Femisid: Fərqində ol və qarşısını al

Cəmiyyət, hətta polis sizin tərəfinizdə deyilsə, üstəlik qanunlar da kömək etmirsə, nə etməli?

Source: Specify Source
Femisid: Fərqində ol və qarşısını al

Cəmiyyət, hətta polis sizin tərəfinizdə deyilsə, üstəlik qanunlar da kömək etmirsə, nə etməli? Hələlik yalnız qadınlar özlərini nifrət çərçivəsində öldürülməkdən qoruya bilərlər – ekspertlər hesab edirlər.

Ötən ilin oktyabrında 3 uşaq anası Leyla Abdullayeva Bakıda uşaqlarının gözü qarşısında əri tərəfindən küçədə 20 bıçaq zərbəsi ilə öldürülüb. Anası Flora Mahmudova Meydan TV-yə deyib ki, 27 yaşlı Leyla Abdullayeva evli olduğu 7 il ərzində daima zorakılığa və təhqirlərə məruz qalsa da, ərinin şantajlarına görə bütün bunlara dözüb. Onun boşanmaq istədiyinə görə öldürüldüyü deyilir.

Elə həmin ay 36 yaşlı Cəvahir Əkbərova ərinin onun başına qantellə vurması nəticəsində ölüb.

Bir neçə il əvvəl 11-ci sinif şagirdi, 17 yaşlı Aytac Babayeva keçmiş sevgilisi tərəfindən onun sevgisini cavabsız qoyduğu üçün küçədə 8 bıçaq zərbəsi ilə öldürülüb.

Bu cür xəbərlər Azərbaycan mediasında hər gün, bəzi hallarda isə gündə bir neçə dəfə tirajlanır.

Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərəçəkənlərin 74.9 faizi qadın olub.

Təkcə ötən ilin oktyabrında ölkədə 12 qadın öldürülüb ki, onlardan 6-sının ölümü övladlarının gözü qarşısında olub.

Və bu hələ rəsmi rəqəmlərdir. İctimaiyyətə çatdırılmış hadisələrdir. Əslində isə, böyük şəkil daha acınacaqlıdır – ekspertlər bildirir.

Hər xəbər mediada işıqlandırılmır. Daxili İşlər Nazirliyinin kriminal xronikasında təəssüf ki, hər hadisə yer almır”, “Rasional İnkişaf Uğrunda”Qadın Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl deyir.

Lakin femisidlə, qadınların nifrət səbəbilə öldürülməsi ilə bağlı Azərbaycanda heç kim danışmır. Üstəlik, femisidin nə olduğunu da çox az adam bilir.

“Çünki qadındır”

Daha çox "qadınların və qızların gender əsaslı öldürülməsi" kimi təsnif olunan "qadın öldürmə"- femisid termini son 50 ildə geniş şöhrət qazanıb. Sözün müəllifi feminist Diana Russell bunu "qadın olduqları üçün kişilərin qadınları öldürməsi" olaraq təyin edir. O, "Feminizm" ifadəsini siyasiləşdirən və femisidal qanunların qəbul olunduğu bir çox ölkədə köklü hüquqi dəyişikliklərə nail olub.

Bu günə qədər femisidlə mübarizə aparmaq üçün 20 ölkənin statistikası ilə işləyən ümumi Avropa koalisiyası da var. ABŞ-da, Kanadada və Latın Amerikasında femisidi araşdıran və aradan qaldırmağa çalışan çoxsaylı təşkilatlar var. ABŞ-da və inkişaf etmiş Avropa ölkələrində qəbul edilən qadınlara qarşı zorakılıq haqqında qanunlarda həmişə "femisid" sözü olmur, lakin onlar olduqca sərtdir və qadınlara istənilən səviyyədə özlərini zorakılıqdan qorumağa imkan verir.

Untitled_Artwork 3.jpg
Qadın zorakılığı

Bəs, Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət necədir?

“Rasional İnkişaf Uğrunda” Qadın Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl deyir ki, femisid Azərbaycanda kifayət qədər geniş yayılmış hal olsa da, insanlar onun haqda qətiyyən məlumatlı deyillər.

“Ən yaxşı halda siyasi-ictimai qruplarda, təşkilatlarda, bu məsələ ilə maraqlanan və məşğul olan şəxslərdə femisidin nə olduğuna dair təsəvvür var. Hətta çoxu bu sözün hansısa dərman preparatı olduğunu ehtimal edir. 2017-ci ildə biz Azərbaycanda femisidin vəziyyətilə bağlı hesabat hazırladıq və elə həmin vaxt belə bir anlayışla qarşılaşdıq ki, azərbaycanlıların femisidlə bağlı heç bir təsəvvürləri yoxdur”, – Şəhla İsmayıl deyir.

Meydan TV-nin müxbirlərinin Bakı küçələrində keçirdikləri sorğu zamanı da heç kim femisidin nə olması ilə bağlı suala cavab verə bilməyib. Hətta çoxu bu sözün hansısa dərman preparatı olduğunu ehtimal edib.

Eyni zamanda, Azərbaycan BMT-nin Qadınlara qarşı Zorakılığa dair Qlobal Məlumat Bazasında 80-ci yeri tutur. Hesablamalar ölkədə 15 yaş və yuxarı olan qadınlara qarşı (partnyorlar tərəfindən törədilən) fiziki və ya cinsi zorakılıq hallarına əsaslanır.

2010-cu ildə Azərbaycanda 91, 2011-ci ildə 120, 2012-ci ildə 96, 2013-cü ildə 101, 2014-cü ildə 144, 2015-ci ildə 99 və 2016-cı ildə 110 qadın öldürülüb.

Bütün bu illər ərzində qadın zorakılığı zəminində törədilən qətllərin faizi ən azı 75 faiz olmuşdur, – Qadın Cəmiyyətinin 2017-ci ildə hazırladığı hesabatda deyilir.

Untitled_Artwork.jpg
Qadın zorakılığı

Necə müəyyən etmək olar?

Təcrübə göstərir ki, qadın cinayətinin qurbanları ən çox illərdir ərləri, partyorları, ataları, qardaşları tərəfindən zorakılığa məruz qalan qadınlardır.

"Ailədə qadının öldürülməsinin ani bir qərar olduğunu düşünmürəm və bunu əvvəlcədən də izah etmək olmur", – gender fəalı Gülnarə Mehdiyeva deyir – "İnanıram ki, bu, fiziki və psixoloji zorakılıqdan əvvəl son nöqtədir və son anda qurban özünü saxlaya bilmədikdə, bu, qətllə başa çatır", – o əlavə edir.

Qətlə yetirilən Leyla Məmmədovanın anası Flora Mahmudovanın Meydan TV-yə verdiyi məlumata görə, qızı evli olduğu 7 ildə ərinin davamlı mənəvi təzyiqinə məruz qalıb.

"Qızımı müayinə üçün həkimə aparanda əlinə bir kitab verdi ki, üzünü kitabın arxasında gizlətsin. Başını daima əyərək gəzmək məcburiyyətində qaldı. Qızım bütün bunları etdi, hər şeyə razı oldu”, – Flora Mahmudova deyir.

Gender aktivisti Gülnarə Mehdiyeva deyir ki, azərbaycanlı qadınlar özləri zorakılığın pis bir şey olduğundan xəbərsizdirlər, çünki onlara hələ uşaqlıqdan tamamilə başqa bir şey aşılanıb.

“Məsələn, “biri od olanda, biri su olmalıdır” kimi atalar sözü var- burada su həmişə qadın olmalıdır. Qadınlara həmişə zorakılığa susmaq, başıaşağı olmaq, itaətkar olmaq aşılanıb.

Gülnarə Mehdiyeva hesab edir ki, ilk öncə, doğrudan da, pis bir şeyin baş verdiyini anlamaq lazımdır. Sonra isə bu pis bir şeyə qarşı nə etməlidir, onu düşünməlidir”.

Bəzən zorakılıqla bağlı danışaraq, qadın öz qətlinin qarşısını ala bilər. Ancaq qadınlar bir çox hallarda susmağa üstünlük verirlər, çünki bir çox azərbaycanlılar üçün məhz qadınlar öz ölümlərinin “günahkarıdır”.

“Görünür, nəsə edib. Kişini o həddə çatdırıb, görünür nəsə səhv edib. Kiminləsə ünsiyyət qurub, görüşüb, kişini hirsləndirib. Qadın ölümlərində belə qəribə özünəhaqqazandırmalar mövcuddur”, – Gülnarə Mehdiyeva deyir.

Və bu cür bəhanələr təkcə cəmiyyətdə deyil, hüquq-mühafizə orqanlarında da səslənir.

Polis zorakıların tərəfindədir?

Hüquqşünas Samirə Ağayeva hesab edir ki, Azərbaycanda belə hadisələr əsasən “cəzasızlıqdan” doğur: “Məhz buna görə də belə ölümlərin sayında hər il artım müşahidə olunur”.

Gülnarə Mehdiyevanın sözlərinə görə, özünün müşahidə etdiyi bütün qadına qarşı zorakılıq hallarında polis cinayətkarı cəzalandırmaq əvəzinə “sülh yaradıcısı” vəzifəsində çıxış edib, daha doğrusu, qadının şikayətlərinə göz yumaraq, “qadına əri ilə barışmağı” təklif edib.

“Polis elə hesab edib ki, bu, adi şeydir və ayrılmaq və ya zorakını cəzalandırmaq üçün səbəb deyil. Zorakılığa haqq qazandıran şey kimi də kişinin qadının həyat yoldaşı, atası və ya başqa yaxını olması polisə kifayət edir. Yəni, ərindirsə, deməli, belə hallar baş verə bilər, atandırsa atana qarşı çıxa bilməzsən və sairə. Bu da qadını məyusluğa uğradır və məcbur edir ki, zorakı şəxsin yanına dönsün və zorakılığa dözməyə məcbur olsun”.

Aktivist hesab edir ki, Azərbaycanda şikayəti axıra çatdıra, məhkəməyə gətirə və cinayəti cəzalandıra bilmək üçün çox böyük mənəvi, fiziki və maddi qüvvə tələb edir, bu isə hər qadında yoxdur.

Hüquqşünas Samirə Ağayeva deyir ki, Azərbaycanda qadınlar polis orqanlarına müraciət etmək istəmirlər, hətta müraciət etsələr belə, ərizələrin əksəriyyəti geri götürülür.

Untitled_Artwork 1.jpg
Qadın zorakılığı

Boşanmalar xilas etmir…

Hətta boşanmaya ərizə verən və boşanan qadınlar ölüm riskini gözə alırlar.

Öldürülmüş Leyla Abdullayevanın anası Flora Mahmudova Meydan TV-yə danışır ki, onun qızını əri məhz boşanmağa ərizə verdiyi üçün öldürüb. Onun sözlərinə görə, Leyla bir neçə dəfə boşanmağa ərizə verməyə çalışsa da, işi sona çatdıra bilməmişdi. Ərinin də dediyi kimi, əgər boşanmağa getsə, o, arvadını və yaxınlarını öldürəcək. “Bax, o, ayrılıqdan ona görə qorxurdu”,- Flora Mahmudova deyir. Və nəhayət qızı son qərarını verib boşandıqda, keçmiş əri öz sözünü tutaraq, onu öldürür.

Bu il fevralın 1-də 37 yaşlı Bakı sakini Dilarə Zeynalova iki il öncə boşandığı keçmiş əri Ceyhun Bəhmənov tərəfindən çoxlu bıçaq yarası alıb.

O, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Onun keçmiş əri barəsində “adam öldürməyə təşəbbüs” maddəsi ilə cinayət işi açılıb və dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yaxınları bildirir ki, onun əri evli olduqları vaxtda Dilarəni çox aşağılayıb. Və sonda, 2018-ci ildə, o, nəhayət, buna son qoymağa qərar verir və boşanır. Lakin həyat yoldaşının təhdidlərindən canını qurtara bilmir. Yaxınları bildirir ki, Dilarə polisə dəfələrlə şikayət etsə də, onun şikayətlərinə baxılmayıb.

Femisiddə erkən nikahların nisbəti

2020-ci il yanvarın 29-da Masallının Xoşçobanlı kəndində 16 yaşlı Fatma Qəmbərova toyundan iki həftə sonra öldürülüb.

16 yaşlı qızın həyat yoldaşı həbs olunub və cinayəti etiraf edib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında deyilir ki, o, Fatmanı ailə münaqişəsi zamanı əlləri ilə boğub.

Azərbaycanda nikaha daxil olma yaşı 18-dir. Lakin erkən evliliklər xüsusilə Azərbaycanın inkişaf etməmiş bölgələrində kifayət qədər yayılmış haldır. O dərəcədə ki, artıq bir çox bölgələrdə adi qayda sayılır və yerli əhali tərəfindən “erkən” hesab edilmir. 18 yaşına çatmamış şəxslər qanuni nikaha daxil ola bilmədikləri üçün onlar üçün toyu “el adətinə görə” edirlər, nikah rəsmiləşdirilməsi olmadan və ya dini kəbin kəsirlər.

Bir çox hallarda femisid qurbanları məhz yetkinlik yaşına çatmamış evləndirilənlərdir. Bu, yəqin ki, ən həssas qrupdur. Bu qadınlar illərdir ərləri tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalsalar da, demək olar ki, heç vaxt yaxınları tərəfindən dəstək tapa bilmirlər. Özlərini necə müdafiə edə biləcəkləri və bu halda dövlətin onlar üçün nə etməli olduğu barədə kifayət qədər məlumatları yoxdur.

“Nə qədər belə hallarla rastlaşmışıq – yetkinlik yaşına çatmamış qızları ərə verirlər, nəsə dəhşətli bir şey baş verir, amma heç kim buna görə məsuliyyət daşımır – nə icraedici orqanlar, nə valideynlər, nə də hansısa digər strukturlar, – hüquqşünas Samirə Ağayeva deyir – Ailələrlə bu məsələlərlə bağlı işləyəcək strukturlar ümumiyyətlə yoxdur”.

Hamile_Leyla+.jpg
Qadın zorakılığı

“Heç kim bu barədə düşünmür, danışmır və danışmağı lazım bilmir”

Gender aktivisti Gülnarə Mehdiyeva deyir ki, iki-üç il əvvələdək qadın ölümləri ümumiyyətlə cəmiyyətin narahatlıq predmeti deyildi.

Onun sözlərinə görə, “heç kim bu barədə düşünmür, danışmır və danışmağı lazım bilmir”.

Lakin gender aktivisti hesab edir ki, son aylarda bu məsələnin aktuallaşmasının səbəbi Azərbaycanda qadın hərəkatının güclənməsi olub.

Ekspertlər və ictimai fəallar 2019-cu ili Azərbaycanda qadın hərəkatının aktivliyinin ən yüksək olduğu il hesab edirlər.

Ötən il həm də 8 Mart Beynəlxalq qadınlar günündə və 20 oktyabrda qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş yürüşlərlə yadda qalıb.

20 oktyabr etiraz aksiyası məhz son zamanlar qadın ölümlərinin artmasından sonra təşkil olunmuşdu.İlk dəfə idi ki, qadınlardan və az sayda olsa da kişilərdən ibarət qrup qadın hüquqlarını dəstəkləyən şüar və plakatlarla Bakının mərkəzində yürüş etdi. Onlar “zorakılığa dözmə”, “zorakılığa susma” şüarları qışqırırdılar. Aksiya iştirakçılarının bəyanatında deyilirdi ki, yürüş “son günlərdə artan qadın ölümlərinə, qadınlara qarşı məişət, fiziki və psixoloji zorakılığa, təzyiqə” etiraz olaraq keçirilir.

Bu il fevralın 1-də 37 yaşlı Bakı sakini Dilarə Zeynalova iki il öncə boşandığı keçmiş əri Ceyhun Bəhmənov tərəfindən çoxlu bıçaq yarası alıb.

O, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Onun keçmiş əri barəsində “adam öldürməyə təşəbbüs” maddəsi ilə cinayət işi açılıb və dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yaxınları bildirir ki, onun əri evli olduqları vaxtda Dilarəni çox aşağılayıb. Və sonda, 2018-ci ildə, o, nəhayət buna son qoymağa qərar verir və boşanır. Lakin həyat yoldaşının təhdidlərindən canını qurtara bilmir. Yaxınları bildirir ki, Dilarə polisə dəfələrlə şikayət etsə də, onun şikayətlərinə baxılmayıb.

“Qanunlar işləməlidir”

Samirə Ağayeva hesab edir ki, Azərbaycanda mövcud qanunvericilik bazası femisid və məişət zorakılığının qarşısını almaq üçün kifayətdir, lakin bu qanunların praktikada tətbiqi daha yaxşı şeyləri arzulamağa imkan verir.

“Əgər Azərbaycanda bütün qanunlar işləsəydi və beynəlxalq konvensiyalara uyğunlaşdırılsaydı, o zmaan əlbəttə ki, qadın ölümlərinin qarşısını almaq mümkün olardı. Sadəcə, bu qanunlar işləməlidir” – hüquqşünas deyir.

Azərbaycan 1995-ci ildən BMT-nin Qadınlara münasibətdə ayrıseçkiliyin ləğv edilməsi Komitəsinin (CEDAW) üzvüdür. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, hər dörd ildən bir gender əsaslı zorakılıqla bağlı bu qurum qarşısında hesabat verir. Azərbaycanla bağlı sonuncu dinləmələr 2015-ci il fevralın 18-də keçirilmişdi. Sonda Qadınlara münasibətdə ayrıseçkiliyin ləğv edilməsi Komitəsinin "Azərbaycanla bağlı Yekun Tövsiyələr və Müşahidələr" adlı paket sənədi qəbul edilib. Sənəddəki tövsiyələrdən biri İstanbul Konvensiyasına qoşulmaqla bağlıdır. 20 otyabr aksiyasının iştirakçıları həmçinin Azərbaycanın İstanbul Konvensiyası kimi tanınan “Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya”-nı imzalamasını tələb edirdilər.

Artıq oktyabrın 21-də Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirmişdi ki, qurum İstanbul Konvensiyasını imzalamaqla bağlı təkliflər paketi ilə hökumətə müraciət edib.

“Azərbaycan İstanbul Konvensiyasını ratifikasiya etsə, artıq qadınlar öz problemlərini beynəlxalq arenaya çıxara və öz hüquqlarını bəyan edə biləcəklər”, – Samirə Ağayeva deyir.

Azərbaycan hökuməti isə, konvensiyanın imzalanmasında “çox maraqlı” olduğunu desə də, hələ ki, onun ratifikasiyasına tələsmir.

İstanbul Konvensiyası kimi tanınan sənəd 2011-ci ildə Türkiyədə imzalanıb. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü artıq sənədi ratifikasiya edib. Onu ancaq Rusiya və Azərbaycan imzalamayıb, Bolqarıstan isə konvensiyanın öz konstitusiyasına uyğun olmadığını bildirib.

Cəmiyyətin səssiz qaldığı, qanunların isə qorumadığı vəziyyətdə qadınların xilasi ancaq onarın öz əllərinə buraxılır.

“Mən deyərdim ki, ilk növbədə qadınların özləri bu məsələyə münasibətlərini dəyişməlidirlər, – Şəhla İsmayıl deyir. – Onlar özləri maariflənməli, özləri formalaşmalıdırlar, onlar bütün maneələrə baxmayaraq mütləq təhsil almalıdırlar, çünki onlar təhsilsiz öz ayaqları üzərində möhkəm dayana, istər ailədə, istər işdə, istər cəmiyyətdə zorakılığa qarşı müqavimət göstərə bilməzlər”.



"Mediaset"in dəstəyi ilə

Ana səhifəSosialFemisid: Fərqində ol və qarşısını al