Mənbə: Google

Fermer: Əsas problem ziyanvericilər üçün istifadə edilən dərmanla bağlıdır

Məqalə yeniləndi:  29 Oktyabr 2019

Bakı bazarlarında kiloqramı 1 manata satılan Quba alması Quba-Xaçmaz bölgəsində 10-15 qəpikdən də aşağı təklif edilir. Fermerlər deyirlər ki, qurd düşmüş almanın kiloqramını 4 qəpikdən satırlar. Amma məsələ burasındadır ki, Qubada əksər fermerlər istədikləri nəticəni ala bilməyibər, ziyanvericilər, yaxud xəstəlik səbəbindən məhsul qurdlayıb, bağda çürüyüb qalır.

“Hamı birinci növ alma alır ki, Rusiya bazarlarına çıxara bilsin”

Qubalı fermer Həsən Məmmədov Meydan TV-yə deyib ki, sentyabrın ikinci yarısından alma yığımı başlayıb. Amma alıcı tapmaqda çətinlik çəkir, məhsul bağda çürüyür:

“Ötən il kiloqramını 60 qəpikdən satmışdım, bu il heç 40 qəpikdən sata bilmirəm. Qurdlayıb, almaya xal düşüb. Hamı birinci növ alma alır ki, Rusiya bazarlarına çıxara bilsin”.

Fermer deyib ki, Rusiya bazarına birbaşa çıxış çətindir. Buna görə də bağdan alıb aparan alverçilərlə işləmək məcburiyyətindədirlər.

“Kimdən kimə şikayət edək?”

Fermerlərin əsas problemi xəstəlik və ziyanvericilər üçün istifadə edilən dərmanla bağlıdır. H.Məmmədov bildirib ki, dərmanlar baha, keyfiyyəti isə əvvəlki illərə nisbətən aşağıdır: “İranda, Türkiyədə olmuşam, alma istehsalçıları ilə söhbət etmişəm. Məsələn, İranda mənə dedilər ki, cəmi 5 dəfə dərmanlayırlar. Mən indiyədək 25-30 dəfə dərmanlamışam, yenə də təsir etməyib”.

Adının çəkilməsini istəməyən digər fermer isə söyləyib ki, fermerlərə xaricdən dərman alıb gətirilməsinə icazə verilmir: “Çünki ziyanverici və xəsəliklərə qarşı dərmanı bəlli adamlar gətirib satır. Kimdən kimə şikayət edək? Gedin araşdırın, dərmanları hansı şirkətlər gətirir. Burdan milyonlarla manat qazancdan söhbət gedir. Yəqin ki, ən ucuz, keyfiyyətsiz dərmanlar Azərbaycana gətirilir. Adını da qoyurlar ki, fermer məlumatsızdır, aqrotexniki qaydalara riayət etməyib. 30 il alma becərib satana dərs keçmək lazım deyil”.

“Səhər saat 7-dən bağa giririk, gecəyədək işləyirik”

Fermerlər onu da söyləyirlər ki, fəhlə almanı yeşiklərə 50-60 qəpikdən yığır, meyvənin neçəyə satılması onu maraqlandırmır. Amma təkcə fermerlər deyil, mövsümdə alma yığmaqla ailəsini dolandıranlar da şikayətçidirlər. Onların sözlərinə görə, aldıqları beş-on manat çəkdikləri əziyyətə dəymir.

47 yaşlı Quba sakini Mahir Nəbiyev deyir ki, yayda turistlərin olduğu bölgələrdə atla gəzinti, payızda isə alma yığımı ilə 8 nəfərlik ailəsini dolandırır:

“Səhər saat 7-dən bağa giririk, gecəyədək işləyirik. Başımızın üstündə həbsxana “nadzor”u kimi briqadir qoyublar. Arada cəmi bir neçə dəqiqəlik yemək fasiləsi verirlər, ürəyin yansa, su da içmirsən. Saatıma 1 manat pul verirlər, 12 saata 12 manat qazanıram”.

Mövsümdə Qubadakı alma bağlarında təkcə qubalılar deyil, ətraf rayondan gələnlər də işləyirlər. Buna görə də təklif edilən qiymətlə razılaşmaq məcburiyyətindədirlər.

“Əgər bir tərəfdən başlayıb ağacdakı bütün meyvələri toplamağa imkan versələr nə var?! Bir ağacdan əvvəlcə iri, saf meyvələri toplayırıq. Onlar bitəndən sonra keçirik orta ölçülü almalara. Sonra isə kiçik meyvələri yeşiklərə yığırıq. Hələ arada çürümüş və qurdlamış da olarsa, onu da ayrıca sortlaşdırırıq. Bir ağacı azı 4-5 dəfə dolanırıq. Axşam da evə yorğun-arğın, sürünə-sürünə gəlirik”, - adının açıqlanmasını istəməyən fəhlə deyir.

Şabran rayonunun Gəndob kəndindən olan bu qadın deyir ki, onlara iri fermerlərlə işləmək sərfəli deyil, çünki zəhmət çox, əməkhaqqı aşağıdır: “Qubanın alma bağlarına işləməyə Şahnəzərli və Ərəblər kəndlərindən gələn qadınlarla birgə işləyirəm. Yalnız “İkar-S” MMC-nin alma bağlarında çalışanları avtobus aparıb-gətirir. Həm də bizdən fərqli olaraq günə 13 manat alırlar”.

Qubada 13 min 484 hektar alma bağı var, bunun da 11 min hektara yaxını intensive və superintensiv bağlardır. Fermerlər əsasən “Qolden”, “Simirenkoreneti”, “Qrani smit”, “Fuji” kimi sortlar yetişdirirlər. Ekspertlər isə deyirlər ki, alma xarici bazarda mövqeyini itirməkdədir. Buna görə də konserv zavodları, yaxud istehsal müəssisələri açmaqla almadan şəkər istehsal edə bilərlər. Həm fermer qazanar, məhsulu bağda zay olmaz, həm də əlavə iş yerləri yaranar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s0mo1v

Ən çox baxılan