“Feministlər kişilərə qarşı yox, kişi hakimiyyətinə qarşıdır”

Bəs Azərbaycanda feminizm barədə maarifləndirmə işləri aparılırmı?

Source: youtube


Azərbaycanda feminismlə bağlı düşüncələr

Azərbaycanda feminizmlə bağlı təzadlı fikirlər var. Kimisə feminizmi dəstəkləyir, kimisə qarşı çıxır. Sosial şəbəkələrdə azərbaycanlı feministlərə qarşı aqressiv münasibətə tez-tez rast gəlirik. Eyni zamanda qadın hüquqlarının müdafiəsi üçün keçirilən aksiyaların sərt şəkildə dağıdılması ilə bağlı KİV-də çox sayda xəbər mövcuddur.

Bəs azərbaycanlılar üçün feminizm nə deməkdir? Azərbaycanlı feministlər hansı çətinliklər üzləşir

Feminist fəal Gülnara Mehdiyeva qeyd edir ki, feministlər vaxtaşırı təhqiramiz və hədə-qorxu məzmunlu mesajlar alırlar. Lakin istər hakimiyyət, istərsə də sadə vətəndaşlar tərəfindən gələn bu təhdidlər onu qorxutmur:

“Azərbaycan hakimiyyəti feministləri ictimai nüfuzdan salmaq məqsədilə mütəmadi şəkildə haker hücumları edir, şəxsi həyata dair məlumatları qanunsuz ələ keçirərək, onları ictimailəşdirir. Bəzi hallarda isə bu məlumatları saxtalaşdırır.

Bunlar daha çox feminist aktivistlərin mənəvi tükənməsi, psixoloji sarsılması, eləcə də onların cəmiyyət qarşısında nüfuzdan düşməsi üçün hesablanıb”.

“Düzgün addımları atdığımı, doğru şeyləri müdafiə etdiyimi bilmək bu çətinliklər qarşısında dayanmağa kömək edir”,- deyə o əlavə edir.

Yazıçı-publisist Günel Mövlud isə ölkədən kənarda olsa da, sosial media vasitəsilə tez-tez təhdid olunduğunu deyir.

“ Nələrlə üzləşmirəm ki? Söyüş, qarğış, hədə, ovladlarıma qarşı nifrət və qarğış nitqləri. Məni öldürmək, zorlamaq, bədbəxt etmək, daha nələr fantaziyası olanlar yüzlərlədir. Mesajların spam hissəsi dolu olur. Yaxşı ki, ölkədən uzaqdayam. Norveçə əlləri çatmır. Yoxsa güman ki, qapımın qarşısında səhərlər qarğa ölüsü də tapardım, nə bilim, başıma küçədə zibil də tökərdilər”.

Feminist aktivist Sənay Yağmur isə Azərbaycanda feminist olmağın siyasi müxalif olmaqdan daha çətin olduğunu deyir:

“Yəqin, bu, təkçə Azərbaycanda yox, bir çox konservativ ölkədə eyni cürdür. Çünki siz həm siyasi hakimiyyətlə, həm cəmiyyətin yanaşmaları ilə, həm də ailə təzyiqi ilə üz-üzə qalırsınız. Eyni anda bu qədər müxtəlif qruplarla mübarizə aparmaq isə heç də hər zaman asan olmur. Çünki bir digərinin vurduğu zərbəni, məsələn, hakimiyyətin feministlərə qarşı etdiyini cəmiyyət dəstəkləyir və hətta bəzən bunun daha ağır formada olmasını tələb edir”.

Feminist Aytac Ağazadə isə “Facebook” hesabına kiber hücum olunduğunu deyir:

““Facebook” hesabımı sındırmağa çalışdılar, ancaq təhlükəsizlik kifayət qədər güclü olduğu üçün bunu edə bilmədilər”.

“Mənim üçün ən çətini cəmiyyət tərəfindən başa düşülməməkdir. Yaxın bir dostum mənim aksiyalarda iştirak etməyimi qınadı və işlərimi mənasız hesab etdiyini dedi. Bu çox ağrılıdır”.

Azərbaycan cəmiyyətində feminizmlə bağlı yalnış bilgilər var. Bəs feminizm ailə dəyərlərinə ziddirmi?Feministlər düşünüldüyü kimi kişi düşmənləridirmi? Kişilərlə qadınlar ölkədə qadın haqlarını bərqarar etmək üçün necə həmrəy ola bilər?

Günel Mövlud bu sualları cavablandırarkən bildirib ki, feminizm hər şeyin, hər kəsin öz istəyi, öz seçimi olmasından yanadır:

“Sadə bir şey deyim. Çoxu mənə deyir ki, feministsənsə, niyə evdə yeməyi sən bişirirsən? Halbuki, feminizm demir ki, qadın ailəsi üçün yemək bişirməsin. Feminizm məişət işlərinin yalnız qadının boynuna öhdəlik kimi qoyulmasına, əməyin ədalətsiz bölünməsinə qarşıdır. Qadın evində oturub, uşaqlarına baxmağı, ərinin isə işləyib, qazanc gətirməyini seçirsə, bu normaldır. Amma kişi qadını zorla evdə otuzdurur, ancaq uşaqlara baxmağı tələb edirsə, bu, qadın haqqının pozulmasıdır, gender əsaslı zorakılıqdır. Feminizm 6 uşaqlı, evində oturan, işləməyən, amma özünü əzdirməyən qadını da normal qəbul edir, ömrüboyu subay gəzəni də, boşananı da”.

Sanay Yağmur isə düşünür ki, cəmiyyətdə mözvu ilə bağlı məlumatlılıq az olduğundan insanlar əsassız arqumentlər gətirir:

“Elə bunlardan ən məşhur olanı da “feministlər kişi düşmənidir” arqumentidir. Fürsət varkən çox qısa bir şəkildə demək istəyərdim ki, feministlər seksizimə, genderəsaslı ayrı-seçkiliyə, patriarxala qarşıdır. Bəziləri bütün bunları yenə “kişi düşməni” olaraq görürsə, bu, onların ədalətsiz və qeyri-bərabər sistemin parçası olduğunu göstərir”.

“Ailə dəyərləri məsələsinə gəldikdə isə əgər bizim ailə dəyərlərimiz partnyoruna fiziki, psixoloji, iqtisadi, cinsi zorakılıq törətmək, qadının əməyini istismar etmək, bütün hüquqlarını, qərar vermə imtiyazını, iradəsini və azadlığını əlindən almaqdırsa, əlbəttə, feminizm bizim ailə “dəyərlərinə” qarşıdır”, – deyə o əlavə edir.


Bəs Azərbaycanda siyasi hakimiyyətin feminizmə münasibəti necədir?

Gülnarə Mehdiyeva qeyd edir ki, siyasi hakimiyyət öz sütunlarını sarsıda biləcək fəaliyyətə heç bir halda yol vermək istəmir:

“Etiraz mədəniyyətinin formalaşması, vətəndaşın hökumətdən hər hansı hüququnu tələb etməsi gələcəkdə digər etiraz və tələblərə yol aça bilər. Odur ki, nəinki feministlər, heç bir siyasi və sosial qrupların aktivləşməsi hakimiyyətin marağında deyil və bunun qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edir”.

Sanay Yağmur dövlət qurumlarının tamamilə qanunsuz şəkildə feministlərə hücum etdiyini və aktivistlərin intim videolarının dövlət qurumlarının əlində “kompromat” olaraq istifadə edildiyini xatırladır:

“Nərmin Şahmarzadənin “Facebook” hesabına hücüm edildi. Onun hesabı hakimiyyət tərəfindən ələ keçirildi və intim səs yazıları və mesajları paylaşıldı. Bu tip hücum eyni ilə Vəfa Nağı və Gülnarə Mehdiyevaya da edilmişdi. Hətta tamamilə başqa bir qadının çılpaq şəkilini Gülnarə Mehdiyeva olduğunu iddia edərək paylaşmışdılar. Yəqin hakimiyyət düşünür ki, bu tip paylaşımlarla fəallara təzyiq edir. Lakin bu tip materiallar feministlər üçün kompromat deyil. İnsanların şəxsi həyatı müzakirə mövzusu olmamalıdır və dövlət qurumları tərəfindən edilən bu qanunsuzluğun nəticəsində utanmalı olanlar da feministlər olmamalıdır”,- deyə aktivist əlavə edir.

image_from_ios.jpg
Gülnarə Mehdiyeva


Azərbaycanda feminizmin gələcəyi necə olacaq?

Ölkədə kifayət qədər kişi feminist varmı, yoxsa əksinə feministlər daha çox onların hücumuna məruz qalır?

Günel Mövlud qeyd edir ki, Azərbaycanda feminizmin adı gələndə belə qorxan insanlar var:

“Cinsin fərqi yoxdur, böyük çoxluq belədir. Kişilər isə, ümumiyyətlə, feminizmi düşmən bir ideologiya kimi görürlər.

Çünki feminizm pulsuz işlətdikləri “dayə”ləri, “qulluqçuları”, “aşpazları”, “qabuyanları” onların əlindən alacaq. Bir “ərli qadın” statusuna satın aldıqları, gündə yüz dəfə başına qaxaraq, bir tikə çörək müqabilində qul kimi işlətdikləri, xəyanət etdikləri, alçaltdıqları, döydükləri qadınları onların zülmündən qurtaracaq. Niyə feminizmi yaxşı bir şey kimi qəbul etsinlər ki?!” , – deyə o əlavə edir.

Aktivist Aytac Ağazadə isə qeyd edir ki, Azərbaycanda feminizmin tam şəkildə anlaşılması üçün uzun illər lazımdır:

“Kişi feministlər, təbii ki, var. Lakin o qədər azdırlar ki, demək olar, hər birini adı, üzü ilə tanıyırıq. Hücuma məruz qalmağımızı cins ilə ayıra bilmirəm. Kişilər əksəriyyət təşkil etsə də, təhqir edənlər arasında qadınlar da az deyil”.

Gülnarə Mehdiyeva qeyd edir ki, feminizm kişilərlə deyil, kişi hakimiyyəti ilə mübarizə aparır. Feminizm qadın haqları uğrunda yaranmış bir hərəkat olsa da, 3-cü dalğa digər həssas qrupların, həmçinin LGBTQ+ların da hüquqlarını öz mübarizəsinə daxil edib:

“Kişilərlə qadınların müttəfiq ola bilməsində vacib məsələ bir şeyi dəqiq bilməkdir: qadınlar rifah içində yaşamayacağı müddətdə ölkənin digər fərdlərinin də xoşbəxtliyi mümkün deyil. Qadınların problemləri yalnız qadınlara aid məsələ deyil. İnterseksional feminizm vurğulayır ki, qadın haqları irqçilik, habelə miqrantlara, əlilliyi olanlara və digər sosial qruplara qarşı ayrı-seçkiliklə də sıx bağlıdır və birgə nəzərdən keçirilməlidir. Ona görə də bu mübarizədə hər kəs həmrəy ola bilmək üçün özünə motivasiya tapa bilər”.


Azərbaycanda qadın və uşaq haqlarıyla bağlı nəyi dəyişdirmək istəyərdiniz?

Bu sualı cavablandırarkən Gülnarə Mehdiyeva qeyd edir ki, İstanbul Konvensiyası imzalanmalı və lazımi qaydada tətbiq edilməlidir. “Çünki bu konvensiya qadınlarla yanaşı, uşaqları da qoruyur. Lakin mən hesab etmirəm ki, ölkədə mövcud olan sistem özü dəyişmədən, hər hansı qanunun təkbaşına varlığı insanların rifahina təsir edə bilər”,- deyə o qeyd edir.

“Çox istəyərdim ki, qadının da, uşağın da evdə zorakılıq görəndə getməyə normal yeri olsun. Bütün dövlət strukturları onları dəstəkləsin. İşləməyən, uşağı ilə tək yaşayan qadının sosial təminatı olsun ki, heç bir qoluzorluya möhtac qalmasın. Doğrudur, bəzən kifayət qədər maddi təminatı olan qadınlar da zorakılığa məruz qalır. Amma böyük çoxluqda qadının döyüldüyü evdən gedə bilməməsinin, uşağının gözü qabağında işgəncə görməsinin səbəbi yoxsulluqdur. Təbii ki, mentalitetdən gələn problemlər çoxdur, onların da dəyişməsini istərdim” – G.Mövlud belə düşünür.

image_from_ios (2).jpg
Günel Mövlud


Ölkədə feministlər tez-tez aksiya keçirir. Bəs bu aksiyalar kifayətdirmi?

Məişət zorakılığının, zorlama və intiharların qarşısını almaq feministlərin məsuliyyətində olmadığını deyən Gülnarə Mehdiyeva əlavə edir ki, bu halların dayandırılmasını siyasi hakimiyyətdən, bu işə görə məsul olan, səlahiyyət sahibi olan müvafiq qurumlardan tələb edirlər:

“Bizim gücümüz, vəzifəmiz və ya resurslarımız yoxdur. Biz tələblərimizi ifadə etmək üçün konstitusion hüququmuz olan sərbəst toplaşma və etiraz azadlığımızı istifadə edirik. Amma siyasi hakimiyyətin xalqla hesablaşması üçün yəqin ki, insanlarda siyasi şüur oyanmalıdır. Onlar vəzifəlilərin məhz bizim vergilərimizlə maaş aldığını və buna görə də bizi daha yaxşı yaşatmaq öhdəliklərinin olduğunu başa düşməlidirlər və tələb etməyi öyrənməlidirlər”.

Sanay Yağmur isə düşünür ki, yürüş, aksiya kimi etirazlar əslində, problemin həll üçün müəyyən hallarda faydalı olur. Bu tip etirazların fokusu adətən dövlətin diqqətini çəkmək və öhdəliklərini xatırlatmaq, yerinə yetirməsini tələb etmək, cəmiyyətdə problemlə bağlı müzakirələr yaratmaq, problemi gündəmdə saxlamaq olur:

“Lakin sözsüz ki, baş verən zorakılıqların, cinayətlərin və intiharların qarşısını almağın tək yol deyil. Mütləq şəkildə insanlarla işlənməli, onlardaki məlumatlılığı artırmalıyıq. Onu da deyim ki, Azərbaycan kimi avtaritar rejimlərdə fərdlər, qruplaşmalar və hərakatlar köklü dəyişiklik etmək iqtidarında olmur. Məsələn, feministlər hər təhlükədə olan qadına çata və ona kömək göstərə bilmir. Hətta çatsa belə, ona dəstək olması olduqca çətin olur. Çünki bunun üçün qanunlara riayət edən hüquq-mühafizə orqanları, lazım olan sığınacaqlar yoxdur”, – deyə S.Yağmur bildirir.

Azərbaycanda bütün çətinliklərə baxmayaraq feminist qadınlar öz işlərini davam etdirir. Bəs Azərbaycanda feminizm barədə maarifləndirmə işləri aparılırmı?

Gülnarə Mehdiyeva bildirir ki, bir qrup feminist qadınla sosial şəbəkələrdə "Fem-Utopia" adlı Azərbaycanın ilk feminist platformasını yaradıb və “Bizimdir hürr küçələr" adlı feminist marşının klipi yayımlanıb. Bu platforma maarifləndirmə məqsədi daşıyır.

“Bu platforma COVİD-19 pandemiyasına cavab olaraq, 2020-ci ilin may ayında yaradılıb. Biz kütləvi tədbirlərin, görüş və seminarların keçirilə bilməyəcəyini nəzərə alıb, fəaliyyətimizi onlayn platformaya keçirməyi qərara aldıq. "Fem-Utopia" Azərbaycan dilində feminist məzmunlu videokontentin yaradılmasını, aznetdə feminizmə həsr olunmuş materialların zənginləşdirilməsini hədəf alır və ölkədə ilk belə layihədir”.

“Bizimdir hürr küçələr” mahnısını şərh edən G.Mehdiyeva qeyd edir ki, bu mahnı feminist mübarizəni əks etdirir və ölkədə qadınların üzləşdiyi çətinlikləri göstərir, eyni zamanda onlara birləşərək, patriarxata qarşı savaşmaq üçün çağırış edir.

“Ona görə də mahnı bizim üçün olduqca önəmli idi və biz onu öz marşımız kimi görürük” deyə o əlavə edir.

Feminist aktivist Aytac Ağazadə "Fem Utopia" layihəsinin həmtəsisçilərindən biridir. O, hazırda layihə üçün videolar hazırlayır: “Layihənin yaradılmasında məqsəd insanlara sadə dillə feminizmlə bağlı məlumat vermək, müəyyən fikirlər aşılamaqdır. Biz insanların qadın problemləri üzərində düşünməsini istəyirik. Bu layihə əvvəllər xəyal məhsulu idi. Biz sıfırdan bu layihəni qurduq. Əvvəllər videolarımıza az bəyənmə gəlirdi, indi bəzən bu say 5000-i keçir. Bu, bizim üçün kiçik kimi görünsə də, böyük nailiyyətdir. Tanımadığımız insanlar şərh və mesaj yazır, dəstək verir. Bu, möhtəşəm bir şeydir”.

Mahnının sözlərinin müəllifi Günel Mövlud isə mahnının necə ərsəyə gəldiyini belə anladır:

“Bizim bir "Facebook" qrupumuz vardı, bir gün orda belə bir təklif oldu ki, Azərbaycan feministərinin himni yazaq. Mətn də, müsiqi də, ifaçı da qadın olsun. Belə bir təklif məni o dəqiqə ilhamlandırdı. Əslində, heç vaxt sifariş, təklif və ya belə şeylərə görə şeir yazmamışam. Amma bu fikir mənə çox ilham verdi. Bir saatın içində bu şeir ərsəyə gəldi. Gündəlik dilimzdə işlənməyən, amma olduqca yaraşan “Hürr” ifadəsi də beləliklə dillərə düşdü.

Ana səhifəSosial“Feministlər kişilərə qarşı yox, kişi hakimiyyətinə qarşıdır”