növbəti nümayişlər keçirilir. Polis nümayişlərdə yalnız Fransa bayrağının qaldırılmasına icazə vermişdi. Setif şəhərində milli hərəkatının simvolu sayılan ağ-yaşıl bayraq qaldıran nümayişçilərlə polis arasında toqquşma baş verdi. Açılan atəş nəticəsində Buzid Saal adlı nümayişçi həlak oldu.

Baş verən hadisə yerli əhalinin kortəbii üsyanına səbəb oldu. Setif və daha 20-yə yaxın şəhər və qəsəbədə (Gelma, Xerrata və s.) silaha sarılan əhali pye-nuarlara hücum edirlər. Nəticədə sonunculardan 102 nəfər qətlə yetirildi, daha 200 nəfərə ağır xəsarətlər yetirildi. Avropalılara məxsus evlər, fermalar yandırıldı. Hakimiyyət orqanlarının bu hadisələrə cavabı amansız oldu.

Fransa ordusu ağır silahlardan, aviasiyadan istifadə etməklə yerli əhaliyə qarşı əsl hərbi əməliyyatlara başladı. Hətta gəmi artilleriyasından belə istifadə olundu. Pye-nuarlardan ibarət silahlı dəstələr də müsəlmanlara qaşı aparılan əməliyyatlara qoşuldular. B29 və A24 bombardmançı təyyarələr vasitəsilə 42 ton bomba yağdırıldı. Gəmilərdən 858 mərmi atıldı.

Ordu qüvvələri, polis və pye-nuar dəstələri yerli əhaliyə qarşı amansız cəza tədbirləri həyata keçirdilər. Əhali günahkar və ya məsum olmasından asılı olmayaraq gülləbarana tutuldu, qoca, qadın, uşaqlar qətlə yetirildi. Bir çox hallarda qətllərin xüsusi amansızlıqla törədilməsi haqqında şahid ifadələri mövcuddur.

Öldürülənlər o qədər çox idilər ki, onları basdırmayıb ətrafdakı dərələrə atırdılar. İz itirmək üçün meyidlərin əhəng sobalarında yandırılması da məlumdur. Qətllərlə yanaşı müsəlmanların əmlakına da xeyli zərər dəydi. Onların evləri ya bombardman zamanı, ya da qəsdən dağıdıldı, hətta bəzi kəndlər yer üzündən silindi. Xeyli mal-qara qəsb olundu.

Repressiyaların kulminasiyası ilk iki həftədə baş verdi. Amma azalan xətlə iyunun sonlarına qədər davam etdi. Bu zaman nə qədər əlcəzairlinin qətlə yetirildiyi dəqiq məlum deyil. Hadisədən sonra ilk vaxtlarda fransız rəsmiləri 1200 əlcəzairlinin öldürüldüyünü, 1500 nəfərin yaralandığını söyləyirdilər. Amma bu, gerçəkliklə müqayisədə çox aşağı rəqəmlər idi.

Fransız general Tuber təkcə Setifdə 5 min nəfərin öldürüldüyünü xəbər verirdi. Britaniyalılar 6 min nəfərin öldürüldüyünü, 14 minin yaralandığını söyləyirdilər. New York Times qəzeti 7-8 min nəfərin öldürüldüyünü yazdı. Əlcəzairlilər özləri isə daha yüksək rəqəmlər səsləndirirdilər. 1948-ci ildə Fərhad Abbasın “Egalite” qəzeti Setif qətliamında 15-20 min nəfərin öldürüldüyünü iddia edirdi. Hazırda isə Əlcəzairdə dərsliklərdə əks olunan rəqəm 45 mindir.

Hadisələr zamanı 4500-dən çox adam həbs olundu, onlardan 99 nəfər edam cəzasına, 64 nəfər ömürlük katorqaya, Fərhad Abbas da daxil olmaqla 1200 nəfərdən çoxu isə müxtəlif həbs cəzalarına məhkum edildilər. Həbs olunanların demək olar ki, hamısı ağır işgəncələr gördü.

Setif qətliamı əlcəzairlilərin Fransaya münasibətində dönüş nöqtəsi oldu. Məhz bu hadisədən sonra yerli əhalidə fransızlarla birgə yaşayışın mümkünsüzlüyü qənaəti hakim oldu, müstəqillik tərəfdarları artdı. Digər tərəfdən, kortəbii üsyanın belə geniş yayılması əlcəzairliləri radikal metodlara həvəsləndirdi. Çox tezliklə gizli silahlı qruplar yaradıldı. 1954-cü ildə başlayan milli-azadlıq müharibəsi isə 8 il sonra Əlcəzairin müstəqilliyi ilə yekunlaşdı.

***

Nasistlərin Fransada törətdikləri ən böyük qətliam Oradur-sür-Qlan kəndində 1944-cü il iyunun 10-da baş verib. Əsir düşən bir alman zabitinin partizanlar tərəfindən həmin kənddə saxlanıldığı barədə yanlış məlumata inanan SS qüvvələri Oraduru yerlə-yeksan etdilər, 642 sakini öldürdülər.

Müharibədən sonra kəndin xarabalıqları olduğu kimi saxlanıldı, açıq havada muzey oldu. Yeni Oradur-sür-Qlan kəndi bir qədər aralıda salındı. Faciə haqqında filmlər çəkildi, o cümlədən məşhur “Köhnə tüfəng” filmi. Oradur cinayəti haqlı olaraq “insanlığa sığmayan vəhşilik” kimi qiymətləndirildi. Amma bu, üstündən heç 1 il keçmədən Əlcəzairdə qat-qat daha ağır, hətta nasistləri belə heyrətləndirəcək cinayət törətməkdə fransızlara mane olmadı.

Ana səhifəXəbərlərFransızların Əlcəzairdə Setif qətliamı