O, namizədliyini müstəqil şəkildə irəli sürdüyünü deyib
Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev də 7 fevral növbədənkənar Prezident seçkisində namizədliyini irəli sürüb.
Bu barədə dekabrın 18-də Fuad Əliyev özü Meydan TV-yə məlumat verib.
O deyib ki, seçkiyə müstəqil şəkildə qatılır, Müstəqil Həmkarlar Birliyinin sədri kimi yox.
Fuad Əliyevin seçkidə nümayəndəsi Xəzər Teyyubludur.
Fuad Əliyev siyasi fəaliyyətə 1997-ci ildən başlayıb.
O, əvvəlcə Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub.
1999-cu il yanvarın 30-da Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) təsis konfransında sədrin I müavini seçilib.
2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında sədr seçilib.
2023-cü ilin aprelin 1-də “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra partiya fəaliyyətini dayandırıb.
Fuad Əliyev 2008-ci il Prezident seçkilərində iştirak edib və 0,77 faiz (28,423) səs toplamaqla altıncı yeri tutub.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev və Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev namizədliklərini irəli sürüblər.
AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıb.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.