Fransa XİN: Mehman Hüseynovun ətrafında yaranmış vəziyyətdən narahatıq

”Ümid edirik ki, yeni cinayət işi ittihamı onun üzərindən götürüləcək”

Source:


”Ümid edirik ki, yeni cinayət işi ittihamı onun üzərindən götürüləcək”

Fransa Xarici İşlər Nazirliyi bloger Mehman Hüseynovun işini diqqətlə izləyir və onun tezliklə azad olunacağına ümid edir.

“Turan” agentliyinin məlumatına görə, bu barədə XİN rəsmi nümayəndəsi bu gün Parisdə brifinqdə bildirib.

“Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq”, – XİN nümayəndəsi bildirib.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq

Mehman Hüseynov

aclıq elan edib.

Ana səhifəXəbərlərFransa XİN: Mehman Hüseynovun ətrafında yaranmış vəziyyətdən narahatıq