Fərid Abdinova hökm oxundu

Foto: Meydan TV

Zərərçəkmişlər arasında şəhid ailələri də var

Sosial mediada müxalifyönlü ictimai-siyasi fəalları təhqir etməklə tanınan “Milli Fədailər Hərəkatı”nın mətbuat katibi, “Azərbaycanın səsi” internet saytının rəhbəri Fərid Abdinov 7 il azadlıqdan məhrum edilib. Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Fərid Abdinov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, Fərid Abdinov müxtəlif adamlara ev almaq, işə düzəltmək adıyla vədlər verib və son nəticədə onların ümumilikdə 178 min manat pulunu mənimsəyib. Zərərçəkmişlər arasında şəhid ailələri də var.

Foto: Fərid Abdinovun şəxsi arxivindən

Fərid Abdinov məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bilib. O, sentyabrın 23-də hökmdən əvvəl son sözündə də hakimlərdən ona həbsə alternativ cəza verilməsini xahiş edib. Deyib ki, azadlıqda qalarsa, zərərçəkmişlərə dəyən ziyanı ödəməyə də imkanı olar, hissə-hissə ödəyər.

Lakin məhkəmə hesab edib ki, o, həbsdə saxlanmalıdır.

Ana səhifəXəbərlərFərid Abdinova hökm oxundu