Fazil Talıblı: İsmayıllı sakinlərinin müraciətləri araşdırıldı

İsmayıllı sakini: “Nazirlik “məşğulluq” adı ilə bizə xəstə heyvan verib”


Mətbuat xidmətinin rəhbəri şikayətçilərlə bağlı videomateriala şərh yazıb

İsmayıllıda yaşayan Qarabağ müharibəsi veteranları dekabrın 19-da Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutublar. Rayonun Ərəkit kənd sakinləri Dövlət Məşğulluq Xidmətindən onlara verilən mal-qaranın xəstə olmasından şikayətlənirlər.

“Haqqını tələb edənə müxalifətçi deyirlər. Mən nə heydərçiyəm, nə ilhamçıyam, nə əliçiyəm, nə vəliçiyəm. Mən Qarabağ qazisiyəm. Mən bu torpaq uğrunda əlil olmuşam. Bu gün övladımın yataqxana xərcini ödəyə bilmirəm. Nə üçün belə yaşamalıyam? Mehriban xanım deyir ki, bütün Qarabağ qaziləri mənim qardaşlarımdır. Mehriban xanım, ildə 2-3 dəfəLahıcda olursan, bizimlə də maraqlan. Nazir Sahil Babayev bizi Məşğulluğa yönəldib. Bİlinmir layihədə nə qədər puldur, bizim üçün 500 manatlıq iki inək verirlər. Heç nə, apar tulla”- şikayətçi Nasur Məmmədov deyir.

Digər şikayətçi Əlisəfa Əzizov isə deyir ki, maşın növbəsinə durub və ona növbə vaxtının keçdiyini deyirlər:

“Sahibkarlıqla məşğul olmaq üçün mal verməlidirlər. Elə mal verirlər ki, cərimədir, qazanc deyil. Xəstə heyvanları verirlər, onu evimizə aparsaq, uşaqlarımız da qırılar. Dövlətin bizə qayğısı budur”.

Dərdlərinə çarə tapmaq üçüb kənddən paytaxta yol alan vətəndaşlar nazir Sahib Babayevlə görüşmək istəyib. Dövlət qurumundan isə nazirin burada olmadığı deyilib.

Qarabağ müharibəsi əlilləri, həmçinin, qanunvericilikdə onlar üçün nəzərdə tutulan ev və maşınla da təmin edilmədiklərini deyirlər.

ƏƏSMN-dən Meydan TV-nin sualını cavablandırmasalar da, material yayımlandıqdan sonra qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Facebook” səhifəsində şərh yazıb. Meydan TV-nin rəsmi səhifəsində yazdığı şərhində F.Talıbli bildirir:

“İsmayıllı rayonu Ərəkit kəndindən müraciət edən vətəndaşlar Nasur Məmmədov, Şöhvət Baxışov və Əlisahib Əzizovun müraciətləri araşdırıldı.

Araşdırma nəticəsində müəyyən edilib ki, Nasur Məmmədov 2011-ci ildə dövlət hesabına maşınla və 2007-ci ildə mənzillə təmin edilib. Eyni zamanda vətəndaşa 8 dəfə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilmiş, lakin vətəndaş imtina etmişdir.

Əlisahib Əzizov 1999-cu ildə avtomobillə və 2003-cu ildə İsmayıllı raonunda 18 mənzilli yaşayış binasında mənzillə təmin edilib. Özünüməşğulluq proqramına həyat yoldaşı Nübar Əzizova cəlb edilmişdir. Proqram çərçivəsində 5 dəfə aktivlər təqdim edilsə də, vətəndaş qəbul etməkdən imtina etmişdir.

Şöhvət Baxışova da özünüməşğulluq proqramı çərçivəsində 5 dəfə aktivlər təqdim edilsə də, vətəndaş qəbul etməkdən imtina etmişdir”.

Ana səhifəVideoFazil Talıblı: İsmayıllı sakinlərinin müraciətləri araşdırıldı