Fərman Ceyranlı ilə bağlı qərar yenə təxirə salınıb

Yaxınları məhkəmədən ədalətli qərar gözləyirlər

Foto: sosial şəbəkə
Fərman Ceyranlı
Fərman Ceyranlı


Yaxınları məhkəmədən ədalətli qərar gözləyirlər

Gürcüstan Apelyasiya Məhkəməsi bu ölkədə həbsdə olan azərbaycanlı cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlı ilə baglı qərarın elan edilməsini növbəti dəfə təxirə salıb. Sözügedən iş üzrə məhkəmə baxışı 2 ay əvvəl bitib.

Məlumatı

Azadlıq Radiosu

na cərrahın qızı Lalə Hüseynli verib.

Onun sözlərinə görə, məhkəmə qərarı iyulun 18-də elan etməli idi, ancaq 4-cü dəfədir ki, təxirə salınır.

Fərman Ceyranlının apelyasiya şikayəti ilə baglı məhkəmə prosesi may ayında bitib. Məhkəmə qərarın iyun ayında açıqlanacağını elan etsə də, baş tutmayıb.

Yaxınları F.Ceyranlının işini siyasi hesab edirlər və düşünürlər ki, qərarın yubanması da Gürcüstanda siyasi durum, dəyişikliklərlə başlıdır. Onlar məhkəmədən ədalətli qərar gözlədiklərini deyirlər.

F.Ceyranlı may ayında məhkəmədə son sözlə çıxış edərək, ona qarşı irəli sürülmüş, birinci məhkəmə instansiyasının da təsdiqlədiyi ittihamları təkzib edib. Deyib ki, cinayət işində qeyd olunan əməllərə görə, o, heç bir məsuliyyəti daşımır. O, məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib.

Ancaq prokuror Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökmün ədalətli oldugunu, həmin hökmün qüvvədə saxlanılmalı oldugunu bildirib.

Əslən Gürcüstandan olan

Fərman Ceyranlı

ötən il mayın 22-də həbs edilib.

Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

Fərman Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Cərrahın bu açıqlamasına nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə, həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Ana səhifəXəbərlərFərman Ceyranlı ilə bağlı qərar yenə təxirə salınıb