“Aclıq aksiyası edən Fazil Qasımova tibbi müayinə göstərilmir”

Fazil Qasımov. Foto: Meydan TV

Fazil Qasımov 27 gündür aclıq aksiyası edir

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımovun səhhətində problem yaranıb.

Bu barədə Meydan TV-yə onun qardaşı Nazim Qasımov məlumat verib.

“Fazil 27 gündür ki, aclıq edir. Aclıq etdiyinə görə də 15 gündür karserdə (cərimə otağı) saxlanılır. Onun səhhətində ciddi problemlər yaranıb. Böyrəklərində ağrılar başlayıb, vəziyyəti ağırdır. Tez-tez gözlərinin qaraldığını deyir. Sonuncu dəfə məhkəməyə gələndə ayaq üstündə dayana bilmirdi. Həkim istəyib, həkim də gəlib, ancaq təzyiqini ölçüb. Başqa heç nə etməyib”, – iqtisadçının qardaşı bildirib.

Fazil Qasımov Penitensiar Xidmətin Umbakı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində onun növbəti məhkəmə prosesi keçiriləcək.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

O, həbsinə etiraz olaraq artıq ikinci dəfədir ki, aclıq edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən ev dustaqlığına buraxılıb.

Ana səhifəXəbərlər“Aclıq aksiyası edən Fazil Qasımova tibbi müayinə göstərilmir”