Fəzail Ağamalı: Azərbaycanda seçki sistemi yenilənməlidir

“Ona görə də Avropa Şurasının Parlamet Assambleyasının seçkilərə dair qətnaməsi də tənqidi idi və götürülən öhdəliklərlə bağlı addımların atılmasının vacibliyi qeyd olunurdu”.

Source: Meydan TV


Akif Qurbanov: "Hökumət seçki ilə bağlı öhdəlikləri yerinə yetirmir"

“İndiki seçki sistemində bələdiyyə və parlament seçkilərində partiyaların iştirakı üçün hədsiz dərəcədə çoxsaylı sənədlərə ehtiyac var. Bu isə partiyalar üçün müəyyən dərəcədə çətinliklər yaradır. Mənə elə gəlir ki, bu, yenilənməlidir”.

Bu açıqlamanı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan” İA-a deyib.

Bununla yanaşı, Fəzail Ağamalı mövcud seçki qanunvericiliyini kifayət qədər mükəmməl adlandırıb: “Seçki qanunvericiliyi zaman-zaman təkmiləşərək müasir səviyyəyə qalxıb. Lakin bununla bərabər praktika göstərir ki, cəmiyyət inkişaf etdikcə onun önə çəkdiyi məsələlərə adekvat addımlar digər bütün sahələrdəki kimi, seçki qanunvericiliyində də aparılmalıdır”.

Komitə üzvü qeyd edib ki, digər tərəfdən son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə diqqət yetirilir: “Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı. Çünki həm majoritar, həm də proporsionala sistemə məxsus özəlliklər var”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir: “Buna görə də ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərin sayının artırılmasını önə çəkir. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında və yarısı proporsional, yarısı majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Çünki bu Azərbaycan əhalisinin artımına adekvatdır”.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Meydan TV-yə deyib ki, hökumət seçki ilə bağlı öhdəlikləri yerinə yetirmir:

"Uzun illərdir ki, ATƏT hər seçkidən sonra tövsiyələr verir, amma hökumətin onları yerinə yetirmir. Eyni zamanda, Avropa Məhkəməsinin qərarları var ki, Nazirlər Kabinetinin icrasındadır, amma hökumət onu da icra etmir. Yəni Avropa Məhkəməsinin seçkilərlə bağlı qərarlarında təkcə namizədlərə hüquqlarının pozulmasına görə kompensasiya yox, həm də ümumi tədbirlərin görülməsi tələbləri var. Beləliklə, Avropa Məhkəməsinin qərarlarında və ATƏT-nin tövsiyələrində seçki komissiyalarının tərəfsizliyi ilə yanaşı, bütün tərəflərin etimadını doğruldan bir formada olması tələbi əksini tapıb. Əlavə olaraq seçki qeydiyyatı, namizədlərə geniş, bərabər imkanların yaradılması, seçkiöncəsi mühitin genişləndirilməsi üçün medianın imkanlarının artırılması, sərbəst toplaşmaq azadlığının təmini, şikayətlərin həqiqi və hərtərəfli araşdırılması üçün hüquqi təminat məsələləri qərar və tövsiyələrdə yer alıb. Təəssüf ki, hökumət bunları yerinə yetirməyib”.

Akif Qurbanov qeyd edib ki, Venessiya Komissiyası Azərbaycan Konstitusiyasına edilən son dəyişiklikləri də müzakirəyə çıxarıb:

“İstər hakimiyyət bölgüsündə bərabərlik prinsipi, istərsə də prezidentin səlahiyyətlərinin daha da genişləndirilməsi və bunların müqabilində demokratik standartların formalaşmasına yaradılacaq əngəllərdən narahatlıq ifadə olunurdu. Venessiya Komissiyası seçki şikayətlərinin araşdırılması haqda rəyi vardı. Bildirilirdi ki, komissiyanın tərkibindəki ekspert qrupuna komissiyanın rəhbərlik etməsi problem yaradır. Ona görə də Avropa Şurasının Parlamet Assambleyasının seçkilərə dair qətnaməsi də tənqidi idi və götürülən öhdəliklərlə bağlı addımların atılmasının vacibliyi qeyd olunurdu. Amma rəsmi Bakı bu yöndə hansısa addım atmaq niyyətindən uzaqdır”.

Hüquqşünas  Akif Qurbanov
Akif Qurbanov

Azərbaycanda son seçkilər 2020-ci il fevralın 9-da keçirilib. Bu, növbədənkənar parlament seçkiləri olub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə Müşahidə Missiyasının seçki haqda bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub.

Prezident İlham Əliyev ötən ilin fevralın 11-də bildirib ki, parlament seçkiləri qanunvericilik çərçivəsində keçirilib və hər hansı bir narahatedici məqam olmayıb.

“Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir”.

Ana səhifəSiyasətFəzail Ağamalı: Azərbaycanda seçki sistemi yenilənməlidir